Sadıq Mustafayev il on iki ay anasının ölümünü gözləyir, di gəl, o, pasport üzrə, ya elə-belə üzdən qocalıb-həpriyibsə də, hələ bir yeri ağrımırdı. Ay camaat, görün kaftarda xəstəlik olmaz?! Yox, ancaq hərdən "az danış, başım ağrıdı", deməyi var. Oğlu deyinəndə guya başının ağrıması onun yeganə xəstəliyi idi. İlahi, başqa cür xəstələnməməkdə bu heç insana oxşamır! Barı hərdən sancılana, ya köpü ola, deyəsən, hə. Ölkəni bürüyən qrip epidemiyaları onda burnunun ucundakı qızartı ilə təzahür edəcək, vəssalam.
Zarafatsız, qocalanacan saz qalmaq heç bir məntiqə sığmır. Çaşıb ölməz - evi yıxılar. Bir dəfə sanki ölüm payı göndərirmiş kimi, göz-başı qaynaya-qaynaya, çaynik qapağını ona sarı necə tolazladısa, zərif dəri ola - sol qaşının üstü köndələninə çapıldı. Hərçənd bu zaman gördü ki, onda arvad elə bil ona göz vurdu. Hər halda, çapılma da xəstəlik sayıldığından, onda bir az insana oxşarlıq alındı. İndi onun ölümünü qaşın üstündəki bapbalaca yaradan gözləmək mümkündü.
Sadıq anasının xəstələnməməsində həm də bir əxlaqsızlıq görür: axı, bu arvad niyə dərd çəkməsin? Ayıb deyilmi? Uşaqlıqda gördüyü min bir azar-bezarın bircəciyi bunda iz qoymamışdı. Barı əsəbi pozula, ayda bir-iki qorxunc yuxu görə. Yox, bu, div kimi yatacaq! Daş ondan narahat yatır. Yumru gözlərinin çevrəsindəki yelpinc qırışlar ingilissayağı məsud idi. Sadıq get-gedə anasının varlığından utanır, həm də artıq ondan çimçəşirdi. Yadına gəlir, rəhmətlik atasındakı xəstəliklər anasında ər adlı məxluqa nifrət törətmişdi. Hərçənd nifrət özlüyündə onun qarşıdakı ölümündən doğan sevinclə neytrallaşırdı. Ona görə də ər ölümü onda atılıb ərə getməsindəki kimi xoşbəxt duyğular oyatdı: yasa kim gəlirdi, ya orda bir az əvvəl gördüyünü təzədən görürdüsə, onunla yenə marçamarç öpüşürdü.
Ata ölümü bir macəra idi ki, bu əsnada anasını yaxşı tanıya bilmişdi. Ata ölümü ona əvvəlki səbəbsiz nifrəti söndürüb, məhəbbəti yandırmış, anaya nifrətisə yandırıb, ona əvvəlki məhəbbəti söndürmüşdü. Bu yanıb-sönən məhəbbət və nifrətlər onun həyatındakı zülmətdə reklam lampaları kimi közərirdilər. Anasının acığına atasındakı xəstəlikləri hətta sevmişdi də: istərdi özü də həmin xəstəliklərdən ölsün - dodaqları göyərsin, üzü qaralsın. İstər ki ölümü sönük rənglərlə başa varsın.
Sadıq sonralar anasına nifrətə vərdiş elədi və bu nifrət adi bir şeyə çevrildi. Nifrət daha qanını qaraltmırdı. Nifrətlər içində hətta arvada salam da verib keçirdi. Anadı də-ə, neyləyəsən. Ancaq daha onun sapsağlam canında şərin yuva qurmasına şəkk-şübhəsi yoxdu. Hərçənd düzü, o, şəri öz gözləriylə görmək iqtidarında deyildi. Qaç, qurtar - qadının bu cürəsindən hər şey gözləmək mümkündü. Qanunla müqəddəs analar da məkri-zənən ola bilər. Spartalıların etiqad səviyyəsinəcən şişirtdikləri sağlamlıq insanda natəmiz əməllərlə nəticələnir.
