Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:16

Dünya mətbuatı İrandakı hadisələr haqqında nə yazır?


«İlk aksiyalar dinc oldu. Ancaq bazar günü hər şey dəyişdi»
«İlk aksiyalar dinc oldu. Ancaq bazar günü hər şey dəyişdi»
DÜNYANI BAŞQA CÜR GÖRƏ BİLMƏK ÜÇÜN

«İndependent»

Qəzetin yazarı Robert Frisk Tehrandakı 15 iyun mitinqində camaatın arasındaydı. Milyonlarla iranlı «İnqilab» meydanından «Azadlıq» meydanına yürüş eləyirdi, Tehran polisinin gözü qarşısında. 1979-cu ildən sonra ilk dəfəydi İranda bu qədər izdihamlı mitinq keçirilirdi. On minlərlə insaneşəhərin fərqli yerlərindən axın-axın gəlib, əsas kütləyə qoşulurdu. «Azadlıq» meydanına gedən yolda kütlə daralmağa məcbur oldu, çünki bu meydana aparan yolun hər iki tərəfində xüsusi təyinatlı polislər sırayla düzülmüşdülər, başlarında dəmir dəbilqələr, qalxanları və əllərində dəyənəklərlə…

Ancaq insanlar onları veclərinə də almırdılar. Polislər isə, sanki qarşılarındakı kütlənin sayından qorxurmuş kimi, onlara gülümsəyirdilər. Ancaq ən təəccüblüsü o idi ki, hətta azadlıq tələb eləyib yanından keçənlərə başlarıyla yüngülcə təzim də eləyirdilər.

Kim inana bilərdi ki, hökumət bu aksiyanı qadağan eləyib?

Polis helikopterləri kütlənin üzərində dövrə vuranda isə, camaat hamılıqla «mənim səsim hanı?» bağırırdı. Bu tükürpədən səsləri eşidəndə tarixi bir anın şahidi olduğuma bir daha əmin olurdum.

Bir neçə saat öncə polisin hücum eləyib, tələbələri öldürdüyü Tehran Universitetinin bir tələbəsi isə yanımda yürüyə-yürüyə avazla şeir deyirdi.

Öz-özümə sual verdim: «Doğrudanmı, Tehranda, tarixi dəyişmək istədikləri bir anda, bunların şeir yadına düşür?». Oğlandan nə dediyini tərcümə eləməsini istədim. Tərcümə elədi:

«Yürüməliyik, yağmur altında,
Yumalıyıq gözlərimizi damlalarla,
Dünyanı başqa cür görə bilmək üçün».

ƏHMƏDİNEJAD UDSA DA, İSLAM İNQİLABI UDUZDU

«Faynenşl Tayms»

İrandakı islam inqilabından cəmi 30 il sonra, əks-inqilabın şahidi ola bilərikmi? Ancaq indi baş verənlərə baxanda, sadəcə orda baş verənlərin həyacanverici və narahatlıq doğuran olduğunu görürük. Seçkinin saxtalaşdırılması, camvatın etirazları, küçə toqquşmaları, repressiyalar…Ancaq uzunmüddətli düşünəndə görmək olar ki, 1970-ci illərin sonlarından bütün dünyada başlayan demokratiya yürüşü burda da davam edə bilər.

Bəzi mühafizəkar realistlər deyə bilər ki, Yaxın Şərqdə demokratiya qurmağa çalışmaq elə də sərfəli deyil. Çünki belədə daha populyar olan islamçılar hakimiyyətə gəlir və öz üsul-idarələrini qururlar. Hətta belələri zarafatyana deyirlər ki, Yaxın Şərqdə demokratiya belə olur: «1 nəfər, 1 səs, 1 dəfə». Yəni demokratiya burda bir dəfə işləyə bilər, hansısa qüvvəni bir dəfəlik hakimiyyətə gətirmək üçün.

Ancaq bu cür mühafizəkarların əks-arqumenti də var. İslam fundamentalistlərinin bircə dəfə hakimiyyətə gəlməyi bəs eləyir ki, islamçı ideyalar öz populyarlığını itirsin. Çünki özlərinin bacarıqsız, repressiv və korrupsiyalaşan idarəetməsiylə islamçılar populyarlığını itirirlər.

Eyni şey indi İranda baş verir. Hətta Mahmud Əhmədinejad hakimiyyəti bir müddət də əlində saxlamağı bacara bilsə belə, İslam İnqilabının populyarlığını itirdiyi artıq göz qabağındadır.

VAXTİLƏ İRAN ŞAHI DA DÜNYANIN ƏN TƏMTƏRAQLI YUBİLEYİNİ KEÇİRMİŞDİ...

«Uoll Strit Cournal»


1971-ci ildə İran şahı Pəhləvilər sülaləsinin yubileyini daha öncə görünməyən şəkildə, xüsusi təmtəraqla qeyd elədi. Dünyanın hər yanından şahlar və prezidentlər dəvət olundu, şampan şərabları su yerinə axdı, xaricdən gətirilən cürbəcür naz-nemət qalaq-qalaq idi. Mərasim günlərlə davam elədi. Və bu təmtəraqlı mərasim sonradan şah rejiminin simvoluna çevrildi. Və Ayətulla Ruhulla Xomeyninin inqilab çağırışları vaxtı insanları şaha qarşı çıxmağa sövq eləməsində önəmli rol oynadı.

