Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:30

«Orda göyə baxanda Allahı görürdüm»


Mirzə Sakit və Aqil Xəlil, Oslo şəhəri
Mirzə Sakit və Aqil Xəlil, Oslo şəhəri
«Orda hər dəqiqə göyə baxanda Allahı görürdüm. Allahın gözəgörünməz olduğu deyilsə də…»

«Azadlıq» radiosunun «İşdən sonra» proqramının bugünkü qonağı, «Azadlıq» qəzetinin əməkdaşı, yenicə Norveçdən qayıdan Mirzə Sakit belə deyir. Onunla yanaşı proqramın qonağı «Bizim yol» qəzetinin əməkdaşı Natiq Cavadlıydı. «Azadlıq» qəzeti və Natiq Cavadlı Norveçin və Almaniyanın «Azad söz» Fondlarının mükafatını alıblar.

Mükafat haqda az sonra. Hələliksə Mirzə Sakitin gülə-gülə bölüşdüyü Norveç təəssüratları:

«Norveçdə yaxşı yeyib-içdik, yaxşı əyləndik, yaxşı gəzdik. Həbsdə olduğum vaxt belə bir mühitdə olmağı arzulayırdım. Biz azad insan olsaq da, azad ölkədə yaşamırıq, amma orda bir neçə gün də olsa, azad ölkədə azad insan kimi yaşadıq. Orda hər dəqiqə göyə baxanda Allahı görürdüm. Allahın gözəgörünməz olduğu deyilsə də. Göydə Allahın simasını görürdüm. Nəyə görə? Çünki cəmiyyət özü allahlıdır. Cəmiyyətlə yanaşı hakimiyyət, hakim dairələr allahlıdır. Buna görə də Allahın bütün nəzəri onların üstündədir».

«Bizim yol» qəzetinin əməkdaşı Natiq Cavadlının müşahidələri isə belədir:

«Əsəbsiz, stressiz bir cəmiyyət gördüm. Cəmi bir dəfə maşın siqnalı eşitdim küçədə, sürücü asiyalı idi. Görünür, cəmiyyətə alışmayıb. İnsanlar orda çox azaddır, məhdudiyyət yoxdur, orda sərbəst şəkildə Kral bağında gəzişirdik. Amma biz Azərbaycanda parlamentin qarşısında dura bilmirik… Osloda gördüyüm yaşıllıq məni təəccübləndirdi. Orda mən hasar görmədim. Mən şəhərdə baş nazirin, nə də başqa rəhbərin şəklini görmədim. Təəccüblənməyəsən, neyləyəsən?!»

Natiq Cavadlı deyir ki, Azərbaycan mətbuatı ilə bağlı avropalı həmkarlarında yetərincə, arzuolunan səviyyədə məlumat yoxdur.

«Rusiyalı jurnalist Zoya Svetova dedi ki, utancverici haldır ki, biz Azərbaycandan məlumatsızıq. Rusiyalı həmkarlarımız bir bunu deyirdilər ki, fərqimiz budur ki, bizdə jurnalisti öldürürlər, sizdə həbs edirlər. Belorusda isə vəziyyət bizdən fərqlidir, Azərbaycandakı qədər kəskin deyil. Məsələn, orda vicdan məhbusu statusu alan jurnalist azad edilir. Amma bizdə Eynulla Fətullayev vicdan məhbusu saylısa da, həbsdədir.
Şahvələd Çobanoğlu, Azər Əhmədov, Natiq Cavadlı və Emin Fətullayev Osloda
Azərbaycan bu baxımdan onlar üçün istisnadır. Həmkarlarımız Azərbaycandakı duruma heyrətlənirdilər, deyirdilər ki, belə bir rejimlə necə üz-üzə durmusuz».

O ki qaldı, «Şərqi Avropanın azad mətbuatı» mükafatının məbləğinə, Natiq Cavadlı fond tərəfindən 10 min avro, «Azadlıq» qəzeti 30 min avro həcmində mükafatlandırılıb.

Natiq Cavadlı deyir ki, aldığı 10 min avronu özünün və ailə üzvlərinin müalicəsinə sərf edəcək. Bir də… yığılmış borclarını qaytaracaq və ingilis dilini öyrənməyə çalışacaq.

«Azadlıq» qəzeti isə pulla bağlı birgə qərar verəcək. Mirzə Sakit belə deyir:
«Kollektiv qərar verəcək».

Amma Mirzə Sakit də imkan düşsə, dil öyrənməyə çalışacaq.

O ki qaldı, Norveç təəssüratlarını bölüşüb qurtara bilməyən həmkarlarımın ağlından orda qalmaq keçibmi sualına, Mirzə Sakit deyir ki, istərdi, amma…

«Kim istəməz Norveç kimi azad ölkədə qalmasın. Amma mənim uşaqlarım böyükdür, qala bilmərəm. Özü də qız uşaqlarıdır. Yenə oğlan uşaqları olsa, aparıb gedərdim…. Getmək çətindir. Adama ağır gələr dalınca desinlər ki, müxalifətin dar günündə qaçdı getdi».

Natiq Cavadlı isə deyir ki, qalmağa imkan olub.
«Amma orda qalmağımız eyib sayılardı. Həmkarlarımız burda müqavimət göstərib, mübarizə apardığı vaxtda, biz də orda qalaq?..»
XS
SM
MD
LG