Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:32

A.Rəhimov medianın xəbərinə inanmır


«Eurovision 2009» yarışmasında 3-cü yerə çıxmağımızı bizə bağışlaya, indiyə kimi özlərinə gələ bilməyən erməni qonşularımız düşünüb ki, necə olur, biz neçə illərdir ki, çalışırıq yer tuta bilmirik, müsabiqədə 2-ci dəfə iştirak edən Azərbaycan bu nailiyyəti əldə edir».

Sentyabrın 4-də Gənclər və İdman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, yarışmada erməni ifaçılarına Azərbaycandan səs göndərənlərin Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılıb dindirilməsi ilə bağlı deyilərlər tamamilə siyasi bir oyundur. Nazir bu məsələdə xüsusilə AzadlıqRadiosunu günahlandırıb:

«Azadlıq»ın köməyi ilə nəsə tapılıb. Kimisə harasa çağırıblar. Heç kimi maraqlandırmır, nəyə görə çağırıblar, neçə nəfəri çağırıblar? Əsas odur ki, səs-küy salmağa imkan yaranıb. Burada lazımi adamlarla danışıb məqalələr buraxmaq imkanı var. İnternetdə hər şey göz qabağındadır. Normal təhlil edə bilən adam şübhə etməz ki, bu, bir siyasi aksiyadır, onun MTN-in və ya 43 nəfərdən ibarət olan siyahı ilə heç bir əlaqəsi yoxdur. Bu, mənim mövqeyimdir və inanıram ki, nazirliyin də mövqeyidir».

Azad Rəhimov deyir ki, heç kim heç kimi harasa çağırmır və heç kimə də təzyiq göstərilmir:

«Necə olur ki, 43 nəfərlik siyahıdan söhbət gedir, amma məlumatı yayan Rövşən Nəsirlidən başqa heç kim MTN-ə dəvət olunmur».

Avqustun 17-də MTN-in müstəntiqi Ceyhun Süleymanov BBC radiosunun Azərbaycan xidmətinə Rövşən Nəsirlinin dəvət olunması faktını təsdiqləyib.

Azad Rəhimov isə buna inanmadığını bildirib:

«MTN-in sıravi əməkdaşı götürüb BBC radiosuna danışa bilməz. Gəlin, məntiqə əsaslanaq. Gənclər və İdman Nazirliyinə mətbuatdan zəng edənlərin suallarını mətbuat xidməti cavablandırır. MTN isə Gənclər və İdman Nazirliyi deyil, bu, təhlükəsizlik nazirliyidir. BBC zəng edir, onun sıravi işçisi də dəstəyi götürüb nə danışdığını deyir. Kiminsə imzaladığı protokolu göstərmədi ki?».

Bu ilin may ayında keçirilən «Eurovision 2009» mahnı müsabiqəsində iştirak edən erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib.

Erməni ifaçılara səs göndərmiş Rövşən Nəsirli, Turan Oruclu və adının çəkilməsindən ehtiyat edən digər gənclər Milli Təhlükəsizlik Nazirliyinin müvafiq rayon şöbələrinə çağırılıblar. Onlardan Rövşən Nəsirli həmçinin dindirilib. R.Nəsirlidən Ermənistan iştirakçısına niyə görə səs göndərmələri ilə bağlı izahat alınıb.

Gənclər və İdman naziri Azad Rəhimov bundan əvvəl də AzadlıqRadiosunu məsələni siyasiləşdirməkdə ittiham etmişdi.

Avropa Yayım Birliyinin «Eurovision» mahnı müsabiqəsi bölməsinin rəhbəri Svante Stockselius deyib ki, Ermənistan iştirakçılarına səs verən azərbaycanlıların MTN tərəfindən dindirilməsi haqda ittihamları araşdırırlar.

Xarici İşlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev «Eurovision 2009» mahnı müsabiqəsində Ermənistan təmsilçilərinə səs verənlərin Milli Təhlükəsizlik Nazirliyinə çağırılmasını səhv addım sayıb:

«Problem ondan ibarətdir ki, belə bir işlər olanda hamı onu yüksək rəhbərliyə aid edir. Amma mən inanıram və bilirəm də ki, bu, hansısa aşağı rütbəli bir məmurun işidir. Mən hesab edirəm ki, bu səhv addımdır».

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Media forum» saytına müsahibəsində yayılan məlumatları «şayiə» adlandırıb.
XS
SM
MD
LG