Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:33

Sabir Əhmədli "Pardon, Pari" Fransa hekayələri


Bu hekayələr otuz il əvvəl, sovet vaxtı yazılıb, "Ulduz" jurnalına verilmişdi. Jurnalın hekayənin dərc olunduğu sayı çapa gedəndə saxlanmış, sovet vaxtı buraxılmasına izn verilməmişdi.

Narıncı dəftərçəni vərəqləyirəm. Kərpici cızıqlı, sığallı səhifələrdəki qeydlər təyyarədə, mehmanxanada, bəzisi "Mersedes" avtobusunda, qədim romalıların tikdikləri əzəmətli Qard körpüsündə dayandığımız dəqiqələrdə yazılıb.

Gecələr alovlu çay təki Zəfər tağına şığıyan "Yelisey çölləri" gözümün qabağına gəlir.

Eyfel qülləsindən mavi Senanın ikiyə böldüyü Parisə baxıram.
Ərik, şaftalı, armud bağlarının, üzümlüklərin arasından keçib getdiyimiz yollar, Kamarq vilayəti, Aralıq dənizi yadıma düşür.

Polis maşınlarının sübhədək həyəcan qopardığı Marseldən tutmuş, Fantane-Cəhənnəm dərəsi, Avinyon abidələri, Santo-Mariya məbədi, ağ qayalar üstündə lalə təki qızarışan üstü kirəmitli Bo şəhərciyi xəyalımda dolanır...

Bir vaxt bu yerlərin, bu mənzərələrin hafizəmdə necə varsa qalacağına ümid bağlamışdım.
Fransada on gün qalmışdıq. O vaxtdan neçə illər keçib...

Xaricə səfər həm də bizim öz aləmimizə, fikir, xəyal dünyamıza səyahət idi.

Şəhərdən şəhərə, bir əcnəbi ölkənin yaşayışı, mədəniyyəti, muzeyləri, hal-əhvalı ilə tanış olduqca, biz - bir Vətənin övladları da bir-birimizi daha yaxından görür, qürbətdə günü-saatı birgə keçən adamlar bir-birimizə daha dərindən bələd olurduq.

Elə bil ki, on gündə biz özümüz də əcnəbiyə çevrilmişdik.

"On günlük əcnəbilər"in mənəvi aləminə səyahət rəsmi gəzintimizlə qoşa gedirdi.

Bu gözlə baxanda adi insanların başına gələn adi əhvalatlar da bir sərgüzəşt, macəra təki görünürdü...


"REZİDENS de MAREŞO"da

Azərbaycandan gəlmiş turist dəstəsi Parisdə "Rezidens de Mareşo" mehmanxanasına düşmüşdü. Mehmanxana "Yelisey çölləri" adlanan məşhur xiyabanın yaxınlığında, sakit guşədə idi. Hoteldən çox xüsusi evə, malikanəyə bənzəyirdi.

Dəhliz bütünlükdə tünd qırmızı fərşlə döşənmişdi.

Qəhvəyi sürahi ilə ayrılmış restoranda qədimi ağac masalar, oturacaqlar düzülmüşdü.

Azərbaycanlılardan başqa hotelə bir dəstə yapon qızı düşmüşdü. Ekiz bacılar təki bir-birinə oxşayan yumru totux qızlar Yaponiyadan gəlmiş gənc xizəksürənlərdi. Parisə beynəlxalq yarışa gəlmişdilər.

Mehmanxanada hər şey - dəhliz, restoran, burma pilləkən, kiçik lift otuz-qırx qonaq üçün ölçülüb-biçilmişdi. Bura nə ziyadə geniş, nə darısqaldı. Guya, mehmanxana sahibləri öz sakinlərinə yataq, yemək verməkdən başqa ayrı bir məqsəd də güdürmüşlər.

Burada təsadüfən rastlaşmış adamlar qalacaqları beş-üç gündə özlərini ötəri, yolüstü düşərgədə deyil, sabit bir məskəndə sansınlar, ailəvi yaxınlıq, məhrəmlik duyub bir-birinə isinişsinlər.

Səhər yeməyinə yenicə başlamışdılar.

