Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:43

139 balla Azərbaycan hara gedir?..


2009-cu ildə Azərbaycanda orta məktəbləri 120 minədək şagird qurtarıb, onlardan 66 mindən çoxu ali məktəblərə sənəd verib
2009-cu ildə Azərbaycanda orta məktəbləri 120 minədək şagird qurtarıb, onlardan 66 mindən çoxu ali məktəblərə sənəd verib
Bu il ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin 50 faizi 139 baldan aşağı nəticə göstərib. İmtahan verən 66 mindən çox abituriyentin yarısı minimum həddi – 200 balı keçməyib.

«600 BALLIQ ABİTURİYENT MÜƏLLİMİ ACİZ QOYA BİLƏR»

TQDK sədri Məleykə Abbaszadənin sözlərinə görə, heç 200 bal toplayanlar da Bakıdakı dövlət universitetlərinə qəbul olunmayacaqlar. Amma birincilərdən fərqli olaraq ikincilər regional və özəl ali məktəblərə düşə bilərlər. Çünki onların arasında elələri var ki, elmi səviyyələri elə 200 bal toplayanları oxutmağa çatır:

«Əgər biz ora, tutaq ki, 600 ballıq abituriyentləri göndərsək, müəllimlər onların qarşısında aciz qala bilərlər. Təəssüflər olsun ki, belə ali məktəblər də var bizdə. Mən özəl və müəyyən regional məktəbləri nəzərdə tuturam. Ona görə də bu 200 bal minimal həddir. 200 balı olanlar Bakıdakı hansısa dövlət universitetinə qəbul olmayacaq. Amma özəl universitetlərə qəbul oluna bilər. Nəzərə alsaq ki, 2004-cü ilədək daxili test və sair yollarla hətta 50 balla da özləri qəbul aparırdılar, inanın ki, 200 ballı abituriyent onlar üçün çox böyük hədiyyədir».

MÜƏLLİMLƏR EYNİDİRSƏ, ÖZƏLLƏ DÖVLƏTİN FƏRQİ NƏDİR?

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı da ölkədə zəif özəl universitetlər olduğunu təsdiqləyir. Orada dərs deyən müəllimlərə gəlincə, rektor deyir ki, onlar elə dövlət ali məktəblərinin müəllimləridir. Yəni özəl ali məktəblərlə dövlət universitetlərinin müəllim tərkibi o qədər də fərqli deyil:

«Tutaq ki, bizim ali məktəb ingilis dillidir və xaricilər var deyə seçilmiş tərkibdir. Əslində əsas məsələ müəllim deyil, odur ki, təhsil haqqı ödəmədən oxumaq istəyənlər bu imkan dövlət sektorunda olduğu üçün ora gedirlər. Yəni keyfiyyətə görə yox, təhsil haqqı ödəməmək üçün. Və təbii ki, zəif özəl ali məktəblərə aşağı bal toplayanların daha çox getməsi mümkündür».

Hamlet İsaxanlı əlavə edir ki, Xəzər Universitetinə 500-600-dən yuxarı bal toplamış, prezident təqaüdlü gənclər də gəlirlər. Müəllimlərin isə bir hissəsi xaricilərdir, digər hissəsi də Azərbaycanın ən seçilmiş adamlarıdır.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev isə inanmır ki, dövlət vəzifəsində çalışan Məleykə Abbaszadə belə bir fikir söyləyib. O da bildirir ki, Odlar Yurdunda çalışanlar əksərən dövlət universitetlərinin müəllimləridir. Rektor təəccüblənir ki, onlar dövlət universitetlərində səviyyəli, savadlıdırlarsa, özələ gələndə səviyyələri də savadları da qaçır?!

Rövşən Ağayev
«Mən bütün özəl universitetlərdən danışıram. Bu gün əgər dövlət təhsil müəssisələri ilə özəl təhsil müəssisələri eyni bir qanunla fəaliyyət göstərirsə, məncə bunların yalnız təşkilati hüquqi forması fərqlidir. Başqa heç bir fərq yoxdur. Hər ikisi dövlətin strategiyasını həyata keçirirsə, eyni yerdən lisenziya alırsa, eyni nəzarət varsa bu necə ola bilər. İnanmıram ki, Məleykə Abbaszadə belə bir fikir söyləsin».

TQDK-nın məlumatına görə 2009-cu ildə Azərbaycanda orta məktəbləri 120 minədək şagird qurtarıb, onlardan 66 mindən çoxu ali məktəblərə sənəd verib. Abituriyentlərin yalnız 6,4 faizi 500-700 arası bal toplayıb.

«PROBLEM AKKREDİTASİYADADIR»

Təhsil sahəsində araşdırmalar aparan iqtisadçı ekspert Rövşən Ağayev isə problemi akkreditasiya məsələsində görür. O deyir ki, akkreditasiya sistemi həm müəllimlərin və tədris proqramlarının səviyyəsini, həm də ümumilikdə universitetin infrastrukturunun vəziyyətini qiymətləndirir:

«Bunun yeganə səbəbi odur ki, Azərbaycanda akkreditasiya formal xarakter daşıyır. Əgər Məleykə Abbaszadənin dediyi fakt düzdürsə, bu artıq faciədir. Bu təkcə orta məktəbin yox, həm də institut, universitet təhsilinin də çox pis vəziyyətdə olduğunun göstəricisidir».

Rövşən Ağayevin fikrincə, Məleykə Abbaszadənin bu bəyanatı çox ciddi bir mesajdır. Və hökumət bu mesajdan nəticə çıxarmalıdır.

Məsələyə Təhsil Nazirliyindən münasibət öyrənmək istəsək də, cəhdlərimiz nəticə vermədi.
XS
SM
MD
LG