Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:50

«İnternetin düşmənləri»


Bu ölkələrin demək olar ki, hamısında internet daha çox daxili şəbəkə kimi fəaliyyət göstərir
Bu ölkələrin demək olar ki, hamısında internet daha çox daxili şəbəkə kimi fəaliyyət göstərir
Dünyada internetə senzura tətbiq edən və virtual məkanı nəzarətdə saxlamağa imkan verəcək qanunlar qəbul edən 20-yə yaxın ölkə var. Bu ölkələr davamlı olaraq ABŞ Dövlət Departamenti və müxtəlif qeyri-hökumət təşkilatlarının hesablatlarında tənqid olunur.

«İNTERNETİN DÜŞMƏNLƏRİ»


«Sərhədsiz Reportyorlar» təşkilatı isə hər il dünyada «internetin düşmənləri»nin siyahısını dərc edir. 2008-ci ildə bu siyahıya 12 ölkə daxil edilib. «İnternetin düşmənləri»
Birma, Çin, Kuba, Misir, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Suriya, Tunis, Türkmənistan, Özbəkistan və Vyetnamdır.

Bu ölkələrin demək olar ki, hamısında internet daha çox intranet, yəni daxili şəbəkə kimi fəaliyyət göstərir. Yəni istifadəçilər ancaq dövlət qurumları tərəfindən seçilən informasiyanı ala bilirlər. İstifadəçilərin şəxsi məlumat paylaşması da məhdudlaşdırılır və nəzarətdə saxlanılır.

«İnternetin düşmənləri» siyahısına düşən ölkələrdən bir çoxunda dövlətin icazə vermədiyi informasiyanı almaq və ya yaymağa görə cinayət məsuliyyəti, bəzi hallaqda isə hətta ölüm hökmü cəzası qüvvədədir. Məsələn, İranda ölkənin dini, siyasi, mənəvi dəyərlərinə qarşı yönələn saytların yaradılmasına görə edam cəzası var.

Bu 12 ölkədə dövlət internet məlumatın məzmununa müdaxilə etməklə yanaşı, internetin istifadə qiymətini yetərincə baha saxlamaqla da onun hamı üçün çatımlı olmasını əngəlləyir. Məsələn, Kubada orta aylıq əməkhaqqı 13 avro olsa da, internetdən istifadənin 1 saatının qiyməti 1.3 avrodur.

DAHA 12 ÖLKƏ İSƏ MƏHDUDİYYƏTLƏR YARATDIĞINA GÖRƏ TƏNQİD OLUNUR

«İnternetin düşmənləri» siyahısına düşməyən daha 12 ölkə isə tez-tez internetlə bağlı müəyyən məhdudiyyətlərə cəhd etdiyi və ya internetə nəzarət imkanı verən qanunvericilik bazası yaratdığına görə tənqid olunurlar.

Cənubi Koreya, Avstraliya, Bəhreyn, Belarus, Eritreya, Malayziya, Şri Lanka, Tailand, Birləşmiş Ərəb Əmirliyi, Yəmən və Zimbabve kimi ölkələrdə internetdə bəzi siyasi, dini və ya başqa dəyərlərə qarşı məlumatların yayılmasına görə istifadəçilər cərimələnə bilir.

Qərb ölkələrinin əksəriyyətində internetə nəzarət funksiyalarını həyata keçirən birbaşa qurum yoxdur. İstisna hallarda, o da ancaq müəllif hüquqlarının qorunması və şəxsi həyata müdaxilənin qarşısını almaq məqsədilə hansısa işlər məhkəmələrdə həll olunur.

Ancaq Avropa Birliyində indi internetdə yerləşdirilən məlumatların müəllif hüququna təminat verilməməsinə imkan verəcək qanunların qəbulu haqqında da fikirlər səsləndirilir.

Avropa Birliyi, ABŞ, Kanada, Yaponiya kimi ölkələrdə internetlə bağlı senzuranın tətbiqi, yazışmaların izlənməsi vətəndaşların söz, ifadə, informasiya azadlığını və şəxsi azadlıqlarını məhdudlaşdırdığı üçün qadağan olunur. Hətta xüsusi xidmət orqanlarına da məhkəmənin qərarı olmadan bu cür informasiyaları əldə etməyə icazə verilmir.
XS
SM
MD
LG