Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:02

Azərbaycanlı alim İranda niyə həbs olunub?


İran tərəfi Rəşid Əliyevə dəfələrlə ailəsilə birlikdə birdəfəlik bu ölkəyə köçməsini təklif etsə də, alim bunu qəbul etməyib
İran tərəfi Rəşid Əliyevə dəfələrlə ailəsilə birlikdə birdəfəlik bu ölkəyə köçməsini təklif etsə də, alim bunu qəbul etməyib
«2008-ci il oktyabrın 6-da İranda həbs edilən Azərbaycan alimi Rəşid Əliyevin taleyilə bağlı heç bir informasiya yoxdur. Onun hansı ittihamla həbs edilməsi ilə bağlı Azərbaycan tərəfə heç bir açıqlama verilmir».

Bu sözləri lazer texnologiyaları üzrə Azərbaycan alimi Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Soltan Həmid Məlikov deyir.

ALİMİ İRANA APARAN SƏBƏBLƏR


«Lazer» Elmi-Texniki Mərkəzinin direktoru Soltan Həmid Məlikovun sözlərinə görə, Rəşid Əliyev 2006-cı ildə İranın Semnan şəhərindəki «Sazan Electronics Industry company»yə 2 illik elmi fəaliyyət üçün dəvət edilib. O zaman R.Əliyev Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunda mühəndis-fizik olaraq çalışırmış. Soltan Həmid Məlikov bildirir ki, Rəşid Əliyev fenomenal istedada malik alimdir. Dövlət sifarişi ilə müdafiə sahəsində həyata keçirilən lazer texnologiyaları üzrə bir sıra ciddi layihələrdə çalışıb. Ancaq Azərbaycanda elmə dövlətin marağı az olduğundan o, İranın təklifini qəbul edib.

BDU-nun rektoru Abel Məhərrəmovun razılığı ilə bağlanmış əməkdaşlıq müqaviləsi ilə Rəşid Əliyev İrana gedib. Müqavilə müddəti bitəndə Azərbaycana dönən Rəşid Əliyevi «Sazan Electronics Industry company» nin rəhbərliyi yenidən İrana dəvət edib:

ALİM VİZA REJİMİNİ POZUBMU?

- O, kontrakt müddəti bitəndən sonra bütün şəxsi avadanlıqlarını, kitablarını Azərbaycana gətirmişdi. Bakıya döndükdən az sonra şirkətin rəhbəri şəxsən ona zəng edərək bir-iki bitməmiş layihənin tamamlanması üçün onu yenidən İrana dəvət etdi. Rəşidi 2008-ci il oktyabrın 5-də İrana mən yola salmışam. Kefi çox yaxşı idi. Bir neçə gündən sonra xəbər tutduq ki, oktyabrın 6-da onu viza rejimini pozmaq adı ilə həbs ediblər.

Ancaq həm ailə üzvləri, həm də müdafiə komitəsi Rəşid Əliyevin viza rejimini pozması versiyasına inanmır. Onların sözlərinə görə, əgər alim İrana rəsmən dəvət edilibsə, onun viza rejimini pozması iddiası absurddur. Bundan başqa, Azərbaycanla İran arasında anlaşmaya görə, hər iki dövlətin vətəndaşları 90 gün müddətində vizasız rejimdən istifadə edə bilərlər.

İRAN SORĞULARA NİYƏ CAVAB VERMİR?

Həbsindən sonra alimin ailə üzvləri İrana gedib. Rəşid Əliyevin qardaşı Azərbaycanın İrandakı səfiri ilə görüşüb, onun taleyinə aydınlıq gətirilməsini istəyib. İran qanunlarına görə, istintaq altında olan şəxslərə ailə üzvlərilə görüş imkanı verilir. Ancaq səfirliyin müdaxiləsindən sonra belə alimin qardaşı ilə görüşünə imkan verilməyib.

Bir ildən artıqdır həm ailə üzvləri, həm Bakı Dövlət Universitetinin rəhbərliyi, həm də alimin hüquqlarını müdafiə komitəsi İran rəsmilərinə 20-dən artıq məktub göndərib.

Soltan Həmid Məlikov və Rəşid Əliyevin ailə üzvləri İranın Azərbaycandakı səfirliyinin müşaviri Abbas İsgəndəri ilə görüşüb. Ancaq onun hansı cinayətdə suçlu bilinərək həbs edilməsinə aydınlıq gətirilməsi mümkün olmayıb.

Rəşid Əliyevin yaxınlarının Azərbaycan rəsmilərinə ünvanladıqları məktublara da cavab yoxdur. Azərbaycanın Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə AzadlıqRadiosuna deyir ki, İran onların da sorğularını cavabsız qoyub:

- Ədliyyə Nazirliyi Azərbaycan aliminin həbsi ilə bağlı İran tərəfə sorğu göndərib. Ancaq bizə heç bir cavab verilməyib. Məsələ gündəmdədir.

«SÖZÜMÜZ YOXDUR»

İranın Azərbaycandakı səfirliyi ilə də əlaqə saxladıq. Səfirlikdən bildirdilər ki, məsələ haqda bilgiləri olsa da, mətbuata deyəcəkləri yeni sözləri yoxdur:

- Rafiq Əliyevin İranda həbsi ilə bağlı müraciətlər almışıq. Məsələ araşdırılır. Yeni xəbər olan kimi mətbuata açıqlama veriləcək.

Alimi müdafiə komitəsindən onu da bildirirlər ki, İran tərəfi Rəşid Əliyevə dəfələrlə ailəsilə birlikdə birdəfəlik bu ölkəyə köçməsini təklif etsə də, alim bunu qəbul etməyib.
XS
SM
MD
LG