Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:16

«Dedilər yazmasan, sənə «içəridə» yazmağı öyrədərlər»


Hüseyn Arabul
Hüseyn Arabul
«Məni sərhəddə heç kəs tutmayıb. Mən özüm Gürcüstan sərhədində gürcü sərhədçilərinə yaxınlaşıb Azərbaycan tərəfinə keçmək istədiyimi bildirmişəm. Gürcü sərhədçilər də məni Azərbaycan sərhədçilərinə təhvil veriblər. Azərbaycan sərhədçiləri biləndə ki, onlara təhvil verilən şəxs Hüseyn Arabuldur, bax, hər şey bundan sonra başladı».

Bu sözləri sentyabrın 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Barmek-Azərbaycan» şirkətinin prezidenti, Azərbaycan sərhədini qanunsuz yolla keçməkdə təqsirləndirilən Hüseyn Arabul bildirib.

O, Azərbaycan sərhədini necə keçdiyini xatırlamadığını bir daha söyləyib:

«Çünki mənə suya nə isə qatıb vermişdilər, yatmışdım. Ayılanda sürücü dedi ki, əfəndim, biz sərhədi keçdik, indi Gürcüstan sərhədindəyik. Mən əsəbiləşdim, maşını saxladıb aşağı düşdüm, dedim ki, mən heç yerə getmək istəmirəm. Gürcü sərhədçilərə yaxınlaşıb dedim ki, Azərbaycandan çıxmışam, geri qayıtmaq istəyirəm, onlar da məni azərbaycanlı sərhədçilərə təhvil verdilər».

Hüseyn Arabul izahatı ona Dövlət Sərhəd Xidmətinin Elçin Vəliyev adlı əməkdaşının yazdırdığını bildirib:

«Təzyiq göstərirdi ki, yazım ki, sərhədi torpaq yolla keçmişəm. Mənsə yazmaq istəmirdim. Deyirdi yaz, yazmasan, sənə «içəridə» yaxşı yazdıracaqlar. Belə sözlərlə məni hədələyirdi. Ona görə torpaq yolla keçdiyimi yazdırmaq istəyirdi ki, guya, mən sərhədi gizli yolla keçmişəm. Mənsə bir daha deyirəm ki, sərhədi keçəndə huşum başımda olmayıb».

Məhkəmədə təqsirləndirilən şəxs qismində Türkiyə vətəndaşı Ayxan Dönməz də ifadə verib. Bu şəxs zamindədir.

A.Dönməz ifadəsində göstərib ki, Hüseyn Arabulun Şəmkirə aparılmasından və sərhəddən keçirilməsindən ona da pul çatacaqmış. Ancaq son anda fikrindən daşınıb.

Hakimin «əgər peşman olmuşdunuzsa, nəyə görə Arabul sərhədi keçəndən sonra onun yanındakı adamlara tez-tez zəng vurub işlərin qaydasında olub-olmadığını, Arabulun vəziyyətini soruşmusunuz» sualına A.Dönməz cavab verməyib.

«Barmek Azərbaycan» şirkətinin rəhbəri Hüseyn Arabul 2 il əvvəl mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirli bilinərək 5 il şərti cəzaya məhkum edilmişdi. Bu müddət ərzində o, Azərbaycan ərazisini tərk edə bilməzdi.
XS
SM
MD
LG