Seçkidən sonra iranlıların küçələrə çıxdığı bir vaxtda şahın təntənəli yubiley mərasimini boş yerə yada salmadım. Şah qılıncının hər tərəfi kəsən bir vaxtda, bu təntənəli mərasimi keçirəndən cəmi 7 il sonra devrildi. Odur ki, hər kəsə dərs olmalıdır ki, dünyanın harasında olursa-olsun, heç vaxt hər hansı bir hadisənin ancaq baş verdiyi zaman yekunlaşacağına əmin olmaq mümkün deyil.

ƏGƏR QALİB GƏLMİSİNİZSƏ, DAHA BİZİ NİYƏ DÖYÜRSÜZ?

«İnterneşnl Herald Tribyun»

İlk aksiyalar dinc oldu. Ancaq bazar günü hər şey dəyişdi, zorakılıq və qarşıdurmalar meydana gəldi. Bu hadisələrin baş verdiyi gün, baş verdiyi şəhərdə Mehdi Əlizadə kimi özünü təqdim eləyən bir həkim məni saxladı, prezident Əhmədinejadın necə qəhrəman olmasından, seçkidəki inanılmaz qələbəsindən, İranın dünyanın ən demokratik dövlət olmasından danışdı. Yanımızdakı Yasəmən adlı bir qadın onun sözünü kəsdi: «Əgər qalib gəlmisizsə, daha bizi niyə döyürsüz?»

İQTİSADİ BÖHRANIN SİYASİ NƏTİCƏSİ

«Nyu-York Tayms»

İqtisadi tənəzzüllərin tez ya da gec siyasi nəticələri də olur. Elə 30-cu illərin böyük depressiyasından sonra dünyada zorakı liderlərin hakimiyyəti ələ keçirməsi də zaman məsələsi oldu.

Bu dəfə isə amerikalıların bəxti gətirdi. Bu, İranda baş verdi.

Seçkiönü dövrdə müxalifət hakim rejimin iqtisadi bacarıqsızlığını göz önünə çıxara bildi (rəsmi işsizliyin 17 faiz, inflyasiyanın 25 faiz olmasını, neft gəlirlərinə baxmayaraq ölkənin səfalət içində yaşamasını və s.). Hətta budəfəki hadisələrdən sonra Əhmədinejad daha sərt tədbirlərlə hakimiyyətdə qalmağı bacarsa da, rejim zəifləyib. «Demokratiya oyunu» mollalara hakimiyyətdə qalmağa imkan yarada bilər, ancaq polis dəyəniylə İranın iqtisadi problemlərini də həll etmək mümkün deyil.

Bəli, bugünkü qlobal böhranın səbəbkarı Qərbin demokratik kapitalizmi ola bilər. Ancaq, Qərbdə iqtisadi böhran demokratiya və kapitalizmin də böhranına çevrilmədi. İran, Rusiya, Venesuela kimi populist-avtoritar rejimlər üçün isə əsl böhrana səbəb oldu.

QƏRBLİLƏRİN MIRT VURMAQ ÜÇÜN YARATDIĞI RESURSLARLA İRANDA İNQİLAB EDİRLƏR

«Nyu-York Tayms»dakı başqa bir məqalədə isə qeyd olunur ki, İran hakimiyyəti internetə çıxışa məhdudiyyətlər qoyub, sms və mobil telefon xidmətlərini də məhdudlaşdırıb, dövlət medianı və hər cür kütləvi informasiya yayılması yolunu nəzarətdə saxlayır. Ancaq bu, İran gənclərinə bir-biriylə əlaqə saxlayıb, məlumat almaq, həqiqəti yaymaq üçün ağlagəlməyən yollar tapmağa mane olmur.

İranlılar seçkidən sonra ən çox Facebook, Twitter kimi sosial şəbəkələr və bloqlardan istifadə edərək senzuradan yayınmağın yollarını tapırlar.

Seçkidən dərhal sonra Musəvinin Facebook-dakı personal səhifəsindəki əlaqələrin sayı 50 min, Twitter-dəki səhifəsinin izləyicilərinin sayı isə 7 min artıb.

OBAMA, DAVAM ELƏ

«Vaşinqton Post»

İranda baş verənlər dünyanın Obama dövründə necə dəyişiyə biləcəyini göstərir. Əhmədinejad vəzifədə qala bilər, ancaq dünya artıq İran rejiminin elə də güclü olmadığını gördü.

Obama, davam elə. İki həftə əvvəl Qahirədə bütün dünya müsəlmanlarına birbaşa müraciət elədiyin dillə və yolla davam elə. Molla rejiminə imkan vermə ki, Amerikanın qismində özlərinə yenə xarici düşmən düzəldib, xalqlarına təqdim eləyə bilsinlər.

İRANLILAR NƏ İSTƏYİR?

Yazı müəllifi Cef Gedmin deyir ki, iranlı gənclər ABŞ-dan bunu istəyir:

«İran hakimiyyətini inandırın ki, əgər qələbələrinə bu qədər əmindirlərsə, onda imkan verin beynəlxalq müşahidəçilər gəlib səsləri saysın. Söz azadlığı və informasiya mübadiləsini təmin eləsin. «Azadlıq», «Amerikanın səsi» və BBC-nin yayımlarına imkan versin. Dİnc aksiyaçılara qarşı zorakılıqdan istifadə eləməsin. Biz ən azından bunu eləməyə məcburuq, təkcə İran xalqı yox, İran hakimiyyətindən də nəyəsə nail olmaq üçün».
XS
SM
MD
LG