Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:40

Fəxri Uğurlu "ANA, SƏNİN ƏRİN KİMDİR?.." (Hekayə)




- Ana, yenə ağlayırsan?
- Yox, mənim balam, soğan gözümü yandırır.
- Axı bayaq kitab oxuyanda da ağlayırdın…
- Hə, qadan alım, kitabda da soğandan yazılmışdı. Şeir yazmışdılar.
- Nə yazmışdılar?
- Soğan soya-soya ağlayan arvaddan yazmışdılar.
- Ana, soğan şeirdə də acı olur?
- Hə, canım-ciyərim, acı olur… O soğanı da bəri ver görüm…
- Bəs sən niyə acı şeir oxuyursan?

- Acı şeir adama xeyir eləyir. Bax, azarlı adam çoxlu soğan, istiot yesə, canı tərləyər, gözündən yaş gələr, tez sağalar… O bibəri mənə ver görüm…
- Üzün niyə tərlədi, ana, azarlamısan?
- Azarlamışam, mənim balam, çoxdan azarlamışam.
- Bax, Göyçək xala azarlayanda əri ona çoxlu dərman almışdı. Göyçək xala da o dərmanları içdi, içdi… sağaldı. Atam gələndə deyəcəm sənə çoxlu dərman alsın.
- Yox, demə, qadan alım.
- Niyə, pulu çatmaz?
- Pulu çatar ey, dərman tapılmaz.
- Niyə, bəs Göyçək xalanın əri…
- O mənim ərim deyil, canım-ciyərim, o sənin atandı.
- Bəs sənin ərin kimdi?

- Mənim ərim davaya gedib.
- Kimlə dalaşmağa gedib?
- Pis adamlarla.
- Bəs haçan qayıdacaq davadan?
- Daha qayıtmayacaq, mənim balam.
- Niyə, ölüb?
- Yox, ölməyib. Ölsəydi, yenə də ərim olardı.
- Yaralanıb?.. Əsir düşüb?..
- Yox, pis adamlarla dostlaşıb, qalıb onların yanında.

- Bəs sən onu pis adamların yanına niyə buraxdın?
- Onda mən özüm də pis adamların yanındaydım. O da məni pis adamlardan almağa gəlmişdi. Sonra pis adamlara qoşulub məni yaddan çıxartdı, özü də oldu pis adam… İstiot qabını mənə ver görüm…
- Ana, pis adam necə olur?
- Pis adam qorxulu olur, ölü kimi qorxulu olur.
- Pis adam ölü olur?
- Ölü olur, dərdin alım, ölü olur.
- Sənin ərin də pis adam olanda ölüb?
- Ölüb, mənim balam, ölüb.
- Ana, əri ölən arvada nə deyirlər?
- Dul deyirlər, mənim balam, dul.

- Könül xala, Sevil xala da duldu?
- Hə, onlar da duldular.
- Onların da əri onların əri deyil?
- Deyil, mənim balam, deyil… Duzu bəri ver…
- Ana, sənin ərin uzaqda olur?
- Hə, uzaqdadı, çox uzaqdadı.
- Ayrı şəhərdə?
- Yox, elə bizim şəhərdə.
- Atam onu tanıyır?
- Qabaqlar tanıyırdı.

- Atama deyəcəm sənin ərini döysün.
- Yox, demə, gözümün işığı.
- Niyə, qorxursan döyə bilməyə? Atam bilirsən ona neyləyər!..
- Bilirəm, qabaqlar döyüb onu. Dayın da bir yol döymüşdü… Bıçağı mənə ver görüm…
- Yaxşı eləyib döyüblər, o səni niyə atırdı?
- Onda hələ atmamışdı. Atanla dayın onu döyəndən sonra məni atdı, atıb ayrı şəhərə köçdü.
- O şəhərdə pis adamlar olurdu?
- Bilmirəm, tanımıram.
- Bəs demədin o, pis adamlara qoşulub?

