Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:05

«Mənə öz partiyamı yaratmaq daha simpatik görünür»


R.Arifoğlu deyir ki, qəzetin Daxili İşlər Nazirliyi yaxud başqa strukturlarla yaxınlığı barədə deyilənlər yalandır. Amma qəzet bu söhbətlərin ortada gəzməsindən də yararlanır
R.Arifoğlu deyir ki, qəzetin Daxili İşlər Nazirliyi yaxud başqa strukturlarla yaxınlığı barədə deyilənlər yalandır. Amma qəzet bu söhbətlərin ortada gəzməsindən də yararlanır
«Mənə öz partiyamı yaratmaq daha simpatik görünür, nəinki Müsavat Partiyasında uzun və nəticəsi şübhəli görünən yarışa qatılmaq».

Bunu Müsavat Partiyasının ətrafında gedən söhbətlərlə bağlı suala cavab verən «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir. O bu sözlərilə 2010-cu ildə İsa Qəmbərin partiya rəhbərliyindən gözlənilən gedişindən sonra başqanlıq yarışına qatılacağı barədə söhbətlərə son qoyur.

R.Arifoğlu deyir ki, onun baş redaktor və partiya funksioneri kimi mövqeyinın toqquşması barədə söz- söhbətlər ucbatından hələ 2006-cı ildə partiyanın sədr müavinliyindən də istefa verib, Məclis üzvlüyündən də. Amma elə o vaxtdan partiya ilə qəzet arasında məsafənin get-gedə uçuruma çevrilməsi barədə danışılmağa başlanıb və son vaxtlar bu, siyasi dairələrdə əsas mövzulardan birinə çevrilib.

ESKPERT ƏMİN DEYİL Kİ, MÜXALİFƏT PARTİYASINDAN UZAQLAŞAN QƏZET MÜSTƏQİLLİK YOLUNU TUTUB

Qəzetlə Musavat partiyası arasındakı münasibətləri Arif Hacılı belə şərh edir: «Yeni Müsavat» qəzetinin istər ayrı-ayrı strukturlara qarşı olan mövqeyində, eyni zamanda, ayrı-ayrı partiyalara öz səhifələrində təbliğat üçün yer ayırdığı vaxtlarda bu siyasət qəzetin öz siyasəti olub, partiyaya aidiyyatı yoxdur».

Rauf Arifoğlu isə deyir ki, müstəqilləşmə qəzetə ona ancaq başucalığı gətirir.

Vəziyyəti şərh edən politoloq Azər Rəşidoğlu əmin deyil ki, müxalifət partiyasından uzaqlaşan qəzet müstəqillik yolunu tutub. Onun sözlərinə görə, görünən budur ki, qəzeti yaşatmaq üçün oliqarxlarla müəyyən sövdələşmələr gedir.

İSA QƏMBƏR BİLMİR Kİ, RAUF ARİFOĞLUNU BAŞ REDAKTOR VƏZİFƏSİNDƏN ÇIXARMAQ SƏLAHİYYƏTİ VAR, YA YOX

«Yeni Müsavat»ın rəsmi təsisçisi İsa Qəmbərdir. Azər Rəşidoğlunun iddiaları ilə bağlı suala cavab verən Musavat başqanı AzadllqRadiosuna aşağıdakıları deyib:

«Bilmirəm dedikləriniz nə dərəcədə «Yeni Müsavat»a aid ola bilər. Bunu qəzetin rəhbərliyi ilə aydınlaşdıra bilərsiniz. Amma mənim Əliyev rejiminin heç bir nümayəndəsinə rəğbətim yoxdur. Özünə hörmət edən adam bu rejimə işləməz və xalqa qarşı cinayətlərə şərik çıxmaz».

Qəzetin təsisçiliyi ilə bağlı məsələyə aydınlıq gətirən İ.Qəmbər deyir ki, təsisçiliyi nominaldır və o, hətta texniki baxımdan bilmir ki, Rauf Arifoğlunu baş redaktor vəzifəsindən çıxarmaq səlahiyyəti var, ya yox:.

«Xahiş ediblər məndən, mən də təsisçiliyi qəbul etmişəm, 16 il əvvəl», - deyə İ.Qəmbər bildirib.

Rauf Arifoğlu isə deyir ki, onun əsas qayğısı qəzeti qorumaqdır:

«Yeni Müsavat» oxucunun qəzetidir. Vəziyyətə uyğun hərəkət etməyi və qəzet bazarında fəal olmağı, bazardan faydalanmağı, özünü qorumağı, müəyyən anlarda irəli getməyi, müəyyən anlarda sakitləşməyi, geri çəkilməyi bacaran və bu barədə müstəqil qərar qəbul edən bir orqandır».

«2010-CU iLDƏ MÜNASİBƏTLƏR AYDINLAŞMALIDIR»

R.Arifoğlu deyir ki, qəzetin Daxili İşlər Nazirliyi yaxud başqa strukturlarla yaxınlığı barədə deyilənlər yalandır. Amma qəzet bu söhbətlərin ortada gəzməsindən də yararlanır:

«Kimlərsə məhkəməyə vermək istəyirlər, qəzeti cəzalandırmaq üçün hansısa addım atmaq istəyirlər, amma bu söz-söhbətlər onları çəkindirir».

Politoloq Azər Rəşidoğlunun fikrincə, bu, uzun müddət davam edə bilməz və 2010-cu ildə «Yeni Müsavat» qəzeti ilə partiya arasındakı münasibətlər aydınlaşmalıdır. Ekspert də istisna etmir ki, Arifoğlunun seçimi yeni partiya ola bilər.

Hər halda, bu, Müsavat Partiyasının ilk itkisi olmayacaq. Keçmiş müsavatçılar arasında hakim partiyanın qərarlarına parlamentdə dəstək verənlər də var, İsa Qəmbərin ünvanına tənqidi çıxışlar edən də, müstəqil ekspert olaraq fəaliyyət göstərənlər də. Amma onların çoxundan fərqli olaraq, Rauf Arifoğlunun partiyanı tərk etməsi sadə təşkilatı məsələ deyil. Ən azından ona görə ki, qəzetlə partiyanın bölüşdürüləcək brend və hətta internet ünvanı var.
XS
SM
MD
LG