Restoranın parterində azərbaycanlılar, yarusda inkubator cücələrinə oxşayan yapon qızları əyləşmişdilər. Bizim cavanlar dillərini bilmədikləri qızları hərdən süzür, baxışları ilə oxşayırdılar.

Portye, ağırlıq qaldırana oxşayan professora yanaşıb başa saldı: " Sizi görmək istəyən var, dəhlizdə gözləyir".

Professor naharı yarımçıq qoyub qalxdı; onun ayağa qalxmağı ilə oturmağında o qədər fərq yoxdu.

Qollarını yırğalaya-yırğalaya köksünü irəli verib getdi.

Gəlişlərinin ilk günü səhər-səhər professoru Parisdə kimin aradığını öyrənmək üçün yoldaşları boylandılar.

Nahardan qurtarcaq onlar da dəhlizə çıxdılar.

Professor "qırxayaq" asqının yanında mizin arxasında iki nəfərlə əyləşmişdi. Bu söhbətin ayrıca iş olmadığını duyub, yoldaşlar ikibir-üçbir oraya yeridilər. Kimi əyləşdi, kimi kənarda dayanıb baxdı.

Qonaq Azərbaycan dilində, asta danışırdı. O, başqalarının da yaxınlaşdığını görüb, onları dəvət etdi. Salamlaşıb əl tutdu, yer göstərdi.

Qırx beş-əlli yaşlarında, asiyalıdansa avropalıya bənzəyən kişi idi.

Zərif bukle pencək geymiş, saya qalstuk bağlamışdı. O biri xeyli cavandı, davranışında sərbəstlik, nikbinlik duyulurdu. O, dostunu müşayiət etmək üçün qoşulub Parisə gəlmişdi.

Professoru çağırtdıran qonaq başına toplanmış həmvətənlərini məmnun baxışlarla süzdü. Özü barədə onlara məlumat verdi:

- Belçikada yaşayıram, Brüsseldə. Sizin gəlişinizi mənə Türkiyədən bir tanışım xəbər vermişdi. Sizi görmək üçün buraya yollandım.

Rəsmi gəzintiyə çıxanadək hələ vaxt vardı. Turist dəstəsindəki qızlar və qadınlar dəhlizdə dolanır, professorun söhbət etdiyi adamla maraqlanırdılar. Rəhim bunu duyub onları da çağırdı:

- "Yaxına gəlin, buyurun, xahiş edirəm, əyləşin" - O, küncdəki ayaqüstü lampanın közərtisində qızaran yumşaq kürsüləri göstərdi. Qızlar, qadınlar oturdular.
Rəhim metr-de-oteli çağırdı. Metr-de-otel qarsonla birgə gəldi.

Rəhim onlarla fransız dilində, Belçika ləhcəsində danışdı. Bu dili sonradan öyrəndiyi sezilirdi. O, yerlilərinə iltifatla üz tutdu:

- Nə içəcəksiniz?

Qadınlara şampan şərabı, kişilərə konyak, viski sifariş verdi. Onun tapşırıqlarını dəftərçəyə qeyd eləyən qıvrım, sarıbəniz, sağlam və qoçaq oğlan bayaq turistlərə qulluq etdiyi qədər üzüyola və şən görünmürdü.

Rəhim yerə döşənmiş fərşlərə göz gəzdirib işgüzarcasına dilləndi:

- Xalça mütəxəssisiyəm. Hər hansı xalını on addımlıqdan tanıyar, ilməsini sayaram. Haraya mənsub olduğunu söylərəm. Brüsseldə xalça şirkətində xidmət edirəm. Şirkətin sahibi də azərbaycanlıdır. Multmilyonerdir...

Qarson içki, şirniyyat gətirdi. Kişilərə konyak və viski, qadınlara şampan süzdü.

Vətəndən uzaq düşmüş bir qəribin halını anlamaq şövqüylə onun başına yığışmış qadınlar içkidən boyun qaçırmaq istədilər. Rəhim israr etdi. Qızlar onun sözünü yerə salmayıb, badələrdə parlayan, büllur tumurcuqlar qaynayan şampanlara əl uzatdılar.

Qadınları çağırmaqda, görünür, Rəhimin özgə niyyəti varmış.

O, üz-gözlərindən mehribanlıq, ünsiyyət yağan vətən qızlarının gəlişinə, onların kişilərlə birlikdə bu kiçik məclisdə əyləşib həyanlaşmağına sevinirdi.

