Dekabrın 17-si Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuatımızın usanmaz araşdırıcısı Şirməmməd Hüseynovun 85 yaşı tamam olur.
Böyük ömür yolu keçən əziz müəllimimiz Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib.
Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.
Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında onun adı ön cərgədə çəkilir.
Onun ən son kitabı - Üzeyir Hacıbəylinin Sovetləşmədən öncə mətbuatda çıxan, indiyədək çap olunmamış məqalələrinin toplandığı kitabdır.
Ötən əsrin 40-cı illərindən paytaxtda yaşamağa başlamış, yayı Şəkidə, qışı Bakıda keçirən Şirməmməd müəllim tam Bakılı olmasa da, yeri gələndə Bakıya «can» deməyi bacaranlardandır.
AzadlıqRadiosunun «Can Bakı» proqramı yubiley günündə Şirməmməd müəllimi qonaq qarşılamaqdan qürur duyur, hamını bu söhbəti eşitməyə və oxumağa çağırır.
S.İ.: Xoş gördük, Şirməmməd müəllim! AzadlıqRadiosunun təbriklərini qəbul edin! 85 yaş, şübhəsiz ki, müdriklik yaşıdır. Amma mən Sizi düz 40 ildir tanıyıram. Siz elə 45 yaşında da dünyagörmüş, müdrik görünürdünüz. Nə idi səbəbi? Siz heç uşaq, gənc, dəliqanlı olmadınızmı, Şirməmməd müəllim?
Ş.H.: Qoydular ki, gənc olaq, uşaq olaq? Keçən əsrin 24-cü ilində anadan olmuşam. Uşaqlığımda nələr görməmişəm? Şəki üsyanını xatırlayıram, 6-7 yaşım olardı, çörək kartoçka sistemi ilə verilirdi, aclıq idi, əziyyət idi... Keçmiş ziyalıları qırırdılar, kim bəy-xan olub, var-dövlətini əlindən alırdılar... Bunların hamısını yaşamışam. Təzəcə gözümü açmışdım ki, müharibə başladı - əvvəlcə Fin müharibəsi, sonra Böyük Vətən müharibəsi. Gündə bizə 300 qram çörək verirdilər. Bunları da görmüşəm... 85-in 10-nu uşaqlığa çıxsan, mən düz 75 ildir ki, zəhmətlə məşğulam. 10 yaşımdan dağdan odun daşımışam. Satırdıq, onunla dolanırdıq. Həyatın hər üzünü görmüşəm. Mən həm sosializmdə yaşamışam, həm müstəqilliyi yaşayıram. Bu dövrlərin hamısı mənim gözümün önündə cərəyan edib. Özü də, bu hadisələrin təkcə müşahidəçisi olmamışam. Çalışmışam ki, həmişə düzgün mövqe seçim. Mən adi adam olmuşam. Nə vəzifə, nə imkan sahibi olmuşam. Can atmışam ki, babalardan bizə qalan düzgünlüyü, namusu, qeyrəti, zəhmətsevərliyi saxlayım. Özümü belə tərbiyə etmişəm.
S.İ.: Şəkidə, Gəncəlilər məhəlləsində doğulmusunuz. Məhəlləniz nədən belə adlanırdı?
Ş.H.: Gəncəlilər - türk qəbiləsidir. Gəncə Cənubi Azərbaycanda da var. Bu adı təkcə Gəncə şəhəri ilə bağlamaq olmaz. O qəbilədən olan türklər gəlib Şəkidə bir məhəllədə yerləşiblər—Qucana çayının sahilində. Şəkidə bir məhəllə də var—Bəxtiyar Vahabzadəgilin Giləli məhəlləsi. Giləli-yəni Gilan əhli. Məhəllələrin hamısının tarixi, kökü var.
ÇÖRƏYİ DAŞDAN ÇIXAN ŞƏHƏR
S.İ.: Şəkidə az yaşasanız da, hər halda orada keçirdiyiniz illər həyatınızda dərin iz buraxıb yəqin. Həyatınızın baş şəhərini necə xatırlayırsınız?
Ş.H.: Şəki camaatının çörəyi həmişə daşdan çıxıb. Həmişə işləyiblər. Mənim yadımdadır ki, hamı zəhmətkeş idi, işlək idi. Oğurluq edən, rüşvət alan, naxələflik edən tək-tük adam olardı. Şəki sənətkarlar şəhəridir. Təsəvvür edin ki, mən 10-13 yaşlarında Şəkidəki İpək kombinatında yay vaxtlarında gedib işləyərdim. İpək sexində maqara daşıyırdım. Bu kombinata o dövrdə bir şeir də qoşmuşdular:
Ay ağalar, qulaq asın,
Dağıtdı dünyanı zavod.
Erməni tab gətirdi
Yıxdı müsəlmanı zavod!
Çünki Gevorkovun da zavodu var idi. O da fəhlələrin başına oyun açırdı. Ona görə də, belə şeir qoşmuşdular...
