Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 00:56

Britaniya mətbuatı Azərbaycan-Uels oyunu haqda


GUARDİAN

Özünün on-line versiyasında yazır ki, Azərbaycan komandası qapıçı Fərhad Vəliyevin səhvi ucbatından birinci qolu yeyəndən sonra hesabı bərabərləşdirmək üçün irəli atılsa da, heç bir real qol vəziyyəti yarada bilməyib.

“Dünya yığmalarının dünya sıralamasında 142-ci yeri tutan Azərbaycan millisi üzərində qələbə çətin ki triumf sayıla”. Bunu isə Britaniyanın ən böyük bulvar qəzeti olan

THE DAİLY MİRROR

yazır, daha dəqiqi onun on-line buraxılışı olan mirror.co.uk. “Amma Toşak öz gənc komandasının inadcıl azəri oğlanları üstələməsini izlədiyi bir vaxtda bu gecə müyyən mənada sakit optimizm üçün əsas da ola bilərdi. Uelsli uşaqlar Şərqi Avropadan olan öcəşkən oğlanları ipə-sapa yatızdıra bildilər”. Mirror.co.uk azərbaycanlı futbolçuların aqressiv oynadığını yazır.

“Uelsli uşaqlar bəzən qəddar davranışa dözməli olurdular, amma sonda başlarını dik tutmağı bacardılar.

“Şükür ki, Bakinin nəfəs kəsən istisini oyun başlamazdan əvvəl sərin meh əvəzlədi. Bu şəraitdə oynamaq xeyli rahat oldu”.

Məqalədə deyilir ki, əslində Uels yığmasının dünya çempionatının final mərhələsinə çıxmaq arzularının çin olmasına çox az ümid var və Bakıdakı oyun orta yaş həddi 21 olan Uels komandası üçün 2012-ci ilin Avropa çempionatının qrup oyunlarına hazırlıq da sayıla bilərdi. Toşakın meydana çıxardığı komanda indiyəcən bu səviyyədə yarışalara çıxarılan ən gənc heyət idi.

“Amma Uelsin acınacaqlı göstəricilərinə görə tənqidlərə dözməli olan Toşakın vəziyyəti azərilərin alman məşqçisi Berti Foqstun üzləşdiyi kobud rəftarın yanında toya getməli idi.

Məqalədə deyilir ki, Foqstun komandası oyuna qrup hesabında cəmi bir xalla çıxmışdı və ilk qolunu vurmağa çalışırdı. Foqst oyundan qabaq azarkeşlərin rişxəndlərinə məruz qalmışdı. Artıq ona vəzifəsinin təhlükə altında olduğunu da xatırlatmışdılar. “Bəlkə də azərilərin kobud oyununu bununla izah etmək olardı”.

Mirror.co.uk uelslilərin yaxşı oyun göstərdiklərini, amma bəzən azərilərin öz hücumlarını absurd sonluqla bitirmələrinin də bu qələbəyə kömək etdiyini yazır.
“Onların qol vurmaqda niyə belə zəif olduqlarını anlamaq çətin deyildi”.

BBC

42-ci dəqiqədə Azərbaycan komandasının qapısında qol keçirən yarımmüdafiəçi Deyv Edvardsın açıqlamasına yer verib. “Azərbaycan çox aqressiv idi və bu, bizim kimi gənc oyunçular üçün evdən çox uzaqlarda keçən bir oyun idi”.

Edvards deyib ki, birinci hissə onlar üçün çox yaxşı keçdi, amma ikinci hissədə “biz çox yaxşı Azərbaycan komandası ilə üz-üzə idik. Sonda üç xal qazana bildik, bu, Almaniya və Finlandiya ilə məyusedici nəticələrdən sonra bizi çox ruhlandırdı”.

Yarımmüdafiəçi deyib ki, bu oyunla azarkeşlərinə və ölkələrinə ümid bəxş ediblər. O inanır ki, günlərin bir günü dünya çempionatının final mərhələsinə çıxa biləcəklər.

MORNING STAR

“Ola bilər ki, Azərbaycan güclü komanda deyil, amma onlar fiziki cəhətdən möhkəm, təcrübəli və sərt idilər. Bununla belə Toşakın gənc komandası onları üstələmək işinin öhdəsindən gəldi”.

Qəzet isveçli hakim Stromberqsonun Azərbaycan komandasıyla çox yumşaq davrandığını da qeyd edir.

WALES ON-LINE

uelslilərin baş məşqçisi Toşakın söylədiklərindən sitat gətirir. Toşak azərilərin aqressiv oynadıqlarını deyib. “Onların bizi hədəfə alacağını gözləyirdik. Çünki bizə qarşı oyunda qələbə şanslarının olduğunu düşünürdülər. Mən onları ittiham edə bilmərəm, çünki onlar qrupdakı 4-cü yerə can atırdılar”.
XS
SM
MD
LG