- Yadında saxla, mənim balam, kim pis adamdan qorxursa, özü də pis adamdı. Pis adamlar hamısı bir-birinin dostudu.
- Sənin ərin mənim atamın dostudu?
- Dost nədi, dərdin alım, dostdan da artıqdılar. Onlar mənə neyləyiblərsə, bir yerdə eləyiblər, köməkləşib məni cavan yaşımda dul qoyublar. Heç dost dosta belə kömək eləməz. Pəncərəni aç, soğan gözümü çıxartdı…
- Sən ərini çox istəyirdin, ana?
- Mən onu Allah bilirdim, mənim balam.
- Allah necə olur, ana?
- Hamıdan gözəl, hamıdan güclü…

- Bəs onun atama gücü niyə çatmadı?
- Çünki o sənin atanla Allah kimi döyüşmədi.
- Allah yaxşı döyüşür?
- Yaxşı döyüşür, hamıdan yaxşı döyüşür.
- Allah adamı nəylə vurur?
- Özüylə vurur, gözümün işığı, özüylə.
- Bəs sənin ərin niyə Allah kimi döyüşmədi?
- Qorxdu, qadan alım, qorxaq çıxdı. Qorxan adamdan Allah olmaz.
- Niyə, qorxaq adamın gücü olmur?

- Olur, qorxağın da gücü olur. Ancaq ona gücü Allah vermir, şeytan verir.
- Şeytan da güclü olur?
- Hə, güclü olur.
- Gözəl də?
- Yox, gözəl olmur, mənim balam.
- Bəs şeytan kimə oxşayır?
- Pis adamlara, qorxaqlara.
- Qorxaq gözəl olmur, ana?
- Yox, gözümün işığı, qorxaq gözəl olmaz.
- Sənin ərin gözəl deyil?
- Yox, daha gözəl deyil, uçuq daxmaya oxşayır. Bir azdan özü öz başına uçacaq.

- Bəs sənin ərin olanda gözəl deyildi?
- Gözəlidi, Allah kimi gözəlidi.
- Ana, sən Allahı sevirdin?
- Allahı, mənim balam, Allahı sevirdim.
- Allah da səni sevirdi?
- Sevirdi, canım-gözüm, çox sevirdi.
- Sizin toyunuz harda olmuşdu?
- Göydə olmuşdu, mənim balam… O göyü mənə ver görüm…
- Bəs göydən necə düşdünüz?
- Düşmədik, dərdin alım, bizi göydən saldılar.

- Kim saldı sizi göydən?
- Atan, dayın, nənələrin, babaların…
- Ərin də düşdü göydən?
- Hə, o da düşdü.
- Allah göydə qaldı?
- Yox, Allah boğuldu.
- Suda boğuldu?
- Yox, tüstüdə boğuldu. Şeytan ərimin içində ocaq qaladı, Allah da həmən ocağın tüstüsündə boğuldu.
- Öldü?
- Yox, yatdı.
- Allah yatanda nə olur, ana?
- Adam allahsız olur, mənim balam.

- Sən allahsızsan?
- Bilmirəm. Mən Allahı yenə sevirəm, ancaq o məni daha sevmir, boşayıb məni.
- Allah adamı sevməyəndə adam nə olur?
- Yetim olur, mənim balam, dul olur… O sarımsağı yaxına gətir…
- Ana, atamla sənin toyun da göydə olmuşdu?
- Yox, qadan alım, yerdə olmuşdu. Dayının toyu olan saray var ha, bax orda…
- Bəs siz niyə toyunuzu göydə eləmədiniz?
- Sənin atan göydən qorxur, canım-gözüm. Görmürsən balkonumuzdan aşağı baxanda gözü qaralır?
- Bəs siz məni toyunuza niyə aparmamışdız?
- Onda sən hələ dünyada yoxudun, mənim balam, biz səni yer üzünə hələ gətirməmişdik.
- Bəs siz məni hardan gətirmisiz, ana?

- Biz səni göydən salmışıq.
- Göydən?
- Hə. Atan quş vuranda görmüsən?.. Bax, səni də quş kimi vurub göydən salmışıq.
- Mən sizə neyləmişdim?
- Heç nə. Biz sənin uçmağına baxdıq, baxdıq… xoşumuza gəldin, istədik səni gətirib evimizdə saxlayaq. Sən axı göydə üşüyərdin, sənə soyuq olardı… Soyuducunu aç görüm…
- Yalan danışma, quşlar göydə üşümür. Soyuq olanda da isti ölkəyə uçurlar… Mən yenə göyə qayıda bilərəm?
- Qayıdarsan, inşallah, yüz yaşa çatandan sonra sağlıqla qayıdarsan…

- Yüz yaşıma kimi uça bilməyəcəm? Mən indi uçmaq istəyirəm!
- İndi buralar soyuqdu, mənim balam, uçsan, gərək isti yerlərə uçasan. İsti yerin adamları ac olur, çatan kimi səni ovlayıb bişirib yeyəcəklər.
- Mən adamlardan uzaq yerə uçaram.
- İndi adamlardan uzaq bir yer qalmayıb, hər yerə güllə çatır, canım-gözüm… Aşsüzəni mənə ver…
- Ana, sən göydə olanda mən də göydəydim?
- Hə, ikimiz də göydəydik.
- Bəs sən məni göydəki toyuna niyə çağırmadın?
- Ana balasıyla göydə görüşə bilməz, qadan alım, görüşmək istəsələr, gərək yerə düşsünlər. Bax, mən səni görmək istədim, ona görə də göydən yendim…