Qadın kövrəkliyinə, qadın hisslərinin yumşaqlığına sığınır, ümid bağlayırdı.

Qadınlar da elə bil onun könlündən keçəni anlayırdılar. Lakin orasını da duymuşdular ki, kişilərin arasında sorğu-sual başlana bilər. Söhbətin açıq, sıxıntısız keçməyi üçün onlar az sonra kişiləri tək buraxaraq çəkildilər.

Əcnəbi ölkədə, yad, yabançı insanlar arasında sərgərdan qalmış kəsin həmvətənlərilə görüşü, bir masa arxasında əyləşmələri doğmalıq, qohum-əqrəbalıq duyğularını tərpətməli idi.

Vətəni təmsil edən adamlar Rəhimin halını anlamalı, onun istiqanlılığı qabağında xoş üz göstərməliydilər. Bundan artıq umacağı yoxdu. İllərdən bəri hərdən tərpənib ürəyini sıxan, qanını qaraldan duyğu hələ qalır, yaşayırdı.

Heç olmazsa, ikicə-üçcə nəfərlə yaxınlıq baş tutsa, Rəhim bunu bağışlanma hesab edər, səadət sanardı.

Qızlar gedəndən sonra sustaldı. Nədən, hardan danışacağını bilmədi.

Anlamışdı ki, həmvətənləri onun taleyilə hər şeydən artıq maraqlanır, öyrənmək istəyirlər. Onların Rəhimə münasibəti yalnız bunu bildikdən sonra aydınlaşacaqdı.

Azərbaycandan gəlmiş dəstədə Rəhimin doğulub böyüdüyü əyalət şəhərindən olan, oranı yaxşı tanıyan vardı.

Rəhim qardaşlarını, qohumlarını xəbər aldı. Axırda başını dikəldib adamların gözünə düz və şax baxaraq həqiqəti söylədi:

- 1942-ci ildə Tuapse yaxınlığında əsir düşmüşəm. - Artıq heç nə demədi.

Dolanışığın, həyatın elə adi, əhəmiyyətsiz işlərindən söz açdı ki, bunlar bir insanın qəlbinin və fikrinin dərinliklərini ört-basdır etmək üçün dəlmədeşik pərdə, köhnə örtükdü.

Sarısaç bir qız yaxınlaşdı. Son dəbdə bəzənmiş, saçlarının rənginə düşən güllü, sarı ipəkdən enlibalaq şalvar, üstdən salınmış kofta, dikdaban çəkmə geymişdi. Rəhim onu həmvətənləri ilə tanış etdi:

- Bu da Rusiyadandır, - dedi.
Gənc xanım onun məşuqəsiydi. Əlbəttə, qızın göz-başında xanımlıqdan, əsilzadə nəsil-nəcabətdən əlamət yoxdu.

Əyin-başı, yemək və dolanışığı Rəhimin hesabınaydı. Qız onlarla çox qalmadı. Rəhimdən icazə alıb, o biri oğlanla getdi.

Sarısaç qız bizim ölkənin bir opera-balet teatrının rəqqasəsiymiş. Qastrol zamanı Rəhimlə tanış olmuş və xaricdə qalmışdı.

Rəhim qarsonu çağırdı. Qulluqçu oğlan, metr-de- otel gəldilər.

Brüsselli ekspeditor - Rəhim pencəyinin qoltuq cibindən çek çıxartdı, imza atıb qonaqlığın dəyərini ödədi.

Metr-de-otelin, qarsonun diqqət və davranışından anlaşıldı ki, yüngül qonaqlıq ucuz başa gəlmədi. Lakin nə qədər xərclədiyi Rəhimin gözünə görünmədi. O, Brüsseldən buraya, yalnız mehmanxana dəhlizində məclis qurmağa can atmamışdı.

Varlı, imkanlı olduğunu gözə soxmadan, həmvətənlərinə böyük hörmət göstərmək istəyirdi.

O, dövrəsində əyləşmiş ellilərinə üz vurdu:

- Ehtiyacınız olar, xarici ölkədəsiniz, nə qədər lazımsa mən sizə pul verə bilərəm. - portmanesini əlində hazır saxladı.

