Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:35

Nina Oqnianova: "Eynullaya qarşı terrorçuluq ittihamları çox gülməlidir"


Amerikada yerləşən Jurnalistlərin Müdafiə Komitəsi həbsdə olan azərbaycanlı jurnalist Eynulla Fətullayevə Beynəlxalq Azad Mətbuat Mükafatı verib.

Onunla birlikdə Şri Lanka, Tunis və Somalidən olan daha üç jurnalist də eyni mükafata layiq görülüb. Təqdimat mərasimi noyabrın 24-də olmalıdır.

Komitənin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Nina Oqnianova AzadlıqRadiosuna müsahibəsində deyir ki, mükafatı Eynulla Fətullayev azadlığa çıxandan sonra onun özünə verəcəklər.

Xanım Oqnianova Azərbaycandan niyə məhz Eynulla Fətullayevi seçdikləri haqda sualı belə cavablandırır.

- Biz o jurnalistləri seçirik ki, onlar çox ağır şəraitdə çalışırlar. Həyatlarına böyük təhlükə olsa da, cəsarətlə öz işlərini görürlər. Eynulla Fətullayevin işi bu baxımdan bir nümunə sayıla bilər.

Hakimiyyət Eynullanı həbs etməklə göstərdi ki, onu tənqid edənləri susdurmaq üçün necə “uzağa gedə”, nələrə əl ata bilər. Eynulla indiyəcən Azərbaycanda ən uzunmüddətli cəzaya məhkum edilən jurnalistdir. Onun əsas “günahı” öz jurnalist fəaliyyətini çəkinmədən icra etməsidir.

- Ona qarşı ittihamlar haqda konkret nə deyə bilərsiniz?

Eynulla Fətullayev məhkəmədə. 30 oktyabr 2007
- Eynulla özünün keçmiş baş redaktoru Elmar Hüseynovun qətlindən 2 il sonra həbs edilib. Həbsindən bir qədər əvvəl Eynulla hökuməti Elmar Hüseynovun qətli ilə bağlı istintaqın gedişinə görə kəskin tənqid etmiş, müstəntiqlərin qatilləri tapa bilmədiyini yazmışdı.

Hakimiyyət qətldə şübhəli bilinənləri tapa biılmədiyini bildirdiyi halda Eynulla Gürcüstana getmiş və qətli törətməkdə şübhəli bilinən adamla kontakt yarada bilmişdi. O bu hərəkəti ilə Azərbaycan hökumətini pərişan etdi.

Çünki bununla göstərdi ki, bir repartyor müstəntiqlərin aciz olduğu bir işi asanlıqla görə bilir. Bundan sonra o, ölüm hədələrinə məruz qaldı. Onun anasına telefonla zəng edib oğlunu ölümlə hədələyiblər.

Anasına deyiblər ki, o, müdrik qadındır, gərək oğluna desin ki, Elmar Hüseynovun qətli ilə bağlı araşdırmaya son versin. Çünki son verməsə, Eynullanı da Elmarın yanına göndərəcəklər.

Bu çox ciddi hədə idi. Eynulla bu barədə polisə məlumat versə də, bundan sonra qəribə hadisə baş verdi. Rəsmilər hədələyənin kimliyini müəyyən etmək əvəzinə jurnalistin özünü həbs etdilər.

Onu həbs etmək üçün böhtan atmaqla bağlı saxta ittihamlardan istifadə edildi. Ona 30 aylıq cəza kəsildi. Həbsdə olduğu müddətdə onlar Eynullanın redaktoru olduğu iki populyar qəzeti – “Realnıy Azerbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərini bağladılar. Amma hətta bundan sonra da hökumət adamları dayanmadılar, onlar Eynullaya qarşı yeni ittihamlar qondarmaqda davam etdilər.

Onu nifrət aşılamaqda, vergidən yayınmada və nəhayət terrorçuiıuqda ittiham etdilər. Təkcə terrorizm ittihamı ilə ona 8 il iş kəsildi.

- İndi dünyada bir çox ölkələr terrorizm əleyhinə geniş mübarizə tədbirləri həyata keçirir. Azərbaycanda jurnalistin belə bir ittihamla tutulması Amerikadan necə görünür?

- Məncə, Eynullaya qarşı terror ittihamları çox gülməlidir.

Çünki bu ittihamlar onun bir məqaləsi, daha doğrusu bir şərhi ilə bağlı irəli sürülüb. Həmin məqalədə Eynulla Əliyev hökumətinin İran siyasətini tənqid edir. Həmin yazıda təhlil edilir ki, əgər Amerika İrana hücum etsə, İran Azərbaycana münasibətdə nə edə bilər. Bu tipli yazılar başqa mətbuat orqanlarında da yer alsa da, hakimiyyət qisas üçün Eynullanı seçdi.

Dalğa Gənclər Hərəkatının fəalları Eynulla Fəyullayevin müdafiəsi ilə bağlı aksiya keçirir. Bakı, 29 oktyabr 2007
Deyildi ki, bu, güya adı açıqlanmayan əcnəbi biznesmenləri və xarici diplomatları qorxiya salıb. Amma hakimiyyət bu ittihamı təsdiqləyən dəlilləri ortaya qoya, guya qorxuya düşən biznesmenləri, diplomatları məhkəmədə nümayiş etdirə bilmədi.

Bu ittiham tərəfinin çox zəiuf bir arqumenti oldu. Qısası, bütün bunlar müstəqil medianı susdurmaq kampaniyasının bir hissədir. Buna görə biz düşünürük ki, Eynulla Fətullayev dərhal azadlığa buraxılmalıdır. Ona qarşı bütün ittihamlar ləğv edilməli və o, amnistiya edilməlidir.

- İndi Azərbaycanda mövcud olan media mühitini ümumilikdə necə qiymətləndirirdiz?

- Eynullanın işi yəqin ki, hakimiyyətin müstəqil səsləri susdurmaq istiqamətində ən zorakı kampaniyası idi. İndi Azərbaycanda 7 jurnalist həbsdədi.

Onlardan 4-ü jurnalist fəaliyyəti ilə bağlı həbs edilib. İki gənc blogger Emin Milli və Adnan Hacızadəyə də həbs cəzası kəsilib. Bu işdə isə xuliqanlıqla bağlı saxta ittihamlardan istifadə edilib.

Onlar hakimiyyəti həm tənqid edir, həm də satira atəşinə tuturdular. Təssüf ki, hakimiyyət yumor hissinin olduğunu nümayiş etdirmədi. Bu əsl Orvel ssenarisi idi. Onlar polisə döyülməkləri ilə bağlı şikayətə getdikləri halda həbsə alınıblar.

Onlar qurban olduqları halda müttəhimə çevrildilər. Müstəqil mediaya qarşı kampaniyanın bir istiqaməti də xarici radiostansiyaların, Azadliq Radiosu, BBC və “Amerikanın səsi”nin FM tezliyinin alınması oldu.

Azərbaycan televiziyları ya birbaşa, ya da dolyaısı ilə hakimiyyətin nəzarətindədir. İnsanlar daha çox Rusiya və Türkiyə kanallarına baxırlar. Bir sözlə insanların öz cəmiyyətləri barədə obyektiv məlumat almaq hüquqları çox məhdudlaşdırılıb.

Həmçinin oxu!

"Amnesty İnternational" Təşkilatı Eynulla Fətullayevi mükafatlandırdı.
XS
SM
MD
LG