Türk ordusunun keçmiş qoşun komandirləri -- Aytaç Yalman, İbrahim Fırtına və Özdən Örnək ifadə vermək üçün İstanbulun Beşiktaş rayonundakı Ağır Cəza Məhkəməsinə gəliblər. İstintaq onları 2003-2004-cü illərdə «Ay işığı» və «Sarı qız» kodu altında dövlət çevrilişinə cəhddə şübhəli bilir. «Ergenekon» işinin istintaqını aparan prokurorlar generalları ötən həftə məhkəməyə çağırsalar da, onların nə vaxt ifadə verəcəkləri məlum deyildi. 2007-ci ilin martında «Nokta» jurnalında admiral Özdən Örnəkə aid olduğu iddia edilən «Gündəliklər» çap olunub. Özdən Örnək «Gündəliklər»in ona aid olmadığını bəyan edərək «Nokta» jurnalının baş redaktorunu məhkəməyə verib. Daha sonra «Nokta» jurnalı nəşrini dayandırıb, onun baş redaktoru Alper Görmüş isə məhkəmədə bəraət alıb. «Gündəliklər»də deyilirdi ki, 2003-2004-cü illərdə başda Jandarma Qüvvələri komandanı Şener Eruyğur olmaqla bir qrup general «Ay işığı» və «Sarı qız» kodu altında çevriliş hazırlayıb, ancaq plan həyata keçirilməyib. İstefaya çıxandan sonra Şener Eruyğur 2007-ci ilin aprelində Ankara, İstanbul və İzmirdə Cümhuriyyət mitinqlərinin əsas təşkilatçılarından biri kimi tanınır. O, 2008-ci ilin iyulunda həbs olunub, bir neçə ay sonra səhhətinə görə azad edilib. Amma onun və Egey ordusunun keçmiş komandanı Hurşit Tolonun məhkəmələri davam edir. Şener Eruyğur Jandarma Qüvvələri komandanı olan vaxt - 2003-cü ildə Türkiyə parlamentinin ovaxtkı sədri Bülent Arıncın Manisada yaşayan anasının adına olan binaya reyd təşkil etmişdi. Reydə binada dini vəqfin yerləşməsi səbəb olmuşdu. 2008-ci ilin iyulunda Eruyğur və Tolon həbs ediləndə Bülent Arınç bu həbsləri «Türkiyə öz bağırsaqlarını təmizləyir» sözləri ilə xarakterizə etmişdi. İfadə vermək üçün Ağır Cəza Məhkəməsinə dəvət edilən Aytac Yalman, İbrahim Fırtına və Özdən Örnəkin «Ergenekon»la əlaqələri müəyyən edilmədiyindən onlar haqqında yeni qovluq açılıb. Onların prokurorluqdakı ifadələri «Ergenekon» əməliyyatının istintaqı üçün «lakmus kağızı» ola bilər. |
Azadlıq Trend
1