Ana və bala - onlar ailədə ikicə nəfərdi və Sadıq görürdü ki, bu kiçik ailənin bir it oğlu itin yanında hörmət-izzəti yoxdur. Yasa da xalaxətrinə gəlmişdilər. Adi bir başsağlığı zəngi arvad üçün toy-bayrama çevrilirdi. Yəqin ailəni bihörmət eləyən səbəblərdən biri elə onun öz qıyıq gözləri idi. Axı, onların nəsli-cəddabasında belə şey görünməyib. Doğrudan da, durduğu yerdəcə insanın gözləri niyə qıyıq, yanaqları niyə çıxıq olmalı imiş? Hər halda, bu, nəcib əməlin nəticəsi deyildi.
"Yəqin bunun anası bir vaxt Tatarıstanda qonaq olub", - hələ uşaqlıqdan yekə-yekə kişilər onun qıyıq gözlərinə sataşardılar.
"Mən Tatarıstan yox, Monqolustan deyərdim. Çünki Sadıqbala tatardan daha çox monqola oxşayır".
"Ə, sənin o qəşəng anan necədi?" - bir dəfə də tənəffüs vaxtı məktəbin cavan müəllimi ondan soruşmuşdu.
"Yox, bunun anası əntiqə şeydi! Əsas da buraları," - başqa müəllim də ona züy tutmuşdu. Ancaq "buraları" deyəndə, Sadıq bu müəllimin haraları nəzərdə tutduğunu bilməmişdi.
Anasının göyçəkliyi Sadığın başına qaxınc idi və get-gedə də onda qeyrət alovlandırırdı.
Ona uşaqlıqdan "monqol" demişdilər. Deyəsən, rəsmi ata-ana yox, qeyri-rəsmi bambaşqa bir xətt üzrə kökü, həqiqətən də, gedib monqol-tatar istilasına çıxırdı. O, qədim bir zorlanmanın əlaməti kimi, həm də uzun illər atasının uşağı olmayandan sonra dünyaya gəlmişdi. Hər halda, bu, anadakı əxlaq saflığından xəbər vermirdi. Əlbəttə, ata əvvəl çox burcuxdu, çox atılıb-düşdü, axır dərddən xəstəlik tapdı və sonra da xəstəlik bir daha onu atılıb-düşməyə qoymadı.
"De görüm, bu bədbəxtin gözləri niyə qıyıqdı?!" - atası qışqıra-qışqıra anasından milyon kərə soruşdusa da, onu qane edən bir cavab eşitmədi.
"Mən neynim, get onu öz ulu babalarından soruş".
Yox, kişi bu dünyadan köçməyi üstün tutdu.
İşə bax, buranın da yox, Rusiyanın monqol-tatar istilasından ötüb keçən neçə yüz illərdən sonra camaat bu istilaya qarşı çıxır, Sadığa qız vermirdilər. Zaman gizli, ya aşkar - hər hansı zorlama faktını neytrallaşdıra bilməmişdi. O, ömrün xeyli hissəsini çürüdən sarsaq əsgərliyini də çəkdi, şanlı bir institutu da qurtardı, ancaq “monqol” ləkəsi üzdə eybəcər qara xal kimi ondan heç cür çəkilib getmədi. Sadıq özlüyündə monqollarla qohumluğunu həm də atlara sevgisindən bilirdi. Atlar qanad taxıb respublikadan qeybə çəkiləndə, Sadıq onları qiyabi sevəsi oldu. Mənzilində divarlardan at boyda at şəkilləri asmışdı. İncəvara, divarları atdan hündür, atdan uzundular.
* * *
Sadıq Mustafayevin bəxti onda gətirdi ki, Şövqi Həsənova rast düşdü. Tale onun üzünə zavodlarının akt zalında güldü. O hələ taleyi üzə gülən görməmişdi; sanki Mark Şaqalın fırçasından çıxmış uzunsov bir təbəssüm tapança kimi ona tuşlanmışdı.