Ona təşəkkür etdilər, pul götürmədilər.
Rəhim onlardan vədə aldı ki, bu axşam boş qalan vaxtı onunla birlikdə keçirsinlər.

Parisi gəzib, gecə restoranlarından birinə gedəcəkdilər.

Turistlərin proqram üzrə gəzintisi bitdikdən sonra axşam Brüsselli ekspeditor gəldi. Turist dəstəsindən bir neçə cavan ona qoşulub getdi.

Qədim fanarların azacıq işıqlandırdığı Plas-Piğalın alatoran daldalarından birində maşından düşən kimi onları gecə klubunun qapıçıları qarşılamış, Parisin meyxanalarında başlayıb səhərədək sürən işrət məclisinin qoynuna düşmüşdülər.

İfrat rəqslər oynayan, üryanlaşan cariyələr, kişilərin boynuna sarılan, müştəri axtaran qadınlar, aşıb-daşan şampanlar...

Rəhimin apardığı qonaqların hər birinin dizinin üstünə bir məşuqə qonmuşdu. Peşəsi insanları fikir-zikirdən ayırıb ehtiras oyatmaq, şəhvət duyğularını coşdurmaq olan fahişələr onların felinə düşmüş naşı qonaqların başına oyun açmışdılar.

Gecə klubundakı qonaqlıq, on nəfərin əyləncəsi böyük xərc aparmışdı.

Oradan çıxanda Rəhimgili xidmətçilər qamarlamış, palto tutan, taksi çağıran, yan-yörədə fırlanan hər kəs kiçik bir buyruq üçün pul qopartmağa çalışmış, az qala ciblərini soymağa cəhd göstərmişdilər. Onlar Plas-Piğalda dava-şavadan birtəhər qurtarmışdılar.

Parisin dinc, mədəni gündüzünü görmüş qonaqlar üçün bu, gözlənilməz rəftardı.

Sanki Rəhim də həmvətənlərini əyləndirməklə yanaşı, bir də bu aləmin qaranlıq üzünü, özgə sifətlərini göstərməkdən ötrü onları öyünəcəkli şəhərin hərcayi guşələrindən birinə aparmışdı.

"Rezidens-de-Mareşo"ya gecədən xeyli keçmiş qayıtdılar.

Üç yoldaş lüks otaqda qalırdılar. Biri Rəhimlə yollanmış, professor hardasa ləngimişdi, deyəsən o, şəhəri təkbaşına gəzib-dolanmışdı. Üçüncü yoldaş Rəhimin qonaqlığına getməmişdi. Otaqda tək qalmış, yata bilməmişdi.

Saat ikidən işləyirdi, səfər yoldaşı, dostu gəlib çıxmamışdı.

Onun yad yerdə, əcnəbi ölkədə bu qədər yubanmağı nigaranlıq törətmiş, dostu acıqlandırmışdı.
Qapının zəngi basıldı. Qalxıb açdı. Yoldaşının qayıtdığını görüb işığı yandırmadan gedib yerinə uzandı. Gecikmiş yoldaş otağın işığını yandırdı.

İşrət məclisinin sovuşmuş havası, qara-qurası baxışında dolaşırdı.

Gördüklərini danışmaq, bunu da heyrətləndirmək həvəsindəydi. Lakin dostunun maraqlanmadığını görüb çilçırağı söndürdü, yatağın üstündəki şamı işardıb, soyunub yerinə girdi.

Heç biri danışmadı, biri o birini gözlədi. Nəhayət, başlandı:
- Sən nahaq getmədin.
- Meylim yoxdu.

- Nəsə başqa səbəb vardı.

- Bəli.
- Parisin gecəsiylə tanış olmaq üçün getmək lazımdı. Bir halda ki, o, Belçikadan buraya bizimlə görüşməyə gəlib, onun təklifindən boyun qaçırmaq yaxşı düşməzdi. Bilirsən necə oldu...
O, kövrək oğlandı, hər hansı nisgilli söhbətdən gözləri dolub yaşarırdı. Xaricdə onun qəlbi lap nazilmişdi.

- Rəhim başına gələnləri, taleyini bizə danışdı. Bir şeyi öyrənmək istəyirdi. Deyir, vətənə gəlmək istəyirəm.

