Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:53

Bələdiyyələrin əhəmiyyətli struktura çevrilməsinə nə mane olur?


Şəki bələdiyyəsi

MEHDİYEVİN MÖVQEYİ


«Yerli özünüidarəetmə sisteminin mükəmməl və hərtərəfli inkişafına mane olan səbəblərin bir hissəsi də əhalinin bələdiyyə idarəçilik prinsiplərini həyata keçirməyə kifayət qədər hazır olmamasıdır. Ali təhsillilərin sayına görə çox böyük göstəricilərə malik Azərbaycanda bələdiyyə üzvlərinin yalnız üçdə bir hissəsinin ali təhsilli olması, qadınların burada cüzi təmsilçiliyi özünüidarə orqanlarının inkişafına mənfi təsir göstərən amillərdəndir».

Bu fikirləri 2007-ci ilin iyununda bələdiyyə sədrlərinin ümumrespublika toplantısında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. Həmin vaxt o bildirirdi ki, problemləri yaradan digər səbəblər sırasında nəzəri biliklərin verilməsindəki çatışmazlıqlar, dövlət başçısının sərəncamlarına düzgün əməl olunmaması da var.

Aradan 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ölkədə yerli özünüidarəetmə orqanlarının hələ də əhəmiyyətli quruma çevrilmədiyini bildirənlər az deyil.

Bu barədə söhbətləşdiyimiz bəzi mütəxəssislər isə problemin bələdiyyələrdə və ya əhalidə yox, dövlətin yerli özünüidarəetmə institutuna münasibətində olduğunu deyirlər.

«DİN-İN BİR ÇOX SƏLAHİYYƏTLƏRİ BƏLƏDİYYƏLƏRƏ VERİLİB»

AzadlıqRadiosunun Türkiyədəki müxbiri Mais Əlizadə öz araşdırmalarına əsaslanaraq bildirir ki, Türkiyədə 1950-ci ildən bu yana hər il mərkəzi hakimiyyət öz səlahiyyətlərini bələdiyyələrlə daha çox bölüşür. Bu bölüşmə nəticəsində ölkədə demokratiya inkişaf etməklə yanaşı bələdiyyələrin əhəmiyyəti də artır:

«Bu gün Türkiyədə DİN-in bir çox səlahiyyətləri alınıb bələdiyyələrə verilib. Məsələn, yol polisinin səlahiyyətləri bələdiyyələrdədir.
Mais Əlizadə
Bundan əlavə, Tikinti Nazirliyinin bir çox səlahiyyətləri, məsələn, yolların, körpülərin, metroların tikintisi bələdiyyələrə verilib. Misal üçün İstanbulda metronu İstanbul bələdiyyəsi tikib. Bələdiyyələr xidmət şirkətləri qururlar. Tutaq ki, dövlətin xaricdən idxal etdiyi qazı satıb gəlir əldə edirlər, su həmçinin. Təmizlik, nəqliyyat işlərindən böyük gəlir əldə edirlər. Banklar bələdiyyələrə kreditlər verir. Bəzən elə bələdiyyə olur ki, layihəsinə 500-600 milyon dollar kredit ala bilir. Məsələn, Türkiyənin 4 böyük şəhərinin 2-si iqtidarın, 2-si isə müxalifət partiyalarının əlindədir. Bunlar arasında xalqa daha yaxşı xidmət göstərmək uğrunda mübarizə gedir ki, mərkəzi hakimiyyətə aparan yolda daha güclü olsunlar. Əskişəhər bələdiyyəsinin sədri keçmiş universitet rektorudur. 3-cü dönəmdir ki, xalq onu bələdiyyə başqanı seçir. İqtidar nə qədər çalışsa da orada ona qalib gələ biləcək rəqib ortaya çıxara bilmir».

