İnsident Azərbaycan-İran sərhədinin Cəlilabad rayonunun Əsədli kəndi ərazisindən keçən hissəsində baş verib İyunun 18-i axşam saatlarında Azərbaycan-İran sərhədində silahlı insident baş verib. İnsident Azərbaycan-İran sərhədinin Cəlilabad rayonunun Əsədli kəndi ərazisindən keçən hissəsində baş verib. Ərazidə növbə çəkən sərhədçilər iki nəfərin sərhədi qanunsuz olaraq keçmək istədiyini müəyyənləşdiriblər. Onlara əvvəlcə şifahi xəbərdarlıq edilib, lakin sərhəd pozucuları buna məhəl qoymayıblar. Hər iki şəxsin əlində əl qumbarası olub, onlar sərhədçiləri hədələyərək İran tərəfə çəkilməyə başlayıblar. Bunu görən sərhədçilər xəbərdarlıq atəşi açıblar. Atəşdən sonra sərhəd pozucuları əllərindəki qumbaraları partladıblar. Nəticədə hər iki sərhəd pozucusu və Sərhəd Dəstəsinin əsgəri, 1990-cı il təvəllüdlü Elton İsgəndərov həlak olub, sərhəd qoşunlarının zabiti, mayor Vəzir Qafarov isə ağır yaralanıb. Sərhəd pozucularının şəxsiyyəti artıq müəyyənləşib. Bunlar Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Sadiq Həşimov və 1981-ci il təvəllüdlü, Füzuli rayon sakini Ramin Məmmədovdur. Cəsədlərə baxış keçirilən zaman onların üzərində kompas, dini kitablar və «flash-kart»lar aşkarlanıb. Öldürülən şəxslər saqqallı olub, saatları sağ qollarına bağlayıblar. Onların «Meşə qardaşları» silahlı qruplaşmasının üzvləri - Azər Misirxanov və «Əbdüləziz» ləqəbli Elşənlə yaxın əlaqədə olduqları müəyyən edilib. Həmin şəxslərin dövlət sərhədini qanunsuz keçmələrini Saatlı rayonunda anadan olan, hazırda Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan 1984-cü il təvəllüdlü Zaur Əliyev təşkil edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Füzuli rayonu və Sahil qəsəbəsində müxtəlif ünvanlarda aparılan axtarışlar zamanı xeyli miqdarda dini ədəbiyyat, video və CD yazılar, fotoşəkillər aşkarlanıb. Hazırda faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi başlanıb. |
Azadlıq Trend
1