Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:39

Dönər satışı mərkəzləri hansı şəraitdə işləyir?


Bakıda dönərxana
Bakıda dönərxana
Bakı sakinlərinin, ən çox da tələbələrin gündəlik qidasına daxil olan ucuz yeməklərdən biri dönərdir. Elə çox adam da ucuz başa gələn, yol kənarında satılan müxtəlif növ dönərlərə üstünlük verirlər. Çoxları bu ayaqüstü yeməyin gigiyenik normalara cavab verib-verməməsi fərqində deyil. Ötən il Bakıda dönərdən kütləvi zəhərlənmə halı da qeydə alınmışdı.

Bəs isti yay mövsümündə dönər satışı mərkəzləri hansı şəraitdə fəaliyyət göstərirlər?

«TƏMİZ MAL ƏTİDİR, «SVEJİDİR»

Bunu aydınlaşdırmaq üçün metronun «Nizami» stansiyası yaxınlığındakı dönərxanalara baş çəkdik. Həmin ərazidə xeyli dönər satışı mərkəzi var. Onların təklif etdiyi dönərlərin keyfiyyəti də qiymətlərinə görə müxtəlifdir. Baş çəkdiyimiz ilk dönərxana «Köz dönər» kafesi oldu. Burada ayaqüstdə verilən dönərin qiyməti 1 manat 20 qəpikdir. Satıcı Qulamhüseyn deyir ki, onun satdığı dönərlər mal ətindən hazırlanır:

«Təmiz mal ətidir, «svejidir», hər gün özümüz kəsib gətiririk».

Satıcı dönərin hazırlanmasında istifadə olunan mal ətinin fermada kəsildiyini bildirir:

«Ət də «Təzə bazar» dan gətirilir, tez-tez kəsildiyi üçün soyuducularda saxlamağa ehtiyac qalmır».

Orada olduğumuz müddətdə dönərxananın qarşısında xeyli sayda alıcı növbə gözləyirdi. Onların da aldıqları dönərin keyfiyyətindən razı olub-olmadıqlarını öyrənmək istədik. Adını söyləməyən bir alıcı hələ dadına baxmadığı dönərin qiymətindən razıdır, amma onun keyfiyyətindən xəbərdar deyil:

«Qiymətindən razıyam, amma hələ yeməmişəm, gərək yeyim dadına baxım».

«ÜÇ DƏNƏ KAĞIZ VAR, ONLARIN DA HAMISINI ALMIŞIQ»

Metronun həmin stansiyasının yaxınlığında yerləşən başqa bir dönərxanaya da üz tutduq. Buranın nə qədər çirkli olduğu açıq-açığa diqqəti cəlb edir. Hətta dönərxananın içərisində küncdə uzanmış pişik də gözə dəydi. Dönərxananın işçisi adını söyləməsə də dönər üçün mal ətini Maştağadan gətirdiyini bildirdi:

«Dönəri mal ətindən özümüz hazırlayırıq. Maştağadan gətiririk».

Satıcı dönərin keyfiyyətinə kimlərin zəmanət verməsi ilə bağlı sualımızın cavabında bildirdi ki, müvafiq qurumlar mütəmadi yoxlamalar aparılır:

«Keyfiyyətə baxan çoxdu. Üç dənə kağız var, onların da hamısını almışıq».

«HAMIYA «OK» DEYİRLƏR»

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə iddia edir ki, Azərbaycanda dönərlər tərkibində zəhərli maddələr olan qazla hazırlanır:
«Dönərlərlə birgə verilən ketçuplar və digər əlavələr arzuolunmaz genetik modifikasiya olunmuş maddələrdən hazırlanır və üstəlik mənşəyi məlum olmayan maddələr əlavə olunur».

Eyyub Hüseynov dönərxanaların sağlamlıq kağızını rahatlıqla almasını bəzi hökumət qurumların sovet sistemiylə işləmələriylə əlaqələndirdi:

«Gigiyena orqanları köhnə sovet vaxtı necə işləyirdilərsə indi də elə işləyirlər. Hamıya kağız verirlər, hamıya «ok» deyirlər. Sabah biz bazarlara getsək görərik ki, minlərlə mala dairəvi möhür vurulmuş kağız yapışdırılıb. Ekspertiza olunmur, sadəcə üzərinə kağız vurulur».

Ekspert dönərxanalarda işləyən adamların sağlamlığı barədə də heç kəsə məlumat verilmədiyini bildirdi.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə deyir ki, 3 il əvvəl verilən müvafiq göstərişə əsasən şəhərdə toyuq ətindən hazırlanmış dönərlərin satışı qadağan edilib:

«Artıq yay mövsümü yaxınlaşdığına görə biz də bu prosesi gücləndirdik. Bu vaxta kimi apardığımız araşdırmalar zamanı 26 nəfər cərimə olunub».

Ziyəddin Kazımov deyir ki, yoxlamalar hər ay keçirilir. Monitorinqdən üzüağ çıxmayanlar isə İnzibati Xətalar Məcəlləsinin uyğun cərimələnir.

Ayazbəy Turan Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbəsidir. «Azadlıq» radiosunda təcrübə keçir.
XS
SM
MD
LG