- Yalan danışma, mənə görə yenməmisən, səni göydən döyə-döyə düşürdüblər!
- Hə, qabaqca döyə-döyə düşürtdülər, sonra səni gördüm, daha göyə qayıtmaq istəmədim. Göydə mənim balam kim olardı?..
- Yalan danışma, sən göydən düşəndə mən yerdə deyildim. Məni siz göydən salmısız – atamla sən. Elə bilirsən bilmirəm?
- Sən göydən özün gəlmisən, mənim balam, atanla mən sənə qəfəs düzəltmişik. Gör səni nə gözəl bəzəmişik! Kimin belə gözəl balası var!..
- Mən qəfəsdə qalmaq istəmirəm, sizin balanız olmaq istəmirəm!
- Atanın da yanında deyərsən, səndən küsər. Biz səni hamıdan çox istəyirik, heç kim səni bizdən artıq istəyə bilməz. Hamı balasını özündən çox istəyir.

- Nənəmlə babam da səni çox istəyir?
- Bəs nə, mən də onların balasıyam axı.
- Yalan deyirsən, istəsəydilər, səni göydən düşürtməzdilər. Siz də məni çox istəmirsiz, məni tutub qəfəsə salmısız.
- Bəs mən səni necə görəydim, üzünə necə baxaydım, mənim balam?.. Ordan bir soğan da ver.
- Yenə ağlayacaqsan?.. Məni görmək istəyirdin, göyə baxaydın, daha niyə vurub yerə salırdınız? Mən atamın quş atmağını görmüşəm. Yazıq quşlar yerə elə pis dəyirdilər, burunlarından qan açılırdı…
- Yox, gözümün işığı, biz səni yerə düşməyə qoymadıq. Sənə torpaqdan isti, yumşaq beşik düzəltdik, elə göydəcə tutduq səni…

- Yalan deyirsən! Bilirəm, o məni vurub göydən salıb, sən də götürüb atmısan öz torbana. Atam bizi ova aparanda da belə eləyirdin.
- Bibər də ver, mənim balam…
- Heç olmasa məni tək tutub gətirəydin, yoxsa atamla hər gün üstümdə dava salırsız.
- Pis işi təkbaşına görmək olmur, qadan alım, yaxşı işə baxma. Bax, mənim ərim məni sevəndə təkcə sevirdi. Elə ki sənin atanla qarşılaşdı, bu ona, o buna qoşuldu, ikisi də məni sevməkdən əl çəkdi…
- Ana, sənin ərin sənin ərin olsaydı, mən yenə sənin balan olardım?
- Yox, mənim balam, onda mən sənə yerdən göyə baxardım.
- Atamın da balası olmazdım?

- Atan da səni tutmaq üçün isti ölkələrə gedərdi… Aralı dur, yanarsan…
- Ana, sənin ərinin də balası var?
- Var, mənim balam, onun da balası var.
- Arvadı da?
- Arvadı da var.
- Gözəldi?
- Yox, qadan alım, eybəcərin biridi, üzünə baxanda adamın ürəyi bulanır.
- Pis adamdı, ona görə?
- Bilmirəm.
- Bəs o niyə eybəcər arvad alıb?
- Eybəcər qız istəyən oğlanı döymürlər.

- Sənin ərin ondan iyrənir?
- Sən mənim torbamda olanda mən atandan iyrənirdim. Boylu qadınlarda belə şey olur. Gözümün qabağına gətirirəm arvadı ondan necə iyrənirmiş…
- Qapı döyülür.
- Atandı, get aç.
- Birdən sənin ərin oldu?
- O bura gəlməz, heç vaxt gəlməz.
- Birdən gəldi?
- Gəlsə də, atanın yanına gələr. Mən onu çoxdandı gözləmirəm.
- Onda mən qapını açmıram.
- Atan qapını qıracaq! Tanımırsan onu?
- Qırar da qırsın. Mən açmayacam!

- Onda mənə bir soğan ver.
- Yenə ağlamaq istəyirsən?.. Soğan qurtardı.
- Bibər ver…
- Bibər də qurtardı.
- Onda get kitabı gətir…

Gəncə, 16 fevral 2007
XS
SM
MD
LG