Bir sıra ekspertlər bildirir ki, Azərbaycanın siyasi mühitindəki böhrandan çıxmaq üçün iqtidar-müxalifət dialoquna başlamaq vacibdir. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, iqtidar-müxalifət dialoqu birbaşa demokratiyanın inkişaf səviyyəsindən asılıdır: «Bu gün Azərbaycanda demokratik quruluş, demokratiya tərəfləri yoxdur, ona görə də bu tərəflər arasında münasibətlər qurula bilmir». Ana Vətən Partiyası sədrinin müavini, parlamentin üzvü Zahid Oruc isə düşünür ki, iqtidar-müxalifət dialoqunun baş tutması mürəkkəb məsələdir: «1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda müxalifət iqtidarı tanımadı. Bizdə hələ də belə hesab olunur ki, hakimiyyətin legitimliyini tanımaq hər hansı siyasi qüvvənin məhvi deməkdir. Elə bu baxışlar sistemi formalaşdığına görə iqtidar-müxalifət dialoqu baş vermir». S.Cəlaloğlu isə fərqli düşünür: «1992-ci ildə prezident Əbülfəz Elçibəy ölkədə ona ən qatı müxalifət mövqe tutan partiyaların iştirakı ilə müzakirələr keçirdi. Elçibəy iqtidarın strateji siyasətini açıq şəkildə bütün partiyalara bildirməklə yanaşı, onların ümummilli məsələlər barədə fikirlərini dinlədi. Həmin görüşdə YAP təmsilçiləri partiyanın işiylə bağlı qarşılaşdıqları problemlər haqda prezidentə məlumat verdilər, Elçibəy isə öz növbəsində, bunların aradan qaldırılması üçün göstərişlər verdi. O görüşdən 3 ay sonra Azərbaycanda çevriliş oldu. Demokratik quruluşlarda iqtidar dialoqun, avtoritar rejimlərdə isə monoloqun tərəfdarı olurlar». «Dialoq təklifi kimdən gəlməlidir» məsələsinə münasibət bildirən Zahid Oruc deyir ki, bu, situasiyadan asılıdır: «Hər zaman düşünürlər ki, bu təklif mütləq hakimiyyətdən gəlməlidir. Heydər Əliyevin də, İlham Əliyevin də hakimiyyətinin ilk illərində belə təkliflər olub. Ancaq bunlara çox gecikmiş, müxtəlif şərtlər altında əks reaksiyalar oldu. Bundan sonra da tərəflərin hər hansı addım atması qeyri-mümkün oldu». S.Cəlaloğlunun fikrincə, «o ölkələrdə ki, iqtidarla müxalifət arasında kəskin qütbləşmə var, orda vətəndaş müharibəsi təhlükəsi böyükdür. Dövlətdə məsuliyyəti kim daşıyırsa, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması üçün o, təşəbbüs göstərməlidir. Siyasi qüvvələr arasında dialoqun olmaması ölkədə siyasi şüurun inkişafını əngəlləyib. Bu gün ictimai şüurun inkişafına görə bütün qonşu xalqlardan geridəyik. Dövlət zorla yox, nüfuzla idarə olunmalıdır. İqtidarın nüfuzu yoxdursa, müxalifət, xalq onu qəbul etmirsə, hakimiyyətdə oturmamalıdırlar». Z.Oruc isə polemika ənənələrinin formalaşmasının tərəfdarıdır. Onun fikrincə, «qütbləşməni aradan qaldırmaq üçün bu, olduqca vacibdir. Ancaq bunun üçün müxalifət öz barışmaz mövqeyindən əl çəkməlidir»... |