- Siz monqolsunuz? - hesabat-seçki yığıncağının axırında Şövqi müəllim onu yanına çağırtdırıb birbaşa soruşdu.
- Xeyr. Monqol deyiləm, - bu incik cavabdan görsənirdi ki, deyən, sual bir qədər kobud səslənib.
- Fikrinizə özgə şey gəlməsin. Mənim monqollara qanım qaynayır. Divarlarımı görəsiniz - büsbütün monqol üzlərilə bəzəmişəm. Monqolsunuzsa, deyin. Zərər tapmazsınız.
- Monqol deyəndə - bir balaca...
- Baxma, insan zahiri əlamətlə də ucala bilər. Mən Monqolustanda Brejnev-Sedenbal vaxtlarında işləmişəm. Orda bir qız sevmişdim - ildırım vurub öldürdü. İndi onun xatirinə sizi ucaltmaq istəyərdim. Evimi görəsiniz, monqola oxşar pişiklər əlindən yer yoxdur - qızın xatirinə saxlayıb, onlara qulluq göstərirəm.
- Düzü, pasportda adım azərbaycanlı gedir, amma əslində monqol kimi bir şeyəm. Üstəlik, gözümü açandan hamı mənə monqol deyib.
- Monqol deyiblərsə, demək, elə monqolsunuz da-a, - kişi bu yerdə sevindi. - Camaat dəli deyil ki! Həm də monqolun buynuzu-zadı olmur ki. Üzünüzə deyəcəyəm, siz monqol xaqanlarının törəmələrindənsiniz. Bu necə və nə cür olub - işə dəxli yoxdur. Özü də monqolluğunuzla fəxr etməlisiniz.
- Bilirsiniz, adam qalır iki daş arasında: monqol adını üstümə götürsəm, Avropadan avtomatik uzaq düşmüş oluram. Halbuki mən Avropanı sevirəm, istərəm həmişə avropalı sayılam.
- Onsuz Azərbaycan - Avropa deyil. Nə olsun ki, iki qitə arasından çəkilən və heç də mövcud olmayan xəyali xətt, mən ona həqarətlə “cız” deyirəm, Azərbaycanı təsadüfən Avropaya qatıb. Özü də monqollar dünyaya şəfəq saçanda, avropalılar hələ fil qulağında yatmışdılar. Avropa Asiya ilə müqayisədə dünən əmələ gəlib.
Şövqi müəllim söhbət əsnasında "tatar" adını dilinə də gətirmədi, eləcə "monqol" deyib durdu. Sadıq doşab almışdı, bal çıxdı: onu bircə həftəyə irəli çəkdilər. Amma vərdiş eləyənəcən, bu təsadüfi "hündürlük"də başı xeyli gicəlləndi. Sonralar bir də görüşmədilərsə də, Şövqi Həsənovun nəzərləri onun üzərindən əskik olmadı. İldırım vurmuş monqol qızının ruhu ona dirək oldu. İndi respublika qəzetlərində say-seçmə insanlar sırasında bir monqoloid şəkli peyda olmuşdu.
* * *
Sadıq Mustafayev Şövqi Həsənovun tamam əksi olan bir adamdı. Şövqi müəllim məhəbbətini reallaşdırırdısa, o, bütün qadınlara, həmçinin anasına nifrətini real formalarda üzə çıxarmağa tələsirdi. Vəzifəyə çatan kimi Allah var-dövləti başından tökdü; bir növ, onda nifrət üçün "maddi baza" yarandı. Əvvəlki həyata dair xatirələri indi ona gülünc görünürdü. Hə, uşaqlıqda velosipedə, təzə məktəb formasına necə sevinmişdisə, gənclikdə də zavodda işə düzəlib cındır bir yataqxanada yer almağına elə sevinərdi. İşə bax, Şövqi müəllim akt zalında təsadüfən onu görməsəydi, tale uzunsov təbəssümlə onun üzünə baxmasaydı, elə bu xırda sevinclərlə də ömrü yelə verəcəkdi.