Görəsən, gəlsəm necə qarşılarlar? Səmimi söylədi. Deyir neyləyim, əsir düşmüşəm, açığı budur ki, nə yaralanmışam, nə də başqa cürə olub. Yaşamaq istəyridim.

Mühəndis isti otaqda ağırlıq eləyən yun adyalı sinəsinə endirib yastığa dirsəkləndi. qonşu çarpayıda susqun, gileyli uzanmış yoldaşına üz tutdu:

- Mən belələrini bağışlaya bilmirəm. Onların səmimiyyətinə inanmıram. Sənin dediyin kimi, onun özü boynuna alıb ki, əlimi qaldırıb əsir düşmüşəm.

Nə üçün? Nəyin naminə? "Yaşamaq istəyirəm".

Səmimi etirafdır. - Guya başqaları yaşamaq istəmirmişlər. İnanıram ki, döyüş meydanında faşizmlə üz-üzə vuruşmada həlak olanların qəlbindəki həsrət daha yüksəkdi. Onlar ömürlərinin son anına, son nəfəslərinədək doğma vətənə, doğma anaya, oğula, qıza, el-obaya qovuşmaq istəyilə çırpınıblar. Yox, müqəddəs həsrət, müqəddəsliklə qayıdanlara qismət olur.

Bunun kimi "yaşamaq istəyənlərin" sayı çox olsaydı, allah bilir, Vətən nə kökə düşərdi. Silahı at, səngər yoldaşını at, sonra da get Avropada, Amerikada sağ qalmaq üçün bəlkə ən alçaq işlərə uy.

Sağ qal, salamat qal. İndi qəlbində həsrət baş qaldırsın ki, satıb getdiyin vətən necədir, qohum-əqraban nə cür dolanır?

- Didərgindilər, yazıqdırlar. Onun özünü elə şən göstərməyinə baxma.

Qulaq as, gör oradan çıxandan sonra necə oldu. Bizimlə qayıdıb mehmanxanaya gəldi. Çəkilib dəhlizdə oturdu. Birdən başını əlləri ilə qucaqlayıb hönkür-hönkür ağladı. "Siz məni xoşbəxt sanırsınız.

Mən dünyanın ən bədbəxt insanıyam. Milyonum olsa da, bədbəxtəm". - dedi. - Mən kişinin belə ağladığını görməmişdim. Bədbəxtdir, didərgindir.

- Onlara didərgin demək doğru deyil. O sözdə bir faciə, günahsızlıq var.

Tarixin amansız qasırğalarında diyardan-diyara düşən didərgin başqadır.

Otağın qapısı açıldı. Professor göy tuman-köynəkdə astanada göründü.

Övladı yaşında cavanların qabağına alt paltarda çıxmağından çox, onun da gecənin bu vədəsinədək oyaq qalmağı təəccüblü idi. Kişinin ağappaq saçı ilə qapqara qaşları, diri, sayıq gözləri uyuşmur, onu ikiləşdirirdi. Aydındı ki, o da yatmayıb, cavan dostların öcəşməsini əvvəldən axıra dinləmişdi.

Professorun köksü qabardı. Elə bil dili tutulmuş və ürəyindəkini deməyə çətinlik çəkirdi.

Boynu, çiyninin bir tərəfi çapıq-çapıqdı. Gənc dostları onun bədənində, qıçında və qarnında şırımlar, güllə-çarpanaq yerlərini görmüşdülər. Bunlar ötmüş müharibənin izləriydi.

Professor sızıldayırmış təki dindi:

- Sən haqlısan. - O, qonaqlığa getməyən yoldaşının hərəkətini bəyəndi və yenə də ona üz tutdu:

- Amma inan ki, Rəhim də bədbəxtdir. Bədbəxt. Bədbəxt adamla necə rəftar edəsən?

Ertəsi gün nə dəhlizdə, nə mehmanxananın restoranında Rəhimə rast gəlmədilər. O, Brüsseldən onunla gəlmiş dostunu və saxladığı qızı buraxıb, Parisdən çıxıb getmişdi.

MARSEL - VARLANMAQ İSTƏYİ

Marselə axşam düşürdü. Təbaşir daşı təki ağaran İf adasının üzərində günün son şölələri qızarırdı. Gecədən dənizə çıxmış balıqçılar sahilə dönmüşdülər. Qayıqlar bulvarın səkisinə söykənmişdi, elə bil xiyabana çıxmaq üçün dartınırdılar.

