Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:07

«Madrid prinsipləri»nin «yeni variantı» nə ola bilər?


- Prezidentlərin Moskvadakı son görüşündən sonra Minsk qrupunun həmsədrləri bildirdilər ki, tərəflər ciddi məsələlərin müzakirəsinə başlayıblar. Demək olarmı ki, danışıqlar həlledici mərhələyə daxil olub?

- Mən belə düşünmürəm. Mən düşünürəm ki, danışıqlarda yeni fazalar hələ çox olacaq və bu hələ illərlə davam edəcək. Həmsədrlərin belə optimist bəyanatları ilk dəfə deyil səslənir. Bu başa düşüləndir.

Bu, cəmiyyətlərə və elitalara bir təsir vasitəsidir ki, proses irəli getsin. Tərəflərin məsələyə yanaşması arasında elə böyük uçurum var ki, əməkdaşlıq üçün meydan o qədər dardır ki, güman etmək olar ki, “yeni” adlandırılacaq variant köhnəsindən ancaq “nöqtə-vergüllə” fərqlənəcək.

- Prezidentlər arasında hansısa çərçivə sazişinin bağlanmasını mümkün sayırsınızmı?

- Düşünmürəm ki, indiki şəraitdə bu mümkündür. Çünki tərəflərin münaqişənin həlli prinsipləri ilə bağlı fikirləri o qədər fərqlidir ki, onların heç çərçivə sazişi bağlaması da mümkün deyil.

Hətta tərəflərin müzakirə etdiyi “Madrid prinsipləri”nə də “çərçivə prinsipləri” demək olmaz. Bunu “çərçivəyəqədərki” prinsiplər adlandırmaq olar. Bu sənəd o qədər xam haldadı ki, onun üzərində uzun müddət işləmək lazımdı. Hətta bu sənədin özü də həm Azərbaycanda, həm də Ermənistanda narazılıq doğurur.

Hələ mən Dağlıq Qarabağı demirəm. Əgər xarici amillərin təsiri ilə nəsə - hansısa kağız imzalansa da, bunun Qarabağ probleminin həlli ilə heç bir əlaqəsi olmayacaq. Həmin “nəsə” tamamilə boş bir şey olacaq. Məsələn, bəyan oluna bilər ki, tərəflər sülh danışıqlarını davam etdirməyə hazırdılar və sair.

- Siz deyirsiz ki, danışıqlarda ciddi bir şey baş vermir. Amma artıq Ermənistanda müxalifət xarici işlər nazirinin istefasını tələb etməyə başlayıb...

- Məsələ burasındadı ki, Ermənistanda müxalifətin daha geniş siyasi fəaliyyət imkanları var, söz azadlığı ilə bağlı imkanlar da Azərbaycandan daha genişdir. Ona görə də bizdə müxalifətin ritorikiası çox radikaldır: “vəzifədən çıxarmaq!”, “Legitim saymamaq!” və sair.

Onlar baş verən bütün hadisələrdən hakimiyyətə qarşı mübarizədə istifadə etməyə çalışırlar. Nalbandyanın istefasını kim tələb edir? Daşnaksutyun Partiyası.

Bu partiya “Madrid prinsipləri” müzakirə olunarkən Ermənistanın koalisyon hökumətində təmsil olunurdu. Yəqin ki onların da bundan xəbəri olub. Yəni Azərbaycanda da, Ermənistanda da danışıqlarla bağlı narahatlıq eynidir – “satırlar”, “verirlər”. Sadəcə, Ermənistanda bu fikirlər daha ucadan səslənə bilir.

- Rusiyanın Qarabağ danışıqlarındakı aktivliyinə gəldikdə, bəziləri hesab edir ki, Moskva “ermənipərəst” mövqeyinə düzəliş edib, indi daha neytraldı?

- Çox şey “hesab etmək olar”. Ermənistanda hesab edirlər ki, Rusiya ermənipərəstdir. Azərbaycan Rusiyanı özünün strateji müttəfiqi sayır. Əslində isə Rusiyanın mövqeyi birmənalı deyil.

Bu mövqe şəraitə uyğunlaşır, dəyişir, bir sözlə bu siyasət elə rusiyapərəstdir. Bu isə o deməkdir ki, Rusiya vəziyyətin ümumilikdə indiki kimi qalmasında maraqlıdır. Yəni bu siyasət “ləngər vurur”, gah Azərbaycana tərəf meyl edə bilər, gah Ermənistana tərəf. Amma ümumilikdə dəyişməz qalır.

- İndi Bakıda belə gümanlar da səslənir ki, Azərbaycan öz “Şahdəniz”qazını Rusiyaya satmaqla Moskvanı Qarabağ danışıqlarında “ələ almağa” çalışır. Bu haqda nə düşünürsüz?

- Məncə, yalnız məsələdən məlimatlı olmayanlar belə gümanlar irəli sürə bilər. Qaz və Qarabağ bir-birindən kökündən fərqlənən məsələlərdir. Əvvəla Azərbaycanın o qədər qazı yoxdur ki, bunun dəyəri Bakıyla Moskva arasında Rusiyanın regiona təsir qüvvəsiylə bağlı hər hansı bir sövdələşməyə yol açsın.

Rusiyanın regiona indiki təsir qüvvəsi isə Qarabağ probleminin mövcudluğu sayəsində formalaşıb.

- Bəs əgər nəzər alsaq ki, Azərbaycanın sayəsində Rusiya Avropa üzərində enerji monopoliyasını davam etdirə bilər...

- Bu monopoliya müvəqqəti ola bilər. Tutalım ki, Azərbaycan Rusiyayla bu barədə razılaşdı. Birdən 5 ildən sonra nəsə baş verdi və Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi, ya hakimiyyət öz siyasətini dəyişdi, ya ümumiyyətlə hakimiyyət dəyişikliyi baş verdi. Belə məsələlərdə bu formada “dəyiş-düyüş” olmur. Mən düşünmürəm ki, məsələ bu qədər sadədir.

Əgər indiyəcən, Qarabağı qaza, neftə, yaxud “perojki”yə dəyişmək mümkün olsaydı, bunu axır 20 ildə edərdilər.
XS
SM
MD
LG