Çox dedilər, az dedilər, axır Sadıq Mustafayevdəki zahiri monqolluq daxili monqol duyğularıyla nəticələndi. O artıq monqolcasına düşünür, qədim istilalar tarixi onu sevindirirdi. Onda monqol tarixi gec çiçəklər açmışdı. Yuxudaca Rusiya çöllərində at çapır, hətta nə qədər bərk yata, ayaqlarında at çaparkən törənən ağrılardan oyanırdı. Bir dəfə Çingizxan haqqındakı bilikləri yuxuda fantastik tarixi süjetlərdə düzümlənmişdi.
Onun qorxusundan evdə kölgə kimi dolanırdısa da, Sadıq gülən gözlərindən görərdi ki, anası xoşbəxtdir. Ancaq hər hansı qurbağaya bəxş edəcəyi xoşbəxtlik bəlkə onu sevindirərdi də, di gəl, ana adlı bu adamcığın xoşbəxtliyinə biganə idi. Axı, necə olub ki, onun uşaqlıqdan çəkdiyi ağrı-acılar bu arvadın birçəyində bircəcik ağ tükləsə əks olunmayıb. O nə bunu, nə də onun sevgisinə məhəl qoymayanları unudub. Nə oldu, indi ocağının başında şöngüyən tapıldı?
Get-gedə artan varidatı monqol-tatar zorlamaları faktını zərərsizləşdirmiş, ondakı bütün "tarixi" eyiblərin üstünü örtmüşdü. Var-dövlət namussuzluqları heçə endirən, lotuluqlara müqəddəslik namı qazandıran şey imiş. Ona ərə gəlmək istəyənlər arasında artıq hər gün dava qopurdu. Axır birinə "hə" dedi. Amma qəribədir, o, gərdəyə girərkən, qızı uçub şirəyə qonmuş milçək yerində gördü. Qaraca da bir qızdı; burnunu tutsan canı çıxardı. Elə həmin gecədəcə ona "milçək" dedi.
"Bu gündən, - dedi, - sənin adın milçək qalır". Qız dinmədi. Həmin gecədən yadda saxlamağa bir öpüş nədi - o da olmadı. Tfu! Əşyaların tığ vurulduğu, təzəlikcə topdağıtmaz olmuş evi bu milçək üçün onun özündən qiymətli imiş. Qəhərdən boğulurdu. Arvad ona yox, əşyalara gəlmişdi (doğanda da qorxasan əşya doğa). Ancaq bir gün bəhanə tapıb artıq arvad olmuş dünənki qızın qulağının dibinəcə ürəkdən tikan çıxardan bir yumruq ilişdirdi. İnsafən, daşdan səs çıxdı, ondan yox. Əksinə, sonra bu hadisəni gülməyə saldı. Təzə qohumlardan da ona güldən ağır söz deyən tapılmadı; hələ bəlkə günahı öz qızlarında gördülər. Amma əvvəlki vaxtlar olsaydı, ona hökmən qulaqburması verdirərdilər.
Monqol təzə peşə tapıb: işdən tez-tez gəlir, evdə mərəkə qoparır və təzədən rədd olub gedir. Əlbəttə, özü də bilir ki, bu mərəkələr tutduğu yüksək vəzifə ilə heç cür uyuşmur. Bir gün də qışqıra-qışqıra:
- Bax, qoy bu rumın mebeli sənin ərin olsun! Mən getdim! - dedi.
Dedi və həqiqətən, çıxıb getdi. Gəlin gözlərini döyə-döyə qaldı. Bəlkə də kişi xeylağı belə olmalı idi. Sadıq harda batdısa, düz bir həftə evə dönmədi. Axır gəlib çıxanda, qızı yenə mebellə yan-yanaşı gördü. Deyəsən, zənni düz çıxır. Arvadı güllü əsgiylə mebelin üzünü elə silir, deyirsən, onunla sevişir. Yox, məhz elə bu fakt intiqam üçün kifayətdi. Qadınlardan, hətta anadan alınası intiqam get-gedə onun qayəsinə çevrilirdi. Yoxsa əsas da bu arvadın sağlamlığı axır onu dəli edəcək. Barı anası oğlunun onu öldürməsini gözləməyə, özüciyəz ölüb gedə. Düzü, Sadıq qadın tayfasından kimlərin ölümünü dumanlı şəkildə planlaşdırırdısa da, anası barəsində elə fikri yoxdu: qoy özü öz əcəli ilə ölsün.