Marsel balıqçılarının evi-daxması, həm də iş yeri olan qayıqlar cürbəcürdü; irisi, xırdası, təzəsi - rənglisi. Eləsi də vardı, illərdən bəri dalğalarla çarpışmaqdan, küləklərlə güləşməkdən heydən düşmüşdü.

Aralıq dənizinin bu səmtdə durulan dalğaları hərdən səkiyə çırpılır, ətrafa damcılar sıçrayırdı.

Qayıqlar astaca yırğalanırdı. Onların içində ayaq üstə dayanmış balıqçılar elə bil suyun üzündə yox, quruda idilər. Qayıqlara, bulvarın səkisinə dənizdən əldə edilmiş qənimət yığılmışdı. Kimininki az, kimininki çox.

Xiyaban boyu yığılmış azuqəni görən deyərdi: burada Aralıq dənizinin bütün neməti - sudan nə götürmək mümkünsə - hamısından var. Zoologiya kitablarındakı şəkillər təki cürbəcür balıqlar, həşərat qismi, xərçənglər, dəniz kələmi.

Balıqçılar ailəliklə qayıqda idilər. Torları dor ağacına sərib qurudur, yamayır, kişilər qayıqda xırda kayutlarda dincəlir, qadınlar alıcı çağırırdılar. O başdan bu başa səslər qopurdu. Yoğun gövdəli, sağlam, qırmızı sifətli Marsel balıqçıları Jan Qabenə oxşayırdı.

İstiqanlı ər-arvadı onlardan bəridəki qayıqda yaşlı qadın oğlu ilə, daha iki qayıq və qayıqdakı tək qız görünürdü.

Xırıltılı, qalın kişi səsləri, müştəri haraylayan qadın sədalarına qarışıb axşam bazarının küyünə dönmüşdü. Başdan birinci qayıqdakı qızın asta, utancaq çağırışı da eşidilirdi. Deyəsən o, başqaları kimi müştərini ucadan səsləməkdən sıxılırdı.

Onun qayığı əlverişli yerdə dayanmamışdı; sahil boyu tikilmiş kiçik, qəşəng kafelərlə üz-üzə idi.

Kafelərin hamısının qabağı şüşə idi. İçəridəkilər yeyib-içir, Aralıq dənizinin qürub mənzərəsinə, şəhərə tamaşa edir, xiyabanda, səkilərin üstündə axşam bazarındakı alış-verişlə əylənirdilər.

Aşağıdakı balıqçılar alıcını daha ucadan səsləyirdilər.

Orada adam çox, gurdu. Axşam bazarına çıxmış Marsel fəhlələri, təzə balıq almaq istəyən orta təbəqə açıq bazarın yanına - kafelərdən aşağı yönəlir, oradakı qayıqların qabağında dayanırdılar.

Bu yan gəzinti üçündü. Alıcılar, Marselin yoxsul vətəndaşları kafelərdə əyləşənlərin gözünün qabağını kəsmək istəmir, ya da kiçik bazarlıq etməkdən sıxılırdılar.

Bəlkə sahil səkisi balıqçıların arasında qarış-qarış bölünmüşdü, hər qayığın öz yeri, dayanacağı vardı. Beləliklə, guya hamıdan başda dayanmış balıqçı qızın duracağı çox qənşərdi və bu iş üçün qətiyyən uyğun deyildi.

Onun müştərisi, demək olar ki, yoxdu. Səsini ucaldıb, haray çəkə bilmir, aydın və təmiz tələffüzlə çağırırdı:

- Müsyö, dö frank. Müsyö, sil vu-ple!

O biri balıqçılar ötüb gedəni saxlamaq, müştərini cəlb etmək üçün əllərini yelləyir, uzun səki üzərində düşmüş balıq bazarında fransız dilli, xoş və lətif çağırış qopurdu.

Səkidə, qayıqların içərisində asma, avtomat tərəzilər işləyir, müştərinin seçdiyi, könlündən keçən balıq, kələm, özgə dəniz neməti çəkilir, balıqçı pulunu alır, müştərini qılıqlayıb nəzakətlə yola salırdı ki, sabah yenə də onun qayığına, onun bazarına gəlsin.

