Gənclər bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər
Oktyabrın 7-də Səbail rayon Məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi davam edib. Prosesdə gənclərin vəkilləri vəsatət qaldıraraq Emin Milli və Adnan Hacızadə barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini və bunun girovla əvəzlənməsini hakimdən xahiş ediblər.
Dövlət ittihamçısı isə Cinayət Prosessual Məcəllənin 121.3-cü maddəsini əsas gətirərək deyib ki, yeni dəlillər olmadan artıq bir dəfə rədd edilmiş vəsatət yenidən qaldırıla bilməz. Ona görə də, məhkəmədən bu dəfə də vəsatəti təmin etməməyi xahiş edib.
Hakim vəsatətə baxmaq üçün prosesdə fasilə elan edib və geri qayıdanda vəsatətinin rədd olunduğunu bildirib.
Daha sonra prosesdə məhkəmə eksperti Məcid Məmmədov ifadə verib. Ekspertdən rəyindəki latın terminlərinin izahı soruşulub. Daha sonra rəyin mahiyyəti üzrə vəkillərin suallarını cavablandırıb.
Məcid Məmmədov deyib ki, verdiyi rəyi təsdiq edir. Ancaq o, rəyindəki şübhəli məqamlara dolaşıq cavablar verib.
Məsələn, deyib ki, baş-beyin silkələnməsi ilə adi beyin silkələnməsi arasında fərq var. Vəkil Elton Quliyev isə deyib ki, bu, tibbdə yenilikdir.
Vəkillər ekspertə irad tutublar ki, hadisədən dərhal sonra Vüsal Məmmədova həkimin verdiyi rəydə baş-beyin silkələnməsinin əlamətləri ilə bağlı heç nə göstərilməyib. Amma ekspertin bundan təxminən 10 saat sonra verdiyi rəydə həmin əlamətlərin olduğu göstərilib. Onlar bu ziddiyyəti aydınlaşdırmağı ekspertdən xahiş ediblər. Ekspert isə deyib ki, Vüsal Məmmədova verdiyi rəydə onun bu xəsarəti nə vaxt aldığını dəqiq deyə bilməyəcək.
EKSPERT GÖRMƏDİYİNİ RƏYƏ SALIB
Zərərçəkən Vüsal Məmmədovla bağlı ekspert rəyində onun xəsarət alandan sonra ambulator müalicə olunması yazılıb. Buna açıqlama gətirən ekspert Məcid Məmmədov ambulatory müalicə ilə bağlı əlində heç bir sənəd olmadığını, bunu sadəcə, Vüsal Məmmədovun şifahi deməsi əsasında rəyə saldığını bildirib. Vəkillərin «Vüsal Məmmədovun qulağının qanamasını şəxsən görmüsüzmü» sualına cavabında da ekspert deyib ki, bunu rəyə sadəcə, xəstəlik taxində yazıldığına görə salıb, şəxsən özü görməyib.
Daha sonra vəkillər «Livan» restoranının sahibəsi Şahzeynəb Rüstəmovanın şahid kimi dindirilməsini istəyiblər. Hakim isə deyib ki, xəstəxanadan sənəd gəlib ki, Rüstəmova ötən ay əməliyyat olunub və prosesə gələ bilməyəcək.
Vəkillər Adnanla Emin döyüləndən sonra onların yanında olan daha 7 şahidin də dindirilməsini vacib hesab eləyiblər. Ancaq hakim bu 7 nəfərdən yalnız birinin - Rəşadət Axundovun dindirilməsinə razılıq verib.
SINMIŞ STƏKANLAR
Rəşadət Axundov isə ifadəsində deyib ki, Adnanla Emini xəsarət almış vəziyyətdə görüb. O, Vüsal Məmmədovu 9-cu polis bölməsində gördüyünü və onun xəsarət almadığını da bildirib. Rəçadət Axundov onu da deyib ki, hadisə baş verəndən sonra «Livan» restoranına dostlarının orda qalmış əşyalarını geri götürməyə qayıdıblar. O zaman restoranın inzibatçısı onlardan hesabı ödəməyi istəyib. Hesaba mübahisə zamanı sındırılmış stəkanların pulu da salınıb. Gənclər həmin stəkanları qarşı tərəfin sındırdığını bildirib və bu pulu ödəməkdən imtina ediblər. Restoranın inzibatçısı da bu iradla razılaşıb və sınmış stəkanların pulunu gənclərdən almayıb.
Daha sonra vəkillər zərərçəkənlər Vüsal Məmmədovla Babək Hüseynovun növbəti prosesə gəlməsini də istəyiblər. Hakim də zərərçəkənlərin nümayəndəsindən bu xahişi təmin etməyi istəyib.
Bununla da bugünkü proses başa çatıb.
Növbəti proses oktyabrın 9-u saat 3-də olacaq.
Gənc bloqqerlər – Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.
Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
Səbayıl məhəkməsinin binası qarşısından görüntülər