Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:55

«Medvedevin təşəbbüsü region üçün yaxşı heç nə vəd etmir»


Qroznıda hərbi məktəbin açılış mərasimi, 1 sentyabr 2008
Qroznıda hərbi məktəbin açılış mərasimi, 1 sentyabr 2008
Rusiya prezidenti qonşu ölkələrə hərbi təcavüzə hüquqi don geyindirmək istəyir. Ekspertlər Dmitri Medvedevin son qanunvericilik təşəbbüsünü belə qiymətləndirirlər. «Müdafiə haqqında» federasiya qanununa təqdim edilən əlavələr Rusiyanın silahlı qüvvələrindən ölkə xaricində də istifadəni nəzərdə tutur.

Avqustun 11-də Medvedev öz təşəbbüsünü ölkə parlamentində təmsil olunan partiya rəhbərləri ilə də müzakirə edib. O, ötən ilin avqustunda baş verən Gürcüstan hadisələrini xatırladaraq qanunvericilik bazasında bu cür olayların nəzərə alınmasını zəruri saydığını deyib.

Medvedevin bu təşəbbüsü Azərbaycanın siyasi dairələrində də müzakirə olunmaqdadır.

Rusiyanı Azərbaycan üçün təhlükə görənlər də, görməyənlər də bu təşəbbüsə ehtiyatla yanaşmağı məsləhət bilirlər.

«ELƏ BİR TƏHLÜKƏSİ YOXDUR»

Təhlükə görməyənlərdən biri hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, deputat Mübariz Qurbanlıdır. O deyir ki, hər bir dövlət qərarlar qəbul etməkdə müstəqildir. Və heç bir dövlət digərinə öz hərbi qüvvələrindən harada, necə, nə zaman istifadə etməyi qadan edə bilməz. Bir sıra ölkələr var ki, onlar xüsusi qanunla öz hərbi qüvvələrinin ölkədən kənarda istifadəsini həyata keçirirlər. Məsələn ABŞ və NATO-ya üzv ölkələrdə belə bir qanun var:

«Azərbaycana gəldikdə isə, bizim Rusiya ilə ikitərəfli əlaqələrimiz normal məcrada inkişaf edir, qarşılıqlı müqavilələrimiz var və Rusiyanın bu qanundan istifadə edərək başqa ölkələrin ərazisinə müdaxilə edəcəyi ehtimalını mən qəbul etmirəm. Çünki bu əlavələr hansısa bir formada Rusiyanın başqa ölkələrə hərbi müdaxiləsi və ya müharibəsi məsələsinə aid olan hüquqi normaları tənzimləmir. Başqa məsələləri tənzimləyir və elə bir təhlükəsi yoxdur».

Amma millət vəkili Rusiya rəhbərliyinin qanun layihəsini sürətlə həyata keçirmək niyyətinə ehtiyatla yanaşır.
İlqar Məmmədov
Deyir ki, ola bilsin bu dövlət qarşıda regionla bağlı hansısa problemləri proqnozlaşdırır, tələskənlik də buna görədir.

«BU, YAXŞI HEÇ NƏ VƏD EDƏ BİLMƏZ»


Respublikaçı Alternativ İctimai Birliyinin (REAL) rəhbəri İlqar Məmmədov isə hesab edir ki, Dmitri Medvedevin bu təşəbbüsü region üçün yaxşı heç nə vəd etmir.

Çünki güc tətbiqi mexanizmi nə qədər asanlaşırsa, ondan istifadə istəyi də o qədər yüksəlir:

«O cümlədən biz bilirik ki, regionumuz münaqişələrlə doludur. Osetiyada, Abxaziyada, Azərbaycanın Qarabağ bölgəsində və digər yerlərdə. Ona görə bizim region üçün Rusiya tərəfindən silah istifadəsinin rahatlaşması yaxşı heç nə vəd edə bilməz. Xüsusilə də biz bilirik ki, Rusiya Qarabağ müharibəsində kimin tərəfində vuruşub».

İlqar Məmmədovun fikrincə, Rusiya Dövlət Dumasının bu qanunu qəbul etməsi regiondakı separatçı rejimləri cəsarətləndirəcək, öz niyyətlərində israrlı olmağa daha da ruhlandıracaq.

Qanun layihəsində qeyd olunur ki, Federasiya Şurasına müraciət etmədən, prezidentin qərarı ilə Rusiya Silahlı Qüvvələri üzərinə edilən hücuma qarşı, hansısa bir dövlətə təcavüzün qarşısını almaq üçün, Rusiya vətəndaşlarına təhlükə yarandıqda, mülki gəmilərini dəniz quldurlarından qorumaq işində və sair bu kimi məsələlərdə ölkənin sərhədləri xaricində də istifadə oluna bilər.

«REGİON DÖVLƏTLƏRİNƏ QARŞI AÇIQ-AŞKAR HƏDƏ HİSS OLUNUR»

Politoloq Rasim Musabəyov isə deyir ki, düzdür, Rusiya dövlətinin deyək ki, Somali yaxınlığında öz gəmilərini dəniz quldurlarından qorumaqdan ötrü hər dəfə Federasiya Şurasından icazə istəməsi məntiqsizdir. Ancaq yeni qanunun digər aspektlərində region dövlətlərinə qarşı açıq-aşkar hədə hiss olunur:

Rasim Musabəyov
«Tutalım Rusiya hərbçilərinə Abxaziyadakı gürcülərin hücum etməsi xəbəri gəlir, bunun belə olub-olmaması aydınlaşmadan, Federasiya Şurasına müraciət etmədən Gürcüstana qarşı hərbi əməliyyat başlanır. Yaxud sabah Azərbaycanın Ermənistana təcavüz etdiyini bəhanə gətirib Rusiyanın oradakı hərbi birləşmələrini bizə qarşı istifadə etməyə bu əlavələr müəyyən mənada sanki yol açır».

R.Musabəyovun sözlərinə görə, ancaq reallıqda əslində, heç nə dəyişmir. Çünki bu qanun olmadan da Rusiya bir il əvvəl Federasiya Şurasına müraciət etmədən Gürcüstan ərazisinə müdaxilə etdi. Digər tərəfdən, Kreml nəyi istəsə parlamentdən keçirə bilir:

«Sadəcə, bu dövlət öz hədələyici siyasətinə daxildə hüquqi don geyindirmək istəyir. Ancaq beynəlxalq münasibətlər üçün hansısa bir hüquqi baza yaratmaq baxımından bunun heç bir əsası yoxdur».

«MÜHARİBƏ ELƏMƏK ÜÇÜN HEÇ BİR QANUNA EHTİYAC YOXDUR»

Politoloq Vəfa Quluzadə isə deyir ki, müharibə eləmək üçün heç bir qanuna ehtiyac yoxdur:

«Bu, dünyada dəfələrlə özünü təsdiqləyib. Azərbaycana isə Rusiya istəsə Ermənistandan müdaxilə edə bilər. Ancaq hazırda Rusiya çox çətin vəziyyətdə olduğu üçün müxtəlif addımlarla öz xalqına effektiv siyasət aparmaq imkanlarını nümayiş etdirir. Dövlət istəyir əhalisini inandırsın ki, Rusiya hələ çökmür».
XS
SM
MD
LG