Marsel bulvarının bircə xiyabanı var: dənizaltı yolun yaxınlığından başlayaraq, ucqardakı limanadək uzanır. Şəhərlə dənizi ayıran da bu xiyabandı. Sahil yamacını bütünlüklə binalar, kaşanələr tutub.

Dağ güneyində arxabaarxa mərtəbələnib ucalan imarətlər o qədər sıx, qovuşuq görünür ki, sanki bunlar bir-birinin üzərində tikilmişdir. Marsel bu mənzərəsi ilə saysız-hesabsız pəncərəli bütöv bir evə bənzəyən Dağıstan aullarını xatırladır.

Lakin Marsel aul deyil, üçmilyonluq şəhərdir.

Dorsuz qayıqda tək dayanmış balıqçı qıza isə, üç milyondan hər axşam beş-onca nəfər lazımdı ki, onu kafelərin qarşısında dayanmaqdan və sıxıntı içərisində müştəri səsləməkdən qurtarsın.

- Müsyö, dö frank!
Bu sözləri qız da deyirdi. Onun dilində bu kəlmələr müştəri çağırışına bənzəmir, bazar ləhcəsinə oxşamırdı. Elə bil o, həmkarların, qonşu qayıqçıların söylədiyi sözləri sadə bir mahnıya çevirmişdi, bu mahnı ilə bazardan ayrılırdı.

- Müsyö, dö frank!

Solğun don geymişdi. Beli zərif, nazik, qıçları qolları şümaldı.

Üzdən o da marsellilər kimi buğdayı idi. Sifətində azacıq allıq vardı. Bilməzdin utandığından, yoxsa dəniz havasındandı. Donu dizlərindən aşağı idi, ucuz corab geymişdi.

Corabının bir-iki yerdən ilmələndiyi sezilirdi. O özü balıqçı idimi? Yoxsa ata-anası bütün gecəni səhərədək dənizdə əlləşdikdən sonra yorğun düşmüşdülər; evdə, ya da elə qayığın daxma kayutunda dincəlirdilər ki, sabahı yenə dənizə çıxsınlar? Əldə etdiklərini satmağı qızlarına tapşırmışdılar?

Bu da onun işi idi?
Avropada maksi təzəcə dəb düşmüşdü. Parisdən sonra Marselə yayılmışdı.

Marsel məşuqələrinə üst-baş, cazibədarlıq daha çox lazımdı. Körpülərdə, limanlarda nə qədər gəmi dayanmışdı. Üstlərində uzaq ölkələrin bayraqları yellənən gəmilərin heyəti, matroslar, aylarla sudan özgə heç nə görməyən okean dənizçiləri Marselə yan almışdılar. Onlar iki-üç gün qalacaqları şəhərdə yığılmış ehtiras və istəklərini sovmalı, kef çəkməli idilər.

Marselin qartalburun, irigöz, at yallı pəriləri bu istəyi duyur, qiymətləndirirdilər.

Topuğa uzanan qara mövsüm paltosu geymiş, dənizçi düymələrinə oxşar iri, qızılı düymələri reklam təki yanan mələklər sahilin sərin mehində xumarlana-xumarlana gəzinir, alıcı baxışlarının toruna düşən ov arzulayırdılar.

Balıqçı qız onları da görürdü. Könlündən nə keçirdi? Evdə bunun da son dəbdə geyimi, maksi paltosu vardımı?

Onun qayığı ilə sahildəki gözəl kafelərin arası beşcə addımdı. Ucsuz-bucaqsız dənizdə yollar yormuş bir qayığın sakini o beşcə addımı keçə bilərdimi?

Orada, o kafelərdən birində asudə əyləşib, dənizə və balıq bazarına tamaşa etsin; yoxsa bu aləmin, bu dünyanın əzizi yalnız qartalburun, alıcıgöz məşuqələrdi? Sahil xiyabanında azad-arxayın gəzib-dolanmağa yalnız onların ərki çatırdı.
Balıqçı qız yalqız qağayı kimi cükküldəyirdi:

- Müsyö, dö frank! Müsyö, sil vu ple!

SONUNU OXU!
XS
SM
MD
LG