Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 00:38

Bir daha diffamasiya haqqında


ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti
«Liberal demokratiyalarda qabaqcıl çoxmədəniyyətliliklə həmahəng səslənsə də, BMT-nin yeni «dinin diffamasiyası»nı pisləyən təklifi hökumətin söz azadlığı üzərində repressiv nəzarətini möhkəmləndirir».

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti «Eurozine» jurnalında nəşr olunan yazısında belə qeyd edir.

Haraşti bildirib ki, «artıq söz azadlığının qanunsuz məhdudlaşdırılması ilə mübarizə aparmaq çətin olmamalıdır, belə ki, bir çox diktator demokratiyaya keçid ediblər. Tələb olunan standartlar isə kifayət qədər aydındır: cinayətə təhrikçiliyə cinayət kimi baxılmalıdır, amma təhqiredici sözlər etik qurumlar və mülki məhkəmələr vasitəsilə mətbuatda dialoq yolu ilə həll olunmalıdır».

Bəs bunun əvəzində biz nə görürük? Haraşti deyir ki, şərəf və ləyaqətin təhqir olunmasının cinayət məcəlləsindən çıxarılması sahəsində irəliləyiş olsa da, söz azadlığına dair milli cinayət məcəlləsində yeni məhdudiyyətlərin artması müşahidə edilir.

Martın 26-da BMT-nin İnsan haqları Şurası «dinin diffamasiyası»nı pisləyən qətnamə qəbul edib. Baxmayaraq ki, bir çoxları bunun söz azadlığının məhdudlaşdırılmasını haqlı çıxara biləcəyindən ehtiyatlanırdı.

Mikloş Haraşti yazısında Azərbaycandakı vəziyyətə də toxunur. 2 il əvvəl «Sənət» qəzetinin jurnalisti Rafiq Tağı və baş redaktor Samir Sədaqətoğlunun dini ədavəti qızışdırmaq ittihamı ilə 3 və 4 illiyinə azadlıqdan məhrum edildiyini yazır. «Avropa və biz» adlı yazıda Avropa və islam dəyərləri müqayisə olunub, tənqidi fikirlər yer almışdı. Haraşti yazır ki, məqalə müəllifinin tezisləri günahsız olub.

Yazıda o da qeyd olunur ki, hər iki jurnalistə İranda ayətullah Fazil Lənkərani ölüm fətvası da vermişdi. Və yerli dindarlar bundan sonra jurnalistlərə qarşı hədə-qorxu kampaniyasına başlamışdılar.

Haraşti qeyd edir ki, ən mühüm məqamlardan biri odur ki, ölüm fətvası verən ayətullah nə Azərbaycanda, nə də İranda qızışdırmaqda ittiham olunmadı.

Haraşti əlavə edir ki, bu cür hal nəinki Azərbaycan, bir sıra müsəlman olmayan ölkələrə də xasdır. Onların hamısı ATƏT və bir qismi isə Avropa Şurasına üzv ölkələrdir.
XS
SM
MD
LG