M.Əlizadə deyir ki, Türkiyədə əhali bələdiyyəyə təhsilinə, savadına görə yox, işinə görə qiymət verir. Orada bələdiyyə seçkiləri iqtidar üçün reytinqini yoxlamaq, müxalifət üçünsə xalqa xidmət göstərmək imkanı əldə etmək baxımından önəmli əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu ilin mart ayında Türkiyədə keçirilən bələdiyyə seçkilərində məlum olub ki, hakim AKP-nin reytinqi təxminən 8 faiz aşağı düşüb.

Müxbirin sözlərinə görə, Türkiyədə xalqın gündəlik problemlərini dinləmək və həll etmək üçün mərkəzi hakimiyyətdən daha çox bələdiyyələrin imkanı var ki, bu da yerli özünüdarəetmənin əhəmiyyətini artırır.

«BƏLƏDİYYƏLƏRİN TAM VƏ MÜSTƏSNA SƏLAHİYYƏTLƏRİ YOXDUR»

Bəs Azərbaycanda bələdiyyələrin əhəmiyyətli struktura çevrilməsinə nə mane olur?

Bələdiyyələr üzrə ekspert Abil Bayramov hesab edir ki, Azərbaycanda yerli özünüidarəetmənin əhəmiyyətinin artmasına mane olan bir sıra faktorlar var:

Abil Bayramov
«Bələdiyyələrin tam və müstəsna səlahiyyətləri yoxdur. Səlahiyyətlər əksər hallarda qeyri-müəyyən və məhduddur. Digər faktor yerlərdə idarəetmədə paralelliyin mövcudluğudur. İcra hakimiyyəti ilə bələdiyyələr arasında konkret səlahiyyət bölgüsü yoxdur. Əhəmiyyətli faktorlardan biri bələdiyyələrin maliyyə imkanlarının zəif olmasıdır. Çünki yerli özünüidarə haqqında Avropa Xartiyası da tələb edir ki, bələdiyyələrə öz səlahiyyətlərinin həyata keçirilməsini təmin edə biləcək maliyyə mənbələri verilməlidir. Bələdiyyələrin əhəmiyyətinin artırılması üçün normal kadr potensialının yenidən hazırlığı və ixtisasların artırılması sistemi yoxdur. Normal kadr potensialının əsası isə seçkilərdə qoyulur. Əgər azad və ədalətli seçkilər keçirilərsə, bu məsələ həllini tapar. Mənə elə gəlir ki, bu problemlər aradan qaldırılsa, bələdiyyələrin əhəmiyyətini artırmaq mümkün olar».

A.Bayramova görə, bələdiyyələrin əhəmiyyətinin artması son nəticədə ölkənin inkişafı deməkdir. Çünki dünya təcrübəsi də göstərir ki, yerli özünüidarəetmə institutu inkişaf etmədən regional inkişafa nail olmaq mümkün deyil. Ölkənin inkişafı isə regional inkişafdan başlayır.

«BƏLƏDİYYƏ SƏDRİ GÖRƏCƏYİ İŞİ İCRA BAŞÇISI İLƏ RAZILAŞDIRMALIDIR»

Azərbaycanda «Bələdiyyələrin statusu haqqında» qanun 1999-cu ildə qəbul edilib.

2007-ci ildə isə Milli Məclis «Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında» qanun layihəsini rəsmiləşdirib. Sənəddə qeyd olunur ki, nəzərdə tutulan həmin əlavə səlahiyyətlərin icrası zamanı icra hakimiyyətlərinin rəyi nəzərə alınmalıdır. Yəni bələdiyyə sədri görəcəyi işi icra başçısı ilə razılaşdırmalıdır. Həmin müzakirələr zamanı deputatlar Pənah Hüseyn, İqbal Ağazadə və bəzi başqa millət vəkilləri bu cür əlavələrin bələdiyyələrin əhəmiyyətini daha da azaldacağını, əvəzində icra hakimiyyətlərinin yerli özünüidarəetmə institutu üzərində nəzarətini gücləndirəcəyini bildirirdilər.

İndiyə qədər ölkədə 2 dəfə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Dekabrın 23-də sayca 3-cü seçkilər keçiriləcək.
XS
SM
MD
LG