«Rayon məhkəmələrinin sədrləri ilə söhbətlərdə onlar etiraf edirlər ki, prokurorluqdan daxil olan həbs-qətimkan tədbiri ilə bağlı təqdimatı təmin edib-etməməkdə çox acizdirlər. Prokurorluq cinayət işlərində əsas söz sahibidir. Prokurorluqdan təqdimat daxil olubsa, o, 99.9 faiz təmin olunmalıdır. Dəxli yoxdur, daxil olmuş təqdimat böyük ictimai təhlükə törədir ya yox...» Bunu «İşdən sonra» verilişində İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin rəhbəri Akif Əlizadə dedi. Hüquq müdafiəçisi Çingiz Qənizadə isə bildirir ki, heç də bütün hakimlər qorxaq deyillər: Çingiz Qənizadə «Elə hakimlər var ki, prokurorluğun təqdimatı onun üçün məcburi deyil və müəyyən qədər öz mövqeyini nümayiş etdirə bilir. ANS telekanalındakı «Cinayət işi» verilişinə baxırdım. Orda göstərildi ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mirzə Xankişiyev tərəfindən iki nəfərin ölümündə ittiham olunan şəxs məhkəmə zalından buraxıldı. Mən bunu evdə oturaraq alqışladım. Bu gün Azərbaycanda məhkəmədə bəraət faktoru azdır. Şükürlər olsun ki, artıq bu ayın əvvəlində Ali Məhkəmənin Plenumu tövsiyə xarakterli qərarlar qəbul etdi ki, hakimlər həbs-qətimkan tədbiri haqda təqdimatları yerli-yersiz təmin etməsinlər...» Bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsinə toxunan Akif Əlizadə deyir ki, onların məhkəməyə qədər həbsi əsaslı olmayıb: «Qanun birmənalı deyir ki, məhkəmələr istintaq dövrü o vaxt həbs qərarı seçə bilərlər ki, bunun üçün zəruri əsaslar olsun. Bloqqerlər elə bir təhlükəli cani deyillər ki, onlar məhkəməyə qədər azadlıqda hansısa şahidə təzyiq etsinlər və ya çağırışa gəlməsinlər. Bu baxımdan, mən birmənalı hesab edirəm ki, onlarım məhkəməyə qədər həbsi əsaslı olmayıb». Çingiz Qənizadə isə deyir ki, Adnan və Eminin azadlıqdan məhrum olunmasını qanunsuz saymır: «Məhkəmənin qərarının qanunsuz olub-olmamasını yalnız yuxarı instansiya məhkəməsi müəyyənləşdirə bilər. İndi isə məhkəmənin seçdiyi qərarı qanunsuz adlandıra bilmərik. Humanizm nümayiş etdirib-etdirməmək başqa şeydir. Cəza 2 ildən artıq nəzərdə tutulduğuna görə bunu qanunsuz yox, qeyri-humanist adlandırmaq olar. Hökmün özü qüvvədə olan qanunlara uyğun qəbul edilib». Ç.Qənizadə düşünür ki, Adnan və Eminin azadlığa çıxması emosional fikirlərdən yox, məsələyə hüquqi və sivil yanaşmadan keçir : Eldar Namazov «Hüquq müdafiə təşkilatlarının monitorinq qrupunun üzvləri arasında belə bir razılıq oldu ki, iki gənc barədə daha ədalətli qərarın qəbulu üçün yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsinə rəsmi müraciət edək. Lazım gəlsə, Apellyasiya Məhkəməsinin rəhbərliyi ilə görüşəcəyik, Ədliyyə Nazirliyinə müraciət edəcəyik... Məsələlər siyasiləşəndə daha da qəlizləşir».«Azərbaycan Naminə» İctimai Forumunun prezidenti Eldar Namazov isə bildirir ki, əksər hallarda hakimiyyətin özü bu məsələləri siyasiləşdirir: «Azərbaycan reallıqlarında insanları həbs edəndə artıq onların hüquqları pozulur. İstintaq gedəndə onların hüquqları pozulur. Elə kobud şəkildə pozulur ki, bunun hansısa siyasi sifariş olduğu göz qabağında olur. Ona görə də insanlar buna siyasi qiymət verməyə məcburdurlar...». |