Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:07

Avropa ilə qaz bazarlığı


Andris Piebalqs və İlham Əliyev, 7 noyabr 2006
Andris Piebalqs və İlham Əliyev, 7 noyabr 2006
««Nabucco» layihəsi ilə bağlı siyasi problemlər həll olunub, qalıb kommersiya məsələləri. Bakıdakı qaz konfransı bir şansdır ki, şirkətlər görüşüb razılığa gəlsinlər».

Bunu Avropa Birliyinin enerji komissarı Andris Piebalqs Bakıda mətbuat konfransında deyib.

«AVROPA BİRLİYİ AZƏRBAYCANDAN QAZ ALACAQ, BU AYDIN MƏSƏLƏDİR»

Azərbaycan da «Nabucco» kəmərini doldurmaq üçün «Şahdəniz-2» layihəsi çərçivəsində qaz sata bilər. Xəzər qaz infrastrukturu konfransı çərçivəsində Avropa Birliyinin komissarı - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevla görüşüb bu məsələni də müzakirə ediblər. Piebalqs deyir:

«Avropa Birliyi Azərbaycandan qaz alacaq, bu aydın məsələdir, amma bunun üçün əvvəlcə risklər azaldılmalıdır və bu iştirak bütün tərəflər üçün sərfəli olmalıdır».

Amma Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev da deyir ki, Azərbaycanın imkanları genişdir, hələ ki, müştərilərin təkliflərini nəzərdən keçirir:

«Biz təkcə «Nabucco» ilə yox, başqa layihələrlə də işləyirik. Bu, Türkiyə, Yunanıstan və İtaliya xətti üzrə layihələri də müzakirə edirik. Bilirsiniz ki, «Şahdəniz-2» layihəsini həyata keçirmək üçün 22 milyard dollar investisiya tələb olunur və bu investisiyanı həyata keçirmək üçün ARDNŞ və onun partnyorları qazın bazarlanması və tranzitini ən sərfəli qiymətlərlə həyata keçirək».

İQTİSADİ LAYİHƏLƏRİ SİYASİLƏŞDİRMƏK LAZIM DEYİL

Bir müddət əvvəl Azərbaycan Rusiyaya qaz satacağı ilə bağlı saziş imzalayıb. Prezident İlham Əliyev Rusiyanın «Vesti» telekanalına müsahibəsində demişdi ki, Rusiyaya «Şahdəniz-2»nin qazını da sata bilərlər.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev isə qaz konfransında dedi ki, iqtisadi layihələri siyasiləşdirmək lazım deyil.

«Nabucco» qaz kəməri Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün nəzərdə tutulur.

Norveçdə çıxan «Upstream» enerji qəzetinin Xəzər üzrə müxbiri Kəmalə Mustafayeva AzadlıqRadiosuna deyir ki, Azərbaycan rəsmiləri qaz satışının siyasiləşdirməməyi məsləhət görsə də, siyasətsiz ötüşmək mümkün olmayacaq:

«Bütün hallarda Azərbaycan ona təqdim olunan bir neçə layihə üzrə Avropaya qaz satacaq. Çünki ARDNŞ-in də əsas məqsədi qaz satışı mənbələrini müxtəlifləşdirməkdir».

«Nabucco» əsasən Orta Asiya qazını Avropaya daşımalıdır. Bu həftəsonu Rusiyanın prezidenti Dmitriy Medvedyev Türkmənistanda həmkarı Qurbanqulu Berdiməhəmədovla danışıqlar aparıb. Hələlik nəticə haqda açıqlama yoxdur.

Avropa Birliyinin enerji komissarı Andris Piebalqs Türkmənistanın «Nabucco»ya qaz verməsi haqda Bakıda bunları dedi:

«Türkmənistan qazı indi də Avropaya gəlir. Amma «milliyətini dəyişmiş» formada. Yəni, sərhəddə bu qazı Rusiyaya satırlar və biz Rusiyadan alırıq. Qazı kimə satmaq Türkmənistanın daxili işidir. Bildiyimizə görə Türkmənistan da Avropa Birliyinə qaz satmaqda maraqlı olduğunu deyib. Biz isə Türkmənistanın Birliyin əsas qaz təchizatçısı olmasını istəyirik».

«Nabucco»nun tikintisinin 2014-cü ilə kimi başa çatmalıdır.
XS
SM
MD
LG