Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:40

Polis Tehran Universitetinin yataqxanasına hücum edib


Mirhüseyn Musəvi Tehrandakı nümayişdə, 15 iyun 2009
Mirhüseyn Musəvi Tehrandakı nümayişdə, 15 iyun 2009
İranda Daxili İşlər Nazirliyi icazə verməsə də, seçkinin nəticələrinə etiraz edənlər mitinqə çıxıblar. Tehranın küçələrinə toplaşan adamlar öz liderlərinin adını «Musəvi» qışqırırlar.

İnformasiya agentlikləri bu mitinqə prezident seçkisinin nəticəsindən razı qalmayan başqa bir namizədin – Mehdi Kərrubinin tərəfdarlarının da qoşulduğunu bildirirlər.

İyunun 12-də keçirilən prezident seçkisinin elan olunan nəticələrinə görə, Mahmud Əhmədinejad 62% səs toplamaqla ikinci dəfə prezident seçilib. Onun əsas rəqibi olan Mir Hüseyn Musəvi isə 34% səslə ikinci olub. Mehdi Kərrubinin isə daha az səs topladığı bildirilir.

Musəvi və Kərrubi seçkinin saxtalaşdırıldığını bildirib elan olunan nəticəni qəbul etmirlər.

POLİS TEHRAN UNİVERSİTETİNİN YATAQXANASINA HÜCUM EDİB

Musəvi İranda Mühafizlər Şurasına şikayət verib. Əvvəlcə Şuradan bildirmişdilər ki, şikayətə yalnız 10 gün içində cavab verə bilərlər. Amma İranda məhdudiyyətsiz səlahiyyətlərə malik olan ali dini rəhbər Ayətullah Xamneyi iyunun 15-də seçkidə qanunsuzluqlarla bağlı iddiaların araşdırılmasına göstəriş verdiyini bildirib. O, Musəviyə də deyib ki, öz etirazını yalnız qanun çərçivəsində ifadə etsin.

Seçkinin ertəsi günündən – iyunun 13-dən Tehranda keçirilən etiraz aksiyaları zorakılıqlarla müşayiət olunmuşdu. Bugünlər ərzində Musəvinin 170-ə yaxın tərəfdarı həbs olunub.

İyunun 15-də səhər vaxtı isə polis Tehran Universitetinin yataqxanasına hücum edib orada tələbələri döyüb. Həmin hadisənin şahidi olan tələbələrdən biri hadisəni bu cür izah edir:

- Mən hələ də gördüklərimə inana bilmirəm. Onlardan biri gülə-gülə tələbəni döyürdü. Bir başqası da gülə-gülə deyirdi ki, gərək sənin anan bu cür döyüldüyünü görəydi.

Şahidin sözlərinə görə, polis az sonra yenə hücum edərək tələbələri dəyənək və ağır zəncirlərlə döyərək onlardan bəzilərini həbs edib. Buna bənzə hadisə İsfahanda da baş verib.

İranda indi baş verənlər bu ölkədə 1979-cu ildən – İslam inqilabından bəri baş verən ən böyük zorakılıq hesab edilir.

ABŞ-IN VİTSE-PREZİDENTİ HƏLƏLİK ŞƏRH VERMƏK İSTƏMİR

Seçkiyə xarici ölkələrdən reaksiyalar da hələlik ziddiyyətlidir. İranın əksər qonşuları, o cümlədən də Azərbaycanın prezidenti Mahmud Əhmədinejadı seçkidə qələbə münasibətilə təbrik edib. Əhmədinejad Əfqanıstan, Pakistan, İraqın dövlət başçılarından, eləcə də Livan və Fələstindəki «Hizbullah» qruplaşmasından təbrik alıb.

Avropa və ABŞ-dan isə hələlik ehtiyatlı reaksiyalar var.

ABŞ-ın vitse-prezidenti Jo Bayden bildirib ki, bu seçki barədə onda bəzi şübhələr olsa da, hələlik şərh vermək istəmir:

«Məndə şübhələr var. Amma bütün proses və onların problemlərə necə reaksiya verdikləri barədə tam məlumatlar olmayınca, şərh vermək istəmirəm».

Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Haviyer Solana da 27 ölkənin birləşdiyi bu qurumun zorakılıqlardan narahat olduğunu bildirib.

Amma Birliyin ayrı-ayrı üzvləri daha tənqidi fikirlər söyləyiblər. Britaniyanın Xarici İşlər naziri Devid Miliband bildirib ki, İranda seçkinin azad və ədalətli keçirildiyinə dair onlarda çox ciddi şübhələr var.
XS
SM
MD
LG