Evdən kənar yerlərdə bir-iki saatlığa, bəzən bir gecəliyə satın aldığı qadınların ona bəxş etdiyi bol-bol gülüşlərdən də artıq çiyrinmişdi. İnsandakı ən saxta cəhətlərdən biri gülüşdür. Ümumiyyətlə, insanda gülüş yasaq olunmalıdır. Axı, bu nəyə lazımdır! O, gözəl qadın əndamlarını yataqda gah bu, gah digər səmtə çöndərdikcə, keçmişdə olsaydı, onların ona ərə gəlməyəcəklərini düşünürdü. Təbəssümlərini görməsin deyə, üzlərinə baxmadığı gözəlçələr ona canlı ət çappalarını andırırdı.
Ətdə gülüşə nə lüzum! Ətdə gülüş çəhrayı yarlığa bənzəyir. Kasıb çağlarında qadınlarda gördüyü məğrurluq tamam boş bir şey imiş. Qadınlarda məğrurluq illüziyadır. Hayana dönə, yenə kişilər! Heç kəs qısnamadı - Şövqi Həsənov özü onu gənclikdə sevdiyi, ildırım vurmuş adi bir monqol qızının xatirinə göylərə ucaltdı. Bir təmənna güdmədən.
Amma bircə qadınınsa boğazını quş boğazı kimi üzə bilsə, bəlkə onda ürəyi soyuyar, həm də bu ləzzət ona ömrü boyu bəs edərdi. Onu yandıran əsas şey bu qara qarğanın ona ölçü-biçi və hesabla ərə gəlməsi idi. Üstəlik, daim onu silib-əzizlədiyi rumın mebeli ilə bir tutur. Yox, bəlkə bunun uşağı mebeldən olacaq; uşaq elə mebelə oxşayacaq.
Sadıq Mustafayev şər təcəssümü bildiyi qadınların ikicəciyini evində saxladıqca, qan təzyiqi, hər gün ölçdürür, dəmbədəm yüksəlməkdə idi. Mahnılardakı kimi də, deyir, evində ilanlar bəsləyir. Lakin artıq nə ananı ana bilir, nə arvadı - arvad. İkisi bir sifətdə - cizgilər yumaq olub bir-birinə qarışmışdı. Daha onlarla bir mənzildə nəfəs çəkmək də dözülməzdi - astmalılar kimi boğulurdu.
***
Bir gecə Sadıq Mustafayevgilin pəncərələri səhərəcən, az qala tavana çatan işıq sütunları ilə bəzəklənmişdi. Elə bilirdin içəridə dirəkləri qızıldan olan qəsr ucaldılıb. Nəhayət, qızıl dirəklər sübhün qıpqırmızı şəfəqlərindən solub görünməz olanda, sürücüsü mənzilinə qalxıb onu kişilər haqqında həmişə oxuduğu kitab üstündə tutdu. Bir-birindən seçilməyən, qapqara yanmış iki məxluq döşəmənin tən ortasında yan-yana uzadılmışdı.
- Bu kömür insanları gördünmü? Həminkilərdi: anamla arvadım. Di get, lazımi orqanlara xəbər elə. Qorxma, şərəfsizliklərini tərtəmiz yumuş insanın hamı qarşısında alnı açıq, üzü ağdır, - o, bu sözləri qeyrətli monqolların şanlı tarixi içindən çıxmış namuslu bir monqol kimi söylədi.
Sadıq Mustafayev pasportunda "azərbaycanlı" yazılmış monqol kimi tutuldu.
1997, may-iyun