Masallıda həbs olunmuş sahibkarlar Çingiz və Yavər Haşımovların ailə üzvləri aclıq aksiyası keçirirlər. Bələdiyyə üzvlüyünə namizəd, sahibkar Çingiz Haşımovun həyat yoldaşı deyir ki, onun yoldaşını və oğlunu bələdiyyə üzvlüyünə namizədliyini verdiyi üçün həbs ediblər. O həm yoldaşının, həm də oğlunun günahsız yerə həbs olunduğunu deyir və tezliklə azadlığa çıxmasını istəyir:
«YOLDAŞIMLA OĞLUMU BƏLƏDİYYƏ MƏSƏLƏSİNƏ GÖRƏ HƏBS EDİBLƏR»
- Çingiz Haşımovun həyat yoldaşı, Yavər Haşımovun anasıyam. Sizdən xahiş edirəm, mənim səsimə səs verin. Mehriban Əliyevadan xahiş edirəm bir ana kimi dözə bilmirəm, mənim səsimə səs versin. Mənim yoldaşımla oğlumu bələdiyyə məsələsinə görə qanunsuz olaraq həbs ediblər. Bu cür qanunsuzluq olmaz.
Sahibkarın yaxınları bu məsələdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevi günahlandırırlar. Deyirlər ki, o bələdiyyəyə öz adamlarının seçilməsini istədiyindən rayonda nüfuzu olan sahibkara qarşı belə bir addım atılıb.
«BU, MƏSƏLƏNİN SİYASİLƏŞDİRİLMƏSİNƏ CƏHDDƏN BAŞQA BİR ŞEY DEYİL»
Amma rayon icra hakimiyyəti aparatının ictimai təşkilatlar, siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Əliyev məsələnin icra başçısının adı və seçkiylə bağlanmasının düzgün olmadığını deyir. Onun sözlərinə görə, sahibkarın həbsinin bələdiyyə seçkilərilə bağlanması və bunun icra hakimiyyətinin göstərişilə olması barədə deyilən fikirlər məsələnin siyasiləşdirilməsinə cəhddən başqa bir şey deyil.
Onun sözlərinə görə, əslində Haşımovların Masallıdakı bazarda Qarabağ müharibəsi əlili Zaur Abbasovla mübahisələri düşüb və Zaur Abbasov bununla bağlı polisə müraciət edib və Haşımovlar da həmin müraciət əsasında saxlanılıblar. Seyfəddin Əliyev deyir ki, Haşımovların namizədliyinin ləğv edilməməsi onu göstərir ki, məsələnin siyasiləşdirilməsi düzgün deyil:
«BƏLƏDİYYƏ NAMİZƏDLİKLƏRİ QALIR»
- Bələdiyyə namizədlikləri qalır, heç kim onları bələdiyyə namizədliyindən çıxarmır. Təşviqata gələndə də indi onlardan çox təşviqat aparan adam yoxdur.
Sahibkar Çingiz Haşımov və onun oğlu Yavər Haşımov 70 saylı Masallı Seçki Dairəsindən bələdiyyə üzvlüyünə namizəddirlər. Həmin dairənin sədri Elxan Məmmədov AzadlıqRadiosuna deyib ki, hər iki şəxsin namizədliyinin ləğv olunmaslıyla bağlı məhkəmənin qüvvəyə minmiş qanuni hökmü olmadığından seçkidə iştirak edəcəklər.
Haşımovlar Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3 maddələrilə (müxtəlif alətlərdən istifadə etməklə xuliqanlıq etmə) cinayət işi açılıb. Noyabrın 17-də Masallı şəhər Məhkəməsi Haşımovlar haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçib.
Hazırda hər iki şəxs Şüvəlan qəsəbəsindəki istintaq təcridxanasında saxlanılırlar.
Haşımovların bələdiyyə namizədliyi ləğv olunmasa da onlar haqqında seçilən iki aylıq həbs müddəti yanvarın 17-də başa çatır. Amma buna baxmayaraq, Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov deyir ki, qanunvericiliyə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, həmin
namizədlərin adı bələdiyyə namizədləri siyahısında qalır və seçicilər həmin şəxslərə səs verirlər.
ZAUR ABBASOVUN MƏHKƏMƏYƏ MƏKTUBU
Haşımovlar Qarabağ müharibəsi veteranı Zaur Abbasova qarşı zor tətbiq etməkdə günahlandırılırlar. Amma Zaur Abbasovun özünün AzadlıqRadiosuna dediyinə görə, o Haşımovlar tərəfindən döyülmədiyi və həmin şəxslərin ona xəsarət yetirmədiyi barədə məhkəməyə məktubla müraciət edib.
Amma sahibkarın vəkili Əliheydər Hüseynov deyir ki, nədənsə məhkəmə iddiaçının bu məktubu ilə yanaşı digər yüngülləşdirici halların heç birini nəzərə almayıb. Vəkilə görə, əgər bütün bu deyilənlər nəzərə alınsa idi, Haşımovlar haqqında həbs-qətimkan tədbiri seçilməzdi. Haşımovlar hər hansı partiyanın üzvü deyillər və namizədliklərini də müstəqil şəkildə veriblər.