Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:41

Azərbaycanda neçə nəfərdən biri casus imiş...


Təhlükəsizlik əməkdaşlarının kitabın içərisində quraşdırdığı dinləmə qurğusu
Təhlükəsizlik əməkdaşlarının kitabın içərisində quraşdırdığı dinləmə qurğusu
«Arxivlər açılandan sonra məlum oldu ki, Şərqi Almaniyada ən yaxşı halda 7 nəfərdən biri hökumətin casusu imiş».

«…Ştazi» muzeyinin bələdçisi yəqin ki, bu əhvalatı hər gün danışır, amma yenə də emosiyalarını cilovlaya bilmir, orta yaşlı bələdçi qadın danışdıqca həyəcanını gizlətməkdə çətinlik çəkir, qırmızı yanaqları bir az da qızarır.

«Qonşular, dostlar, hətta ər-arvadlar da bir-birindən casusluq edirmiş. «Ştazi» hər yerdə idi, onların dinləmə qurğuları kitabın içindən, qalstukların astarından, hətta ağac koğuşlarından çıxırdı.

QORXUNC KEÇMİŞLİ MUZEY

Dinləmə qurğusu qalstukun içərisində
…Ştazi Şərqi Almaniyada – Almaniya Demokratik Respublikasında Dövlət Təhlükəsizliyi Nazirliyi idi. 1989-cu ildə Berlin divarları yıxılandan, Almaniya birləşəndən sonra bu vaxta qədər Sovet İttifaqının təsir dairəsində olan Şərqi Almaniyada Ştazinin arxivlərini də ictimaiyyətin üzünə açdılar, casusların adını açıqladılar. Vaxtilə almanların canına xof salan «Ştazi» indi muzeydir. Arxivlər də, vaxtilə istifadə olunan dinləmə qurğuları da adi eksponat.

«KQB» ARXİVİ BAKIDA GÖZ BƏBƏYİ KİMİ QORUNUR

… Azərbaycanda isə keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin – «KQB»nin arxivləri indiki Milli Təhlükəsizlik Nazirliyinin (MTN) divarları arasında qorunur. Keçmiş MTN işçisi İlham İsmayıl deyir ki, agent sistemi ümumiyyətlə açılmayıb, arxiv sənədlərinə çıxış isə məhduddur, yəni, arxivdə işləmək üçün müraciət etmək lazımdır. Əgər nazirlik lazım bilsə, sənədlərə baxmaq olar.

VƏFA QULUZADƏ: «KQB ARXİVİNDƏ ADI KEÇƏNLƏR İNDİ VƏZİFƏDƏDİR»

Keçmiş dövlət müşaviri Vəfa Quluzadə də hesab edir ki, KQB-nin arxivini açmaq lazımdır, çünki xalq tarixdə olanlardan xəbərdar olmalıdır:

«Keçmiş KQB arxivində adı olan adamların çoxu indi iş başındadır. Əgər arxivlər indi açılsa onlar çox çətin vəziyyətdə qalacaqlar. Halbuki, müstəqillik dövründə onların fikirləri dəyişə bilərdi. Təbii ki, cəlladları çıxmaq şərtilə. Ona görə də hesab edirəm ki, arxivləri bir müddət keçəndən sonra açmaq lazımdır».
Ştazi muzeyinə maraq böyükdür


Vəfa Quluzadə deyir ki, arxivləri açan zaman maksimum ehtiyatlı olmaq lazımdır ki, vətəndaş qarşıdurması, hərc-mərclik yaranmasın.

«HEYDƏR ƏLİYEV DEYİRDİ Kİ,...»

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Bəxtiyar Sadıqov isə deyir ki, «KQB» dövrü arxivlərinin tam açılması və casus şəbəkəsinə daxil olanların adlarının elan olunması məsələsi indi hökumətin gündəliyində deyil:

«Ümummilli lider Heydər Əliyev özü bu sistemdə bir müddət işləmişdi. O, çox ağıllı bir söz dedi. Dedi ki, olan olub da, keçmiş keçmişdə qalıb. Açıb təzədən bunu açıqlamağın bir əhəmiyyəti yoxdur. Hətta Heydər Əliyev dedi ki, burada sinəsinə döyən elə insanlar var ki, onların ataları vaxtilə mən orada işləyəndə agentlik edirdi. Yəni, əsas fikir bu idi ki, oğullar atalarına görə xəcalət çəkməməlidir».

Xatırladaq ki, indiki prezident İlham Əliyevin atası Heydər Əliyev keçən əsrin 60-cı illərində Azərbaycan SSR-nin Dövlət Təhlükəsizlik Komitəsinə rəhbəri olub.

«ARXİVLƏRİ AÇMAQ HAKİMİYYƏTƏ SƏRF ELƏMİR»

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə hesab edir ki, şəffaflıq təmin olunması üçün Sovet dövrünün arxivlərini və casus şəbəkəsini açıqlamaq lazımdır. Amma Kərimli deyir ki, casusları ifşa etmək, arxiv sənədlərini açmaq indiki hakimiyyətin marağında deyil:

«İndiki rejim əksinə danosçuluğun üzərində qurulub. Avtoritar rejim olaraq indiki hakimiyyət əksinə adamları özü üçün vasitəyə çevirir, casusluğu stimullaşdırır».
Dinləmə qurğuları hətta ağac koğuşlarından çıxırdı


Əli Kərimli deyir ki, əgər casus şəbəkəsi açıqlansa, arxivlər açılsa, müasir cəmiyyət onlardan sui-istifadənin hansı fəsadlara gətirib çıxardığını başa düşər. Cəmiyyət bilər ki, heç bir arxiv əbədi qapalı olmur.

Əli Kərimli deyir ki, AXC-Müsavat cütlüyü hakimiyyətdə olanda o özü arxivlərin açılmasının tərəfdarı olub.

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İlham İsmayıl hesab edir ki, arxivlərdə tarixi anlamaq və ona düzgün qiymət vermək üçün xeyli faktlar var ki, onları açıqlamaq lazımdır. Amma İlham İsmayıl deyir ki, indiki sistem demokratik olmayana qədər arxivlərin açılmasını gözləməyə dəyməz.

Bəs siz necə hesab edirsiz, Azərbaycanda keçmiş "KQB" arxivini və casus şəbəkəsini açmaq lazımdırmı? Fikrinizi bizə yazın.
XS
SM
MD
LG