Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:47

Keşişin «dini nifrət»ə görə öldürüldüyü ehtimal olunur


Sısoyev totalitar sektaya qarşı barışmaz mövqeyi ilə də fərqlənib
Sısoyev totalitar sektaya qarşı barışmaz mövqeyi ilə də fərqlənib
Noyabrın 23-ü minlərlə insan Moskvanın şəhər kənarı kilsəsinə - Rusiyanın qətlə yetirilən pravoslav keşişinin dəfn mərasiminə toplaşıblar. Müqəddəs Foma pravoslav kilsəsinin baş keşişi Daniil Sısoyev ötən həftə - noyabrın 19-da üzü maskalı bir şəxs tərəfindən güllələnib.

Tədqiqatçıların dediyinə görə, Daniil Sısoyev İslamı tənqid etdiyinə görə ölümlə hədələnirmiş. Onun ölümü Rusiyanın Pravoslav Kilsəsi və ölkənin digər inacları ilə Avropanın çoxsaylı müsəlman əhalisi arasında gərginləşən münasibətlərə diqqəti çəkir.

Dəfn mərasimində iştirak edən Rusiyanın Pravoslav Kilsəsinin patriarxı Kirill Sısoyevin ünvanına tərif yağdırıb, onun «Tanrının sözünü müdafiə etdiyini» deyib:

«Əgər bir kimsə Tanrının həqiqətlərini yaydığına görə öldürülürsə, demək ki, həqiqətlər onları qəbul etməyən insanlara təsir edir və böyük qüvvəyə malikdir».

KİMLİYİNİ SORUŞUB, SONRA GÜLLƏLƏYİB

Tədqiqatçılar deyirlər ki, Sısoyev Moskvanın cənubunda yerləşən öz kiçik kilsəsində qətlə yetirilib. Qatil əvvəlcə onun adını soruşub, daha sonra başından və boynundan güllələyib. Keşiş xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə zamanı kilsənin xor rəhbəri də yaralanıb.

Rusiya Baş Prokurorluğunun İstintaq Komitəsinin rəsmisi Vladimir Markin deyir ki, Sısoyevin «dini nifrət»ə görə öldürüldüyü ehtimal olunur:

«İlkin istintaq zamanı ifadə verən şahidlər deyiblər ki, o, uzun müddət idi ki, dini fəaliyyətinə görə hədələnirdi. Müstəntiqlər hazırda keşişin kompyuterlərində «hard disklər»i tədqiq edirlər».

«PRAVOSLAV KİLSƏSİ DİGƏR DİNLƏRƏ İKİNCİ DƏRƏCƏLİ DİN KİMİ BAXIR»

Sısoyev totalitar sektaya qarşı barışmaz mövqeyi ilə də fərqlənib. «YouTube»da onun mühazirəsindən videoçarx yerləşdirilib, orada deyilir ki, İslam «bizim ənənəvi anlamımıza görə» din deyil:

«Bunu yadda saxlamaq çox vacibdir, çünki bizim söhbətimiz iki kar adam arasındakı söhbətə bənzəyir. Onlar bir şey haqqında danışır, biz başqa bir şey haqqında və bir- birimizi başa düşmürük, çünki eyni sözlərə müxtəlif mənalar qatırıq».

Rusiyanın Pravoslav Kilsəsi kommunizm altında sıxılmaya son qoyulandan bu yana geniş şəkildə dirçəlməyə başlayıb. Amma hüquq müdafiəçiləri kilsəni digər dinlərə ikinci dərəcəli din kimi baxdığına və kilsə ilə dövlət arasında rəsmi bölgünü pozduğuna görə tənqid edirlər. Pravoslav Kilsəsi xarici missionerlərə də qarşı çıxır və Katolik Kilsəsi ilə barışığa qarşı kampaniya aparıb. Bütün bunlar da onların Rusiyanın müsəlman əhalisi ilə münasibətlərinin gərginləşməsinə təkan verib.
XS
SM
MD
LG