MİLLƏTİN NAMUSUNA TOXUNDULAR...
Ş.H.: Mən bu fikirdəyəm ki, millətin müstəqilliyini əlindən almaq, onun milli namusuna toxunmaq deməkdir. Mənim dayılarım Müsavat dövrünü çox gözəl xatırlayırdılar. Deyirdilər ki, müstəqil yaşadıq, cəmi 23 ay ömür sürdü, bolşeviklər gəldi, istiqlalımızı əlimizdən aldı. Bolşeviklər də allahsız oldu, başladılar məscidləri uçurmağa, millətin inanclarına toxunmağa. Mollaları tutub qırdılar, təqib etdilər. Namaz qılan, oruc tutanlara qadağa qoydular. Evində köhnə əlifba ilə kitab saxlayanlar qorxub yandırdılar. Camaat da, o quruluşa nifrət etməyə başladı... Hətta bir lətifəyə bənzər əhvalat da danışırdılar. Bir nəfər «qoçaq» dinə qarşı mübarizə aparırmış. Həyətlərdən aftafaları yığışdırırmış ki, camaat təharət ala bilməsin. Millətin başına açılan oyunları görürsünüzmü? Necə olar ki, bunları görəsən və canından, qanından keçirməyəsən? (Kövrəlir)...
HARDA RÜŞVƏT VAR... MƏN ORDA YOXAM!
Ş.H.: Həyat mübarizədir. Biri var təbii xəstəliklə mübarizə, biri də var ictimai xəstəliklərlə mübarizə. Hər ikisini keçmişəm. Təbii xəstəliklərlə mübarizə aparmasam, sağ qalmazdım. Həyat eşqi adamı yaşadır, bir də allahın verdiyi ömür. Uşaqlığımdan necə tərbiyə almışamsa, elə də gedirəm. O yerdə ki, rüşvət var, oğurluq var, fırıldaq var, yalan var, --mən orda yoxam! Bu mənim həyat tərzim olub. Bir də, oxumaq mənim idealım olub. 1939-cu il yanvarın 6-da «Bak.raboçi» qəzetində bir məqalə çıxıb- «Na rodine pisatelya». Mənim haqqımda yazıblar. Bunu təzə bilmişəm. Bir araşdırıcı mənə dedi. Mən Mirzə Fətəlinin «Şərq poeması»nı əzbər deyirdim. 8-ci sinifdə oxuyurdum onda. 1940-cı ildə respublika üzrə riyaziyyat olimpiadasında yer qazandığıma görə, məni Soçiyə göndərmişdilər. Şəkillərim də var orda çəkdirdiyim. Oxumaq, çalışmaq məhəbbətini bizə Cümhuriyyət dövrünün müəllimləri təlqin etmişdilər. Yalnız elmlə, maariflə, dirilik olar, həyatda mövqe qazanmaq olar, inkişaf etmək olar—fikrini onlardan öyrənmişdik.
64 İLDƏ 13 REKTOR GÖRMÜŞƏM...
S.İ.: Keçək Bakıya—şəhərlər şəhərinə. Bakı sizi necə qarşıladı?
Ş.H.: 1942-ci ildə riyaziyyat müəllimliyini bitirdim. Bir az Şəkidə işlədim. Sonra «Şəki fəhləsi» qəzetində işə götürdülər məni. Bir il işləyəndən sonra 1945-ci ildə Bakıya gəlib Universitetin filologiya fakültəsinin jurnalistika şöbəsinə girdim. O vaxt tələbələri göydə axtarırdılar. Məni hüquqa salmaq istəyirdilər. Dedim, məndən milisioner çıxmaz. (Gülüşmə) Hüquqları pozulanların hüquqlarını müdafiə etmək imkanım yoxdur. «Şəki fəhləsi»ndə işləyəndə elə yazılar yazırdım ki, büroda müzakirəyə çıxarırdılar. Kim ki, oğurluq edirdi, müharibəyə gedənlərin balalarının payına göz tikirdi, mən onları qəzetdə ifşa edirdim. Yəni mən Bakıya gələndə, həm müəllim idim, həm də qəzetdə çalışmaq təcrübəm vardı. Ona görə də, jurnalistikanı seçdim. 1947-ci ildə universitetin «Lenin tərbiyəsi uğrunda» qəzeti yarananda, məni redaktor müavini təyin elədilər. Universitet mənim üçün ikinci ailədir. 64 ildir universitetdə çalışıram. 13 rektor görmüşəm. Axırıncısı Abel Məhərrəmovdur. Bunların içində vətənpərvəri də vardı, karyeristi də, hətta milli ruhu universitetdən çıxarmaq istəyənləri də...
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN AŞİQİ OLDUM!
S.İ.: Yeri gəlmişkən, müharibədən sonra milli ruh necə idi universitetdə?
