De-fakto Gürcüstandan ayrı olan abxazlar özlərinin de-fakto prezidentlərini seçirlər. Əslində isə abxazların kimi seçməsinin heç bir əhəmiyyəti yoxdur, çünki Abxaziyanı abxazlar yox, Moskva idarə edir. Moskva Abxaziyanın müstəqilliyini tanısa da, abxazların hamısına rus pasportları verilib ki, onlar xaricə çıxa bilsinlər. Rusiya Abxaziyadakı hər şeyə nəzarət edir. Dəmiryolları, hava limanı, dəniz limanı, sərhədlər və s. Abxaziyada pul vahidi rus rubludur, burda azı 4 min rus qoşunu var, ruslar Oçamçirada hərbi dəniz bazası da tikirlər. Odur ki, heç Abxaziyanın özündə də Moskvanın dediyi ilə oturub-duran Sergey Baqapşdan başqasının prezident seçiləcəyinə inanmırlar. Baqapşın əsas rəqibləri isə keçmiş vitse-prezident Raul Xacimba və iş adamı, Abxaziyanın İqtisadi İnkişaf Partiyasının sədri Beslan Butbadır. Beynəlxalq Böhran Qrupunun Tbilisi ofisinin rəhbəri Lorens Şits deyir ki, bu seçki heç nəyi dəyişməyəcək bir oyundur: «Bu seçki Abxaziyada heç nəyi dəyişən deyil. Abxaz idarəçiləri müstəqil davrana bilirlərmi? 2008-ci ilədək nəsə hiss edilirdisə, indi ümumiyyətlə, əl-ayaqları yığışdırılıb». Üstəlik, Abxaziyanın özündən siyasi şərhçilər, məsələn İrakli Xintba deyir ki, Abxaziyadakı siyasi rejim Putinin yaratdığı «Vahid Rusiya» formatına - təkpartiyalı sistemə bənzəməyə başlayır. Fərq ondadır ki, abxaz müxalifəti özü də Moskvaya sadiqdir. Seçki kampaniyasını korrupsiyayla mübarizə və kiçik biznesi stimullaşdırma vədləri üzərində quran Beslan Butba deyir ki, Abxaziyanın dünya iqtisadiyyatının bir hissəsi olması üçün çalışacaq. Amma o, Moskvadan asılılıq məsələsindən ehtiyatla danışır: «İndi və sabah görəcəyimiz bütün işlər Rusiyayla birgə olacaq, Rusiyayla bağlı olacaq. Rusiyanın bizi tanıması çox önəmlidir. Biz ancaq bu yolla inkişaf edə bilərik, bizim yolumuzda heç kim dura bilməz». Başqa bir namizəd - keçmiş KQB rəhbəri Raul Xacimba əsasən millətçilik və abxazların milli kimliyinin qorunmasından danışsa da, daha çox Vladimir Putinlə yaxın münasibətlərdə olmasıyla tanınır. Abxaziyada etnik azlıqları da dəstəklədiyini deyən Sergey Baqapş isə 2004-cü il seçkilərində hətta regiondakı gürcülərin də səslərini qazanmışdı. İndi Baqapşın rəqibi Xacimbanın təklifiylə seçki qanunvericiliyinə dəyişiklik edilib - yalnız abxaz pasportu olanlar seçkidə iştirak edə biləcək. Abxaz pasportu almaqdan imtina edən etnik gürcülər səsverməyə qatıla bilməyəcək. Abxaziyada yaşayan 45 min gürcüdən ancaq 1/4-nin abxaz pasportu var. Ancaq Baqapş bunun əvəzində regiondakı erməniləri öz tərəfinə çəkib, 32 minlik erməni azlığı Baqapşı dəstəkləyəcəyini elan edib. Bundan başqa, Abxaziyadakı 75 min abxazın özü və 17 mindən çox rusun da səsvermə hüququ var. Bu ilin avqustunda Abxaziyaya səfər edən Putin həm Baqapş, həm də müxalifət namizədləriylə görüşsə də, çoxları Rusiyanın 2004-cü ildəki səhvi təkrarlayacağına inanmır. O vaxt Moskva açıq-aşkar Raul Xacimbaya dəstək vermişdi, amma ciddi qarşıdurma yaranandan sonra Baqapş və Xacimba ikinci tura birlikdə getmişdilər - Baqapş prezidentliyə, Xacimba isə vitse-prezidentliyə namizəd kimi. |
Buna da bax:
Azadlıq Trend
1