Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:27

Hərbi doktrinanın parlamentin payız sessiyasında müzakirəsi gözlənir


Azərbaycan və ABŞ hərbçiləri Bakı ətrafında NATO təlimlərində, 24 aprel 2009
Azərbaycan və ABŞ hərbçiləri Bakı ətrafında NATO təlimlərində, 24 aprel 2009
Milli Məclisin payız sessiyasında Azərbaycanın hərbi doktrinasının müzakirəyə çıxarılacağı gözlənir. Millət vəkili Aydın Mirzəzadə hələ bir müddət əvvəl mətbuata bildirmişdi ki, sənədin hazırlanması və qəbulu ölkə başçısı İlham Əliyevin nəzarətindədir.

HƏRBİ DOKTRİNA NƏDİR?

Ekspert Üzeyir Cəfərov deyir ki, bu, ölkənin təhlükəsizlik və müdafiə prioritetlərini müəyyənləşdirən bir sənəddir:

- Yəni dost və ya bizə isti münasibət bəsləməyən ölkə bu sənəddə göstərilməlidir. Hardasa güc strukturlarının konstitusiyası rolunu oynayır bu sənəd. Çünki güc strukturlarının rəhbərləri bu doktrina əsasında fəaliyyətlərini təkmilləşdirir və dəqiqləşdirir.

Ü.Cəfərova görə, doktrinada dost və ya düşmən dövlətin göstərilməsi nəticəsində ölkə öz addımlarını müəyyənləşdirir. Məsələn, əgər Azərbaycan dost ölkə kimi Türkiyəni göstəribsə, hücuma məruz qaldığı təqdirdə bu dövlətin hərbi köməyinə arxalanması artıq tənzimlənir:

- Bu sənəd başqa ölkələrə də göstərilir ki, əgər mənə hücum olsa, kimdən kömək istəyə, hansı addımları ata bilərəm.

Üzeyir Cəfərov
Ü.Cəfərov bu yaxınlarda Rusiyanın hazırladığı yeni hərbi doktrinaya diqqət çəkir. Deyir ki, niyə Rusiya başqa dövlətin ərazisində öz milli maraqlarını qorumaq kimi öhdəlik götürüb onu sənədləşdirməyə çalışır, amma Azərbaycan öz müdafiəsinin sxemini göstərmir?

Yeri gəlmişkən, Rusiya Hərbi Qərargah rəisi general-polkovnik Anatoli Noqovitsin bildirmişdi ki, Rusiya, hərbi qüvvələrdən, o cümlədən nüvə silahından istifadə məsələlərini müəyyənləşdirəcək prinsipial yeni hərbi doktrina hazırlayır. Özü də donanmadan, silahlardan istifadəyə dair hissə gizli saxlanacaq.

«KONFLİKTİN HƏLLİ MÜMKÜNDÜRSƏ, BELƏ BİR BƏNDƏ EHTİYAC YOXDUR»

Qayıdaq hələ də hazırlanan Azərbaycan hərbi doktrinasına.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bir müddət əvvəl bildirmişdi ki, bəzi beynəlxalq təşkilatlar sənəddə Ermənistanın işğalçı, Azərbaycan üçün təhlükə mənbəyi kimi göstərilməsiylə razılaşmayıblar. Bunu əsas gətiriblər ki, konfliktin həlli mümkündürsə, belə bir bəndə ehtiyac yoxdur. «Ona görə də hərbi doktrina ilə bağlı problemlər ortaya çıxır və sənədin qəbul olunması gecikir», - deyə Z.Oruc bildirib.

Zahid Oruc
Millət vəkilinin açıqlamasına görə, sənəddə ümumi hərbi çağırışla yanaşı orduda müqavilə yoluyla hərbi xidmət keçmə, o cümlədən çağırışçıların hərbi xidmətlə bağlı seçim imkanları prinsipləri da öz əksini tapacaq.

Amma sözügedən komitənin digər üzvü, millət vəkili Pənah Hüseyn deyir ki, əslində, orduda zabit heyəti müqavilə ilə işləyir, amma sıravi heyətin də məhz bu yolla hərbi xidməti Azərbaycanda bu tezliklə reallaşan deyil:

- Yalnız söhbət peşəkar ordudan gedirsə, yəqin ki, hələlik ümumi mükəlləfiyyət qalacaq, mən bunun tərəfdarıyam. Qarışıq sistem ola bilər. Düzdür, indi dünya ordularında peşəkarların rolu artır. Bu tendensiya yəqin Azərbaycana da gec-tez gələcək.

Çağırışçıların alternativ seçim yollarına gəlincə, P.Hüseyn deyir ki, bu, Konstitusiyanın verdiyi hüquqdur. Amma millət vəkilinin fikrincə, hazırkı şəraitdə bu hüququn da geniş yayılacağını düşünmək çətindir.

Ekspert Üzeyir Cəfərovsa hələ bir neçə il əvvəldən müzakirəsi gözlənən hərbi doktrinanın bu payız sessiyasında nəhayət ki, bəxtinin açılacağına ümid edir.
XS
SM
MD
LG