Ş.H.: Universitetin əsası cümhuriyyət dövründə elə qoyulmuşdu ki, ordan milli ruhu heç kəs çıxara bilməzdi...Heç Sovet KQB-si (DTK) də çıxara bilmədi. Bir yerdə ki, ədəbiyyatı, tarixi, fəlsəfəni tədris edirsən, ola bilməz ki, öz tarixinlə məşğul olmayasan. O mətbuat orqanlarını ki, bizə Bakıda oxumağa imkan vermirdilər, mən onları—Müsavatın «Azərbaycan» qəzetini, «Açıq söz»ü Moskvaya aspiranturaya gedəndə oxudum. Başa düşdüm ki, bu Cümhuriyyət nə Cümhuriyyət imiş! Nə ədalətli quruluş imiş! Bunu quranlar necə vətənpərvər imiş! Mən ona görə Məhəmməd Əmin Rəsulzadənin aşiqi oldum...
S.İ.: 50-ci illərdə? Çoxluğun qəflət yuxusunda yatdığı vaxtda?
Ş.H.: Bəli! Mən onun məqalələrini köçürürdüm. Altına ayrı imza qoyurdum ki, senzura onu çıxarmasın...
S.İ.: Yəni adını çəkmədən ondan sitat gətirirdiniz!
Ş.H.: Elədir!
BİR KİŞİ YOXDU Kİ, MÜSTƏQİLLİK UĞRUNDA SAVAŞSIN?
Ş.H.: 1958-ci ildə «Azərbaycan KP-nin tarixi» kitabı çıxmışdı. Onun Mərkəzi Komitədə müzakirəsi idi. Cəmil Həsənli bu barədə kitabında yazıb (C.Həsənlinin «Azərbaycanda milli məsələ. 1956-59-cu illər» kitabı nəzərdə tutulur-S.İ.). O yazmasaydı, mən də danışmazdım. O kitabın müzakirəsinə Moskvadan aləmi yığıb gətirmişdilər ki, bu millətçi kitabdır. Kitabda N.Nərimanovun adı 211 dəfə çəkilib, S. Şaumyanın adı 130 dəfə...
S.İ.: Hətta bunu da sayıblarmış!
Ş.H.: Bilirsiniz ki, 1956-cı ildə Azərbaycan dili Konstitusiyada dövlət dili elan olunmuşdu. Mirzə İbrahimov bu işi öhdəsinə götürmüşdü. Stalin öldü, Bağırovu tutdular, məhkəmə oldu, şəxsiyyətə pərəstişi ifşa etdilər. Yeni bir ruh yarandı—milli ruh. Mən o iclasda çıxış etdim ki, bu nə deməkdir, deyirlər ki, Azərbaycan ya gərək Rusiyaya birləşəydi, ya da İrana. Dedim, necə yəni, Azərbaycanda bir kişi yox idi ki, öz dövlətinin müstəqilliyi uğrunda savaşaydı?! Təsəvvür edin ki, KPSS-in şöbə müdirlərinin oturduğu iclasda bunları deyəsən... Ona görə də, Moskvada bu kitabın müzakirəsi keçiriləndə, yazmışdılar ki, «Naqlıe vıstuplenie Şirmameda Quseynova, prepovadatelya universiteta...» O vaxt mən özümü qabağa verdim. Sonra Bəxtiyar Vahabzadə «Gülüstan»ı yazdı 1959-da. 1961-də onu «Şəki fəhləsi» qəzetində çap etdirdik.
BİZ TƏK DEYİLDİK!
Ş.H.: Universitetdə milli ruhlu gənclik var idi. Onu deyim ki, fitva verən yaşlılar da var idi. Qorxurdular, amma bizim istiqamətimizi şəxsi söhbətlərdə ora yönəldirdilər. Auditoriyada yox! Auditoriyada hər 5 tələbədən biri KQB-nin agenti olurdu. Auditoriyada müəllimlərin nə danışdığını izləyirdilər... Bax, belə atmosfer vardı. İndi allaha şükür! Ən böyük işi gördük, müstəqillik qazandıq. Mənim üçün ömrümün ən gözəl anı budur. Bunu gördüm. Daha heç bir təmənnam yoxdur. Çünki əvvəlcə gərək özündən soruşasan: Mən bu vətənə nə etmişəm ki, ondan nə isə gözləyəm? Nə ordenində, nə medalında, nə təbrikində--heç zadında gözüm yoxdur! Mən başımı aşağı salıb işləyirəm ki, bu millətə nə xeyir verə bilərəm? Məhəmməd Əmin Bəyin bir məqaləsi var idi: Fəda ol, qədr gör! Fəda olmamış nə qədir görmək istəyirsən?
S.İ.: Deyirsiz, başımı salıb işləyirəm. Nə üzərində işləyirsiniz, sirr deyilsə?
Müsahibənin davamını sabah –Şirməmməd müəllimin yubiley günündə saytımızdan oxuya bilərsiniz.