SAAT 7-YƏ OLAN MƏLUMAT: SEÇİCİLƏRİN 31,86 FAİZİ SEÇKİYƏ QATILIB
MSK-nın saat 19:00-a olan məlumatına əsasən, səsvermədə seçicilərin 31,86 faizi iştirak edib.
Azərbaycanda keçirilən üçüncü bələdiyyə seçkilərində səsvermə başa çatdı. Saat 19.00-dan sonra bütün məntəqələr üzrə səslərin sayılmasına başlanıb.
SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏNİ MƏNTƏQƏYƏ BURAXMAYIBLAR
68 saylı Cəlilabad Kənd Seçki Dairəsinin 14 saylı məntəqəsində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsini məntəqəyə buraxmayıblar.
Hidayət İsmayılov bildirib ki, saat 19.00-da bülletenlərin sayılmasında iştirak etmək istəsə də ona bildirilib ki, «tapşırıq var ki, sizi məntəqəyə buraxmayaq. Bu gün 16 məntəqədə olmuşam, heç bir məntəqədən protokol almaq mümkün olmayıb. Səlahiyyətli nümayəndənin məntəqəyə buraxılmaması sensasiyadır, bu, onların MSK-nı tanımaması deməkdir».
NAMİZƏDİN ADINDAN KİM SƏS VERİB?
Qobustan qəsəbəsindəki 11 saylı Qaradağ Seçki Dairəsindən namizədliyini irəli sürən Müsavat Partiyasının nümayəndəsi Səxavət Soltanlı səs verə bilməyib. Bu barədə AzadlıqRadiosuna Müsavat Gənclər Təşkilatının sədri Rüfət Hacıbəyli məlumat verib:
«Səxavət Soltanlı səs verməyə gedəndə görüb ki, artıq siyahıda onun adının qarşısında imza çəkilib, səs verilib. Dairə sədrinə bunu deyəndə, ona cavab veriblər ki, özünü yorma, sənin adın siyahıda yoxdur. Hazırda dairənin qarşısında mübahisə düşüb deyə, özü danışa bilmədi».
11 saylı Qaradağ Seçki Dairəsinin sədri isə AzadlıqRadiosuna bildirib ki, belə bir pozuntu haqqında məlumatı yoxdur:
«Hər halda, araşdırıb, həmin şəxslə əlaqə saxlayıb, məlumat verərik».
Bir qədər sonra DSK-dan bildiriblər ki, namizədin səs verə bilməməsi texniki səhvlə bağlı olub. Onun adının üstündəki qrafaya imza atan şəxs aşağıdakı qrafada yer tutduğu üçün komissiya üzvünə elə gəlib ki, bu seçici artıq səs verib.
DSK sədri deyib ki, məsələnin texniki səhv ucbatından ortaya çıxmasına baxmayaraq, məntəqə seçki komissiyasının sədrinə xəbərdarlıq edilib.
MİNGƏÇEVİRDƏ VƏFAT ETMİŞ İNSANLARIN ADINA BİLDİRİŞ GÖNDƏRİLİB
Mingəçevirdə müşahidə aparan jurnalist Fərman Nəbiyev AzadlıqRadiosuna bildirib ki, Mingəçevirdə seçici fəallığı demək olar ki, yoxdur:
«Əksər məntəqələr qızdırılmır. Komissiya üzvləri paltoda oturublar, soyuqdan donurlar. 2-3 məntəqə istisna olmaqla, əksəriyyətində belədir. Məsələn, 3 saylı məktəbdəki məntəqədə istilik sistemi yüksək səviyyədədir, komissiya üzvləri də rahat işləyə bilir».
Fərman Nəbiyev 47 saylı Mingəçevir Seçki Dairəsinin 16 saylı məntəqəsində bir seçici ilə komissiya üzvləri arasında problem yaşandığını deyir:
«Seçici çox əsəbiləşmişdi. Çünki əvvəlki seçkidə də, indi də rəhmətə getmiş valideynlərinin adına bildiriş göndəriblər. Seçici hətta bildirişi komissiya üzvlərinin üstünə tulladı ki, aparın özünüz qəbiristanlıqda verərsiniz».
Bundan başqa, Fərman Nəbiyev 47 saylı Mingəçevir Seçki Dairəsinin 22 saylı məntəqəsində kabinəyə eyni zamanda iki adamın girdiyini müşahidə edib:
47 saylı Mingəçevir Seçki Dairəsindən isə məntəqələrində müşahidə aparan jurnalist Fərman Nəbiyevin dedikləri təkzib edilib: «Səhər saat 8-də seçki başladı. O vaxtdan indiyə qədər bizə heç bir irad daxil olmayıb. Ola bilsin, Fərman müəllim o dediklərini informasiya xatirinə deyir. Dedikləri onun fikridir, bizə heç bir şikayət daxil olmayıb.
Seçki məntəqələrimiz qızdırılmır deyəndə ki, bizim əksər seçki məntəqələrimiz məktəblərdə - dəhlizdə yerləşir. Bu onunla əlaqədar ola bilər. Rəhmətə getmiş insanların adına bildiriş göndərmirik. Bildiriş göndərərkən adamları araşdırırıq, rəhmətə gedibsə yazırıq ki, rəhmətə gedib və bildiriş göndərmirik».
12 SAYLI MƏNTƏQƏNİN SƏDRİ OTAĞINDAN BİR DƏSTƏ BÜLLETEN GƏTİRİB STOLUN ÜSTÜNƏ QOYUB
AzadlıqRadiosunun əməkdaşı 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 13 saylı və 12 saylı məntəqələrində olub.
Hər iki məntəqə M.Müşfiq adına məktəbin bir dəhlizində üzbəüz yerləşir.
Əvvəlcə zərflərin kəsilmiş qulaqcıqları sayılıb- 13 saylıda hesablanıb, o birisində isə yox.
12 saylı məntəqədə səslər sayılıb qurtarıb, 13 saylıda isə hələ qutular açılmayıb.
12 saylı məntəqənin sədri otağından bir dəstə bülleten gətirib stolun üstünə qoyub, həmin bülletenlərin möhürləri də eyni yerlərə vurulmayıb.
Məntəqə sədri daha sonra deyib ki, bülleten gətirməyib.
MÜSTƏQİL MÜŞAHİDƏÇİNİN DEDİKLƏRİ
MSK-da qeydiyyatdan keçmiş müstəqil müşahidəçi Tofiq Zeynalov Sabirabad rayonunda 14 məntəqəni müşahidə edib və rastlaşdığı qanun pozuntuları ilə bağlı AzadlıqRadiosuna məlumat verib.
“63 saylı Sabirabad birinci seçki dairəsinin 1 nömrəli məntəqəsində seçki komissiyasının sədri Zərifə Talıbovanın 50-dən artıq bülleteni özü şəxsən qutulara dolduranda görmüşəm. Ümumiyyətlə, Sabirabadda seçici fəallığı çox aşağıdır, bülletenləri elə komissiya üzvləri doldurub atır. Bir-iki seçici görəndə daha da ruhlanırlar, onlara da topa-topa bülleten verirlər. Bu dairənin 2 saylı məntəqəsində səsverməyə təkrar gələnlər də olub ”.
Tofiq Zeynalov Əsədli kəndində 19 saylı məntəqədə müşahidəçilərin işinə müdaxilə olunduğunu, onların akt tərtibatına maneçilik törədildiyini də bildirib.
63 saylı Sabirabad birinci seçki dairəsinin sədri bu məlumatları təkzib edir:
“Bu saat onu araşdırmışam, komissiyanın sədri Zərifə Talıbova ilə özüm danışmışam, o deyir ki, mən o adamı burda görməmişəm. O necə deyə bilər ki, mən burda seçki qutusuna 50 bülleten atmışam ?!
Qanun pozuntusunu sübut etmək üçün fakt lazımdı. Onun əlində faktı var? Başqa bir müstəqil müşahidəçi ilə də danışmışam. Ondan soruşdum ki, siz özünüz görmüsünüzmü? Deyir ki, yox, amma komissiya üzvləri o tərəfdən bülleteni gətirib işçi stolunun üstünə qoyublar. Deyirəm ki, o bülletenləri seçki qutusuna atanda görmüsünüz? Deyir ki, yox! Deyirəm ki, o boyda bülletenləri o qədər adamın arasında necə aparıb atıb? Deyir ki, gözümüzün qabağında aparmayıb, amma seçki qutusuna atıb”.
OMBUDSMAN AZADLIQRADİOSUNUN ÜZƏ ÇIXARDIĞI POZUNTULAR BARƏDƏ
Ombudsman Elmira Süleymanova «İşdən sonra»da deyir ki, hər il olduğu kimi, bu dəfəki seçkilərdə də bütün rayonlarda, kəndlərdə müşahidələr aparıblar. Lakin bu dəfəki müşahidələrdə elə bir kəskin reaksiya eşitməyiblər.
E.Süleymanova deyir ki, ona Həsən Ağayev adlı bir şəxsin 36 saylı dairənin məntəqələrində səs verməsi barədə xəbər verilib. Xəbəri ona AzadlıqRadiosunun əməkdaşı İlqar Rəsul çatdırıb. Məlumata görə, guya həmin şəxs əvvəl 1 saylı məntəqədə səs verib, sonra isə 2 saylı məntəqədə səs verib. MSK-nın veb səhifəsində eyni adlı seçici yalnız 4 saylı məntəqədə qeydiyyatdadır. Ancaq Elmira Süleymanova deyir ki, həmin dairəyə gedib, seçicini soruşub, ancaq əfsuslar olsun ki, onun adı çıxmayıb.
Aparıcı soruşanda ki, bu seçicinin adı 4 saylı məntəqədədir, Elmira Süleymanova deyib ki, «gedib yoxlayıram».
İnsan haqları müvəkkilinin seçkiylə bağlı fikri belədir ki, seçki sakit atmosferdə keçir, müşahidəçilərdən soruşanda ki, hansı pozuntu gördünüz, dedilər məqsədimiz pozuntuları aşkarlamaqdır.
AzadlıqRadiosunun saytında 30 və 32 saylı məntəqələrdə bir neçə qadının səs verməsinin göstərən video yerləşdirilib. Elmira Süleymanova:
«Eşidən kimi gəldik bura, hər xəbərə belə reaksiya veririk. Kəpəzdə də belə pozuntu olub. Nümayəndələrimizə tapşırdıq ki, yoxlasınlar. 30 saylıda dedilər ki, sizin nümayəndəniz Ülkər xanım bura gəlib. 30 və 32 xeyli aralıdır. Getdik 32-yə soruşduq ki, bu necə olub ki, eyni adamlar gəlib burda səs veriblər. Guya həmin qadın cavab verib ki, lazım olsa beşinci dəfə də səs verərik. Güclü etiraz varıydı ki, ola bilməz. Ola bilər bu şəkillər kənarda çəkilib».
Aparıcının «Məntəqə sədri bunu təsdiqləyərmi?» sualına Elmira Süleymanova belə cavab verib: «Biz hansısa TV yaxud radioya müraciət edə bilmərik ki. Biz etibarlı orqana müraciət eləməliyik».
Elmira Süleymanova deyir ki, məqsədi hansısa faktı gizlətmək deyil, əksinə neqativ hallara yol verənlər cəzalandırılmalıdır ki, gələcəkdə belə hallar baş verməsin. Seçki prosesini mümkün qədər şəffaflaşdırmaq lazımdır.
ATƏT-in BAKI NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ SEÇKİNİN GEDİŞİ HAQDA
ATƏT-in Bakı nümayəndəliyinin rəhbəri Əli Bilgə Cankorel “Seçkilər” İnformasiya Mərkəzinə baş çəkərək jurnalistlərə açıqlama verib.
Cankorel ATƏT-in seçkiləri rəsmi müşahidə etmədiyini, bu missiyanı Avropa Şurasının həyata keçirdiyini deyib. Onun sözlərinə görə, yekunlarla bağlı hesabatı da Avropa Şurası açıqlayacaq:
“ATƏT seçkiləri qeyri-rəsmi izləməsinə baxmayaraq nümayəndəliyə çox sayda şikayətlər daxil olur. Bu şikayətlər bir şəxsin bir neçə dəfə səs verməsi və qutulara toplu halında bülletenlərin atılması ilə bağlıdır. Biz bütün şikayətləri araşdırmaq üçün MSK-ya yollamışıq”.
Cankorel seçkinin texniki baxımdan yaxşı təşkil olunduğunu vurğulayıb.
SEÇİCİLƏRİN 28,51 FAİZİ SƏS VERİB
MSK xəbər verir ki, saat 17.00-a olan məlumata əsasən ölkə üzrə seçicilərin 28,51 faizi səsvermədə iştirak edib.
BİR SEÇİCİ İKİ ŞƏXSİYYƏT VƏSİQƏSİ
Sumqayıtda 43 saylı seçki dairəsinin 29 saylı seçki məntəqəsində bir qrup seçicinin şəxsiyyət vəsiqəsinə baxmadan onlara bülleten verilib və səs vermələrinə şərait yaradılıb. Bundan başqa, bir seçici iki şəxsiyyət vəsiqəsi ilə gələrək, həm öz yerinə həm də başqasının yerinə səs verib.
Məsələylə əlaqədar olaraq Sumqayıt 43 saylı seçki dairəsindən bildirdilər ki: «Belə fakt ola bilməz. Bu məsələ barədə bizə heç bir məlumat daxil olmayıb».
NAMİZƏDİ İCRA NÜMAYƏNDƏSİ DÖYÜB?
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun verdiyi məlumata görə, saat 15.00-dək ümumi seçicilərin 24,2 faizi səsvermədə iştirak edib. Ən aktiv dairə Şərur-Sədərək Seçki Dairəsidir.
M.Pənahov 24 faizlik göstəricini müsbət qiymətləndirib və bu saata qədər ciddi qanun pozuntusunun olmadığını deyib.
«Ümid» Partiyasının MSK-dakı nümayəndəsi Akif Qurbanov isə partiya əməkdaşlarından xeyli sayda pozuntularla bağlı məlumat daxil olduğunu deyib. A.Qurbanov qeyd edib ki, ona daxil olan məlumata görə, Neftçala və Xətaidə artıq seçkilərin nəticəsi bəllidir və o siyahını əldə edib. Partiya nümayəndəsi həmin siyahını araşdırılması üçün MSK-ya təqdim edib.
A.Qurbanovun verdiyi digər məlumata görə, 63 saylı Sabirabad 1-ci Seçki Dairəsində 28 saylı məntəqə saat 14-dən bağlanıb. 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən Sırık bələdiyyəsindən isə bildirilib ki, artıq bülleten yoxdur. Eyni zamanda bu dairə ilə bağlı şikayətlərdən də biri odur ki, qutulara topa halında bülletenlər atılıb.
63 saylı Sabirabad Seçki Dairəsinin 10, 25, 27 saylı məntəqələrindən verilən məlumatda deyilir ki, saat 14-də seçkidə iştirak edənlərin rəsmi sayı həmin ərazi üzrə ümumi seçicilərin sayından çoxdur.
MSK üzvü Natiq Məmmədov «Ümid» Partiyasının namizədinin döyülməsi ilə bağlı xəbərə münasibət bildirib. Partiyanın yaydığı xəbərə görə, namizəd Şirinova Tellini kənd icra nümayəndəsi döyüb. N.Məmmədov bu məsələnin araşdırıldığını, lakin xəbərin təsdiqini tapmadığını deyib.
Daxil olan şikayətlərlə bağlı MSK sədri deyib ki, seçki prosesi zamanı kiminsə kimdən xoşu gəlmirsə, bu kimi xəbərlər yayır: «Belə xəbərləri nə təkzib etmək olur, nə də tam da təsdiq etmək. Sadəcə, belə hallarla bağlı araşdırma aparmaq lazımdır».
M.Pənahovun verdiyi məlumata görə, indiyə qədər MSK seçki ilə bağlı 6 müraciətə baxıb, lakin Qobustan, Lerik, Göygöl, Salyan rayonlarından daxil olan 6 müraciətdə deyilənlər aydın olmadığından, bu müraciətlərdə nə istənildiyi məlum olmadığından geri qaytarılıb.
31 SAYLI SURAXANI SEÇKİ DAİRƏSİNİN 19 SAYLI SEÇKİ MƏNTƏQƏSİNDƏ DƏ QANUN POZUNTUSU
Bu seçki məntəqəsində seçki komissiyasının əldəki mürəkkəbi yoxlamaqda səlahiyyətli olan üzvü 5 dəqiqəyə yaxın vaxt ərzində yerində olmadığına görə 3 seçici əli yoxlanılmamış vəziyyətdə seçkidə iştirak etdi. Seçki komissiyasının sədri isə komissiya üzvünə bir kağızdan nəsə oxuyurdu, komissiyanın üzvü də sədrin təlimatı ilə seçicilərin doldurmalı olduğu seçki blankına seçicilərin yerinə işarə qoyurdu.
31 saylı Suraxanı seçki dairəsinin 18 saylı seçki məntəqəsində isə olduğumuz zaman ərzində heç bir qayda pozuntusu ilə qarşılaşmadıq.
SEÇİCİLƏRİN 24,23 FAİZİ SƏS VERİB
MSK xəbər verir ki, saat 15.00-a olan məlumata əsasən ölkə üzrə seçicilərin 24,23 faizi səsvermədə iştirak edib.
KEÇMİŞ BƏLƏDİYYƏ SƏDRİ YEMƏK PAYLAYIR
29 saylı Səbail Seçki Dairəsinin Badamdarda yerləşən 26 saylı məntəqəsində həmin ərazinin keçmiş bələdiyyə sədri Bəybala Hüseynov komissiya üzvlərinə yemək paylamaq istəyib. O, başqa məntəqələrə də yemək payladığını bildirib.
«BU, SEÇİCİLƏRİN İŞ YERLƏRİNDƏ RƏHBƏRLİYƏ GÖSTƏRMƏSİ ÜÇÜNDÜR»
39 saylı Kəpəz 1-ci seçki dairəsinin 13 saylı məntəqə komissiyasının sədri Əliağa Səfərəliyev deyir ki, saat 15-dək 1362 nəfərdən 290 nəfər səs verib. Bildirişlərə möhür vurur, bundan əlavə, ağ kağızlara imza atıb möhür vurub seçicilərə veriblər.
Əliağa Səfərəliyev deyir ki, bu, seçicilərin iş yerlərində rəhbərliyə göstərməsi üçündür.
OMBUDSMAN AZADLIQRADİOSUNUN VİDEO MATERİALI İLƏ BAĞLI ŞƏXSƏN ARAŞDIRMAYA BAŞLADI
Ombudsman Elmira Süleymanova Seçkilər İnformasiya Mərkəzində 8 saylı Binəqədi 1-ci seçki dairəsinin 30 və 32 saylı məntəqələrində «karusel» əməliyyatını göstərən AzadlıqRadiosunun video materialına baxıb. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, materiala tanış olduqdan sonra məsələni araşdırmaq üçün ombudsman şəxsən həmin məntəqələrə gedib. Məsələylə bağlı onun açıqlama verəcəyi gözlənir.
OMBUDSMAN TƏKZİB EDİR
Ombudsman seçkidə «karusel» əməliyyatı barədə AzadlıqRadiosunun məlumatlarını təkzib edir. Elmira Süleymanova Ombudsman aparatı əməkdaşlarının araşdırma apardıqlarını və məlumatların doğru olmadığını aşkar etdiklərini deyib.
AzadlıqRadiosu 40 saylı Kəpəz dairəsində, həmçinin 8 saylı Binəqədi 1-ci seçki dairəsinin 30 və 32 saylı məntəqələrində, eyni zamanda Naxçıvanda bir çox məntəqələrdə «karusel» olması barədə məlumat verib. Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Yardım və Məsləhət Mərkəzinin müşahidəçiləri də bunu təsdiqləyiblər. Binəqədidə bir dəstə seçicinin bir neçə dəfə səs verməsini göstərən video hazırda AzadlıqRadiosunun saytındadır.
Ombudsman Elmira Süleymanova seçkidən əvvəl hazır bələdiyyə üzvlərinin siyahılarının olması barədə xəbəri də təkzib edib.
NAXÇIVANDA ADAMLAR TOPA-TOPA SƏS VERMƏYƏ GƏTİRİLİR
Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Yardım və Məsləhət Mərkəzinin müşahidəçilərinin məlumat verir ki, 3 saylı Babək-Kəngərli seçki dairəsinin 1, 4, 5 və 6 məntəqələrində bir nəfərin bir neçə nəfərin əvəzinə səsvermə halları aşkar olunub. Eyni hal Naxçıvan şəhər 4 saylı seçki dairəsinin 1, 10 , 26, 31 seçki məntəqələrində də müşahidə olunub.
4 saylı Naxçıvan şəhər dairə seçki Komissiyasının Ümid partiyasından olan üzvü Elman Abbasov AzadlıqRadiosuna bildirib ki, seçki aktivliyi bir o qədər yüksək deyil, amma qutularda bülletenlər var: “Küçələrdə karusel olması hiss olunur, topa-topa adamlar var, şəhərdə gəzirlər, idarə müəssisə işçiləri, yəqin karusel işləyirlər”.
4 saylı seçki dairəsinin sədri Cahangir Seyidov isə seçkidə qanun pozuntularına yol verilməsi faktlarının yanlış olduğunu bildirib.
İKİ NƏFƏR BİR KABİNƏDƏ SƏS VERİB
44 saylı Sumqayıt-Abşeron dairəsinin 28 saylı seçki məntəqəsində müxbirimiz iki nəfərin bir kabinəyə girib səs verməsini müşahidə edib. Seçki komissiyasının üzvü Şəmsəddin Məmmədov bunu onunla izah edib ki, seçicilərdən birinin gözü görmür və seçicilərə şərait yaradılıb ki, bir-birinə yardım etsinlər.
MÜŞAHİDƏÇİLƏR ÇAY İÇMƏYƏ GEDİB
Səs verməyə gələn süpürgəçilər onları “jek” müdirinin göndərdiyini deyir: “Səhər açılandan evə getməmişik, işdən birbaşa səsverməyə gəlmişik”.
8 saylı Binəqədi seçki dairəsinin 12 saylı seçki məntəqəsində bülleteni sərbəst doldura bilməyən seçicinin bülleteninə komissiya üzvü özü işarə atdı və etiraf etdi ki, buna görə ona töhmət gələcək. Seçici xanım latın qrafikasında oxumağı bacarmadığını və gözlərinin zəif olduğundan kömək istədiyini dedi:
Qadın – «Latınca bilmirəm, 50 yaşım var həvəsim yoxdur öyrənəm».
Komissiya üzvü – «Mənə nöqsandır sizə göstərmək, mənə sabah töhmət verəcəklər». (amma işarələyir)
Məntəqədə seçici fəallığı azdır. Saat 12-yə kimi seçkilərdə 50-ə yaxın adam iştirak edib, məntəqədə 1200 nəfər qeydiyyatdadır.
8 saylı Binəqədi seçki dairəsinin 12 saylı seçki məntəqəsinə gələn bir nəfər əlində sənəd olsa da, müşahidəçi, ya vəkil olduğunu dəqiq bilmirdi.
8 saylı Binəqədi seçki dairəsinin 10 saylı seçki məntəqəsində Müsavat partiyasından olan müşahidəçi deyir ki, səsverməyə qeydiyyatda olmayan adamlar gəlib və onların barmağına mürəkkəb vurulmayıb.
SEÇKİNİ MÜŞAHİDƏ ETMƏK İSTƏYƏNİ MƏNTƏQƏYƏ BURAXMADILAR
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun Naxçıvan nümayəndəsi Eldostu Mehdiyev AzadlıqRadiosuna müraciət edib ki, onu 1 saylı Şərur dairəsi, 23 saylı məntəqəyə buraxmayıblar. Eldostu Mehdiyev seçkini müşahidə etmək istəyirmiş. Amma o, müşahidəçi kimi qeydiyyatdan keçməyib.
Eldostu Mehdiyev hesab edir ki, onun hüquqları pozulub.
Seçki hüququ üzrə ekspert Hafiz Həsənov AzadlıqRadiosuna deyib ki, Mehdiyevin məntəqəyə buraxılmaması qanunidir:
«Yalnız KİV nümayəndələri qeydiyyat olmadan məntəqəyə daxil ola bilərlər. İctimai təşkilatın nümayəndələri müşahidə aparmaq üçün mütləq müşahidəçi kimi qeydiyyatdan keçməlidirlər».
SEÇİCİLƏRİN 17 FAİZƏ YAXINI SƏS VERİB
MSK-dan verilən məlumata görə, saat 12-yə kimi ölkə üzrə seçicilərin 17 faizə yaxını səs verib. Bu da 770 mindən çox seçici edir. Ən aktiv dairə Salyan-Neftçala, ən passivi isə Masallıdır.
SEÇİCİLƏRİN ƏLİFBA PROBLEMİ
45 saylı dairənin 29 saylı məntəqəsində (Mehdiabad qəsəbəsi) kabinəyə bir neçə nəfər eyni vaxtda girib səs verib. Məntəqə sədri bunu yenə belə izah edib ki, bəzi seçicilər latın qrafikasını oxuya bilmirlər.
Məntəqənin qabağında bəzi adamlar dayanıb seçicilərə kimə səs vermək lazım olduğunu deyiblər.
Bu dairədə 13 yerə 70-ə yaxın namizəd var. 29 saylı məntəqədə seçici fəallığı o birilərə nisbətən yüksək olub.
ABŞERONDA QEYDİYYATDA OLANLAR NƏRİMANOVDA SƏS VERMƏYƏ GƏLİBLƏR
Şəxsiyyət vəsiqəsində Abşeron rayonuna qeydiyyatda olduğu yazılan 5 nəfər gənc 20 saylı Nərimanov ikinci dairəsinin 8 saylı məntəqəsində səs verməyə gəliblər.
Xalq Cəbhəsi Partiyasının ümumrespublika müşahidəçisi Əbülfəz Qurbanlı bu pozuntu ilə bağlı AzadlıqRadiosuna məlumat verib. Onun dediyinə görə, gənclər mənətəqəyə yaxınlaşıb məntəqə sədrinin burda olub-olmadığını soruşandan sonra içəri daxil olublar:
«Məntəqədə onlara bülleten verildiyini görəndə iradlarımı bildirdim. Bundan sonra gənclər məntəqədən uzaqlaşdırıldılar».
20 saylı Nərimanov ikinci dairəsinin sədri Eldar Səlcuqov deyir ki, belə bir hal ola bilməz:
«Bu, bələdiyyə seçkisidir, Abşerona qeydiyyatı olan niyə gəlib burda səs verməlidir ki? Üstəlik, o müşahidəçinin icazəsi yoxdur ki, başqasının şəxsiyyət vəsiqəsinə baxsın. Müşahidəçinin hüquqları var, amma başqasının hüququnu niyə pozur? Seçki prosesi içəridədirsə, müşahidəçi içəridə oturub müşahidə etməlidir, bayırda sənin nə ixtiyarın var vətəndaşın vəsiqəsinə baxırsan? Mən MSK-ya müraciət edəcəyəm həmin müşahidəçiylə bağlı, cinayət işi açsınlar».
MÜƏLLİMLƏR VALİDEYNLƏRİ GÖZLƏYİRLƏR
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Nərimanov rayonu 19 və 20 saylı dairələrdə müəllimlər qeydiyyatda olduqları ərazidə deyil, işlədikləri məktəblərdə səs verirlər.
Müəllimlər həm də məntəqədə dayanıb dərs verdikləri şagirdlərin valideynlərini gözləyirlər ki, onların səs verib-vermədiklərini görsünlər.
Müxbirin müşahidəsinə görə, vətəndaşların aktivliyi hələ ki, aşağıdır, təxminən bir saat ərzində 2 seçici səs verməyə gəlib.
NAXÇIVANDA AZADLIQRADİOSUNUN ƏMƏKDAŞLARINI MƏNTƏQƏLƏRƏ BURAXMIRLAR
AzadlıqRadiosunun müxbirləri Məlahət və İlqar Nəsibovları məntəqələrə buraxmırlar. Onları Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin 40 və 46 saylı məntəqələrinə buraxmayıblar.
3 saylı dairənin seçki komissiyasının katibi Ədalət Partiyasından Vəfa Rəhimovu da 46 saylı seçki məntəqəsinə buraxmayıblar. Məntəqə sədri müxbirlərə də, komissiya katibinə də deyib ki, bu barədə xüsusi təlimat alıblar.
Dairə komissiyasının sədri: ““Karusel”ə ehtiyacımız yoxdur”
“40 saylı Kəpəz dairəsində “karusel” əməliyyatı baş verib, 8 saylı məntəqədə səhər saat 11-də səs verən bir qrup adam qırmızı avtobusla 12 saylı məntəqəyə yollanıblar və ikinci dəfə səs veriblər, yə”.
Bu haqda AzadlıqRadiosuna ölkə üzrə müstəqil müşahidəçi Əfqan Məmmədov məlumat verib.
40 saylı Kəpəz dairəsinin sədri Azad İbrahimov isə AzadlıqRadiosuna müsahibəsində deyir ki, bu məlumat yanlışdır və məntiqli deyil, çünki “karusel”ə heç ehtiyac yoxdur:
“Axı yetərsay tələb olunmursa, “karusel” nəyə lazımdır. Onsuz da nə qədər adam gəlməyinin əhəmiyyəti yoxdur. Bu məlumat şaiyədir”.
Dairə sədri deyir ki, bu məlumatı araşdırmağa ehtiyac görmür.
MƏNTƏQƏ QAPISINDA BÜROKRATİK ƏNGƏL
AzadlıqRadiosunun əməkdaşı Abbas Atilay M. Müşfiq adına orta məktəbdə yerləşən seçki məntəqəsinə daxil olmaq istəyərkən problemlə qarşılaşıb. Əlindəki fotoaparatından “şübhələnən” məktəb gözətçisi əməkdaşımızı məntəqənin qapısında ləngidərək bu barədə məntəqə sədrini məlumatlandırıb. Məntəqə sədri də əməkdaşımızdan məntəqəyə hansı məqsədlə gəldiyini soruşub. Daha sonra məntəqə sədri “hadisə yerinə” başqa birisini çağırıb. Həmin şəxslə məsləhətləşdikdən sonra əməkdaşımız məntəqəyə buraxılıb.
OMBUDSMAN APARATI AZADLIQRADİOSUNUN MƏLUMATLARINI ARAŞDIRIR
Ombudsman Elmira Süleymanova AzadlıqRadisouna daxil olan məlumatların araşdırılması üçün Ombudsman Aparatının əməkdaşlarına tapşırıq verib.
Elmira Süleymanova deyib ki, 106 sayl Tovuz-Qazax-Ağstafa seçki dairəsi, Səbail rayon Badamdar qəsəbəsi bələdiyyəsi və 36 saylı dairədən daxil olan məlumatları araşdırmağı əməkdaşlarına tapşırıb.
Ombudsman konkret nəticələr əldə olunanda sonra AzadlıqRadiosuna bu barədə məlumat veriləcəyini deyib.
YAP MÜŞAHİDƏÇİSİNİN ƏVVƏLCƏDƏN HAZIRLANMIŞ SİYAHISI
59 saylı Salyan dairəsi 2 saylı məntəqədə Yeni Azərbaycan Partiyasının müşahidəçisi seçicilərə bələdiyyə üzvlərinin əvvəlcədən hazırlanmış siyahısını təqdim edib və onları dəvət edib ki, məhz siyahıdakı adamlara səs versinlər. Müşahidəçi özünü təqdim etməkdən imtina edib.
Bunu AzadlıqRadiosuna müsahibəsində Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov deyib: “Bütün Salyan, Neftçala üzrə belə hazır siyahılar təqdim olunub. Görünür ki, bu, artıq “təyin olunmuş” namizədlərdir”.
PREZİDENT SƏS VERDİ
Prezident İlham Əliyev 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.
Prezidentlə birlikdə xanımı Mehriban Əliyeva da səs verib.
“MƏNTƏQƏYƏ GƏLƏN YOXDUR, ANCAQ QUTULAR DOLMAQ ÜZRƏDİR”
Qazax şəhərindəki 4 və 6 saylı seçki məntəqələrində müşahidə aparan Müsavat Partiyasının nümayəndəsi Məqsəd Mirzəyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, səsverməyə start veriləndən müşahidə aparır.
Məntəqələrə gələn olmasa da qutulardakı bülletenlərin sayı dəqiqəbədəqiqə artmaqdadır. Onun sözlərinə görə, qutular dolmaq üzrədir.
107 saylı Qazax seçki dairəsinin sədri Nemət Əliyev AzadlıqRadiosuna bildirib ki, yaxın 1 saat ərzində məlumatı araşdıraraq məsələyə münasibət bildirəcək.
BARMAQLAR MÜRƏKKƏBLƏNMİR
17 saylı Yasamal 3-cü seçki dairəsinin 29 və 30 saylı məntəqələrində pozuntular kütləvi xarakter alıb. Qrup halında məntəqəyə daxil olan seçicilərin barmaqları mürəkkəblənmir və şüa ilə yoxlanmır. Məntəqə komissiyasının üzvləri bir neçə dəfə səs verirlər və AzadlıqRadiosunun müxbirinin məntəqədə şəkil çəkməsinə mane olublar.
Komissiya üzvləri müşahidəçilərin yalnız onlar üçün ayrılan küncdə otura biləcəyini deyib, pozuntuların baş verməsini gizlətməyə çalışıblar.
SƏS VERMİŞƏM MÖHÜR VURUN
37 saylı dairənin 15 saylı məntəqəsində seçicilərdən bəziləri bildiriş vəsiqələrinə möhür vurulmasını istəyiblər. Səs verdiklərini təsdiqlətmək üçün.
MÜŞAHİDƏÇİLƏR BİLMİRLƏR HANSI PARTİYANI TƏMSİL EDİRLƏR
76 saylı Lənkəran-Astara dairəsinin 23 saylı məntəqəsində seçicilər kabinəyə 2-2 daxil olurlar. Onlar kimə səs verməyi müzakirə edirlər. Elə hamının gözü qabağında da kimə səs vermək lazım olduğunu deyənlər də var.
Bir nəfər latın əlifbasını bilməyən seçiciylə kabinəyə girib və kimə səs verməyi məsləhət görüb.
Müşahidəçilər bilmirlər hansı partiyanı təmsil edirlər.
Məntəqə sədri Asəf Zəkəriyəyev hamının barmağına mürəkkəb vurulmamasını inkar edir. Başqa pozuntuları təkzib eləməyib. Həmin məntəqədə hərbçiləri səs verməyə gətiriblər, həyətə düzüb tapşırıblar ki, kimə səs vermək lazımdır.
MSK-YA HEÇ BİR ŞİKAYƏT DAXİL OLMAYIB
Seçkilər İnformasiya Mərkəzinin direktoru Ramin Hüseynovun verdiyi məlumata görə, seçkinin gedişi ilə bağlı MSK-ya heç bir şikayət daxil olmayıb.
Saat 10-a qədər vətəndaşlardan daxil olan 8 müraciət isə seçki məntəqələrinin yerləşdiyi ərazi ilə bağlı suallardan ibarət olub.
11.15
SƏS VERƏNLƏR SƏNƏD İSTƏYİR
11 saylı dairənin 30 saylı məntəqəsində seçicilər səs verdiklərini təsdiqləyən sənəd istəyiblər. Deyiblər ki, referendumda da belə eləyiblər.
Seçici Ələmdar Hüseynxanov deyib ki, qızı tibb texnikumunda oxuyur, ona deyiblər ki, texnikumda səs vermək lazımdır. Ancaq xəstədir deyə gedə bilməyib, indi atası onun üçün sənəd alır.
SEÇİCİLƏRİN 8,77%-İ SƏS VERİB
MSK saat 10-a olan vəziyyəti açıqlayıb.
Seçki hüququ olan vətəndaşların artıq 8,77%-i səs verib.
Məlumatda bildirilir ki, ölkə üzrə ən aktiv seçki dairəsi 60 saylı Salyan-Neftçala dairəsidir. Bu dairədə vətəndaşların 14,58%-i səs verib.
Ümumilikdə isə yüksək aktivlik Naxçıvanda, Balakəndə hiss olunur.
MSK-nın məlumatında passiv ərazilər kimi isə Gəncə və Bakı göstərilir.
SOL OLMASIN SAĞ OLSUN
AzadlıqRadiosunun müxbiri 17 saylı Yasamal 3-cü seçki dairəsinin 29 və 30 saylı məntəqələrinə daxil olan seçicilərin çoxunun barmaqlarına mürəkkəb vurulmadığını müşahidə edib. Bəzi seçicilərin sol əlinin deyil, sağ əlinin baş barmağına mürəkkəb vurulub. Məntəqələr 20 saylı orta məktəbdə yerləşir.
“KARUSEL ƏMƏLIYYATI” ARAŞDIRILACAQ
8 saylı Binəqədi 1-ci seçki dairəsinin sədri Yəhya Abbasov AzadlıqRadiosuna deyib ki, bu məlumatı araşdıracaqