Millət vəkili Nizami Cəfərov
- Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində aparılan danışıqların hazırkı gedişi sizdə hansı təəssüratı yaradır?- Danışıqların gedişinə təsir məsələsində vəziyyət Azərbaycanın xeyirinədir. Ən azı son 10 ilin gedişatına nəzər salanda hiss olunur ki, biz artıq ATƏT-in Minsk qrupuna həm dövlət səviyyəsində, həm də ictimai səviyyədə kifayət qədər təsir edə bilirik. Yəni Minsk qrupu bizim artıq əvvəllər ümidlə baxdığımız qrup deyil. Digər tərəfdən, Ermənistanın o zamankı kimi dünyanın müxtəlif parlamentlərinə, dövlət və ictimai təşkilatlarına təzyiqi indi yoxdur. Artıq dünya üçün də ermənilərin iddiaları o zamankı kimi maraqlı deyil. Azərbaycanın hərtərəfli inkişafı isə onun mövqeyinin möhkəmlənməsinə təsir edir. İndi Ermənistanın haqlı, haqsız olması dünyanı maraqlandırmır. Artıq bu məsələ kənarda qalıb.
«BEŞ RAYONU BİZƏ BAHA SATMAQ İSTƏYİRLƏR»
- Bəs haqqında danışılan Madrid prinsiplərinin ortada olması, Ermənistanın 5 rayonu nəyinsə hesabına qaytarması məsələsini nə ilə izah etmək olar?
- Artıq Azərbaycan bir sıra beynəlxalq danışıqların, müqavilələrin, hətta qeyri formal münasibətlərin mərkəzi kimi çıxış edir. Son aylarda bir başa Bakıda bir sıra beynəlxalq məsələlər həll olunub. Bu aspektdən baxanda Ermənilərin o 5 rayonu qaytarması bir gerçəklikdir. Amma məsələ ondan ibarətdir ki, buna qarşı da ermənilər hücum yox, müqavimət mövqeyindədirlər. Və mümkün qədər çalışırlar ki, bu 5 rayonu qaytarmaqla Dağlıq Qarabağı saxlasınlar və bununla da beynəlxalq neytrallıq əldə eləsinlər. Biz də təbii ki, onu qəbul edə bilmirik.
Təbiidir ki, ermənilər bu 5 rayonu bizə baha satmaq istəyirlər. İndi artıq bazarlıq prosesi gedir. Biz də bazar nədir, beynəlxalq səviyyədə artıq onu nəinki öyrənmişik, həm də bir dövlət və millət olaraq bu bazarlığın konyukturasını yaxşı bilirik. Və o konyukturaya təsir də edə bilirik. Odur ki, bu danışıqlarda yaranan pauzada (yəni danışıq gedə-gedə də pauza yarana bilir. Söhbət danışıq pauzasından yox, problemin həlli pauzasından gedir -N.C.) bu 5 rayon qaytarılmalıdır və qalan məsələlər müzakirə olunmalıdır.
«ETNOQRAFİK MƏSULİYYƏT»
- Necə fikirləşirsiniz, Ermənistan tərəfi həmin o bazarlıqda 5 rayon qaytarmaqla Azərbaycanı referenduma razı sala biləcəkmi?
- Referendum hər hansı bir formada hər tərəfdən qəbul olunmuş bir məsələ deyil. Referendum özü də bazarlığın tərkib hissəsidir. Referendum o zaman ola bilər ki, Dağlıq Qarabağın bütün əhalisi orada iştirak etsin. Belə olan halda təbiidir ki, məsələ yönələcək bu biri tərəfə. Bu gün keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasının bir nəfər də olsun azərbaycanlı əhalisi yoxdur. Hamısı ermənilərdən ibarətdir. Amma həmin ermənilərin sayı da əvvəlki qədər deyil. Yəni Dağlıq Qarabağı tərk eləmiş azərbaycanlıların sayı qədər orada erməni yoxdur. Digər tərəfdən Dağlıq Qarabağı tərk eləmiş azərbaycanlıların ailələri Azərbaycandadır. Və bunların sayı aradan keçən az qala 20 illik bir müddətdə kifayət qədər artıbdır. Onlar özlərini məhz qarabağlı hesab edirlər. Amma ermənilərin hətta kənara çıxanlarını da əlavə etsək sayları o qədər də artmayıb.
İstər-istəməz dünyanın belə bir konyukturası var ki, özünü dağlıq qarabağlı sayanların hamısı Dağlıq Qarabağ üçün məsuliyyət daşıyırlar. Bu bir etnoqrafik məsuliyyətdir və bu işdə onlar iştirak etməlidirlər. Belə olan vəziyyətdə buyursunlar referendumu keçirsinlər. Yəni başqa cür referendum keçirmək bütün formalarda saxtakarlıq olacaq. Və heç bir zaman da obyektiv siyasi təhlillə qəbul olunmayacaq. Bax bu mənada referendum məsələsi elə bilirəm ki, ümumiyyətlə mənasız söhbətdir.
- Əgər say tərkibi məsələsində siz deyən vəziyyətdirsə Azərbaycan niyə referenduma razılaşmır ki, (Prezident bu barədə razılaşma olmadığını deyib İ.R.) məsələ həll olunsun?
- Əgər söhbət bugünkü süni şəkildə yaranmış Dağlıq Qarabağdan – Artsaxdan gedirsə burada referendum ola bilməz. Bir yeri işğal edib, bütün əhalisini oradan çıxardıb referendum keçirmək olmaz axı. Bu necə ola bilər ki. İstər Azərbaycanın dövlət başçısı olsun, istərsə də dünyanın hansısa digər dövlətinin başçısı, az –çox siyasətlə məşğul olan adam bilir ki, bu vəziyyətdə nə referendum. Referendum o şəkildə ola bilər ki, əgər Dağlıq Qarabağın taleyi həll olunursa, istər-istəməz bu onu yaradan cəmiyyətin referendumu olmalıdır. Tam süni bir sistem əmələ gətirib onun referendumunu keçirmək olmaz axı.
Nizami Cəfərovun müsahibəsinin davamında oxuyacaqsınız
HƏRDƏN JURNALİSTƏ BİR-İKİ SİLLƏ VURMAĞIM GƏLİR
XARİCİ RADİOLAR DİVERSİYA ALƏTİDİRMİ?
AZƏRBAYCAN İNSANI ÖZ DÖVLƏTİNDƏ ÖZÜNÜ RAHAT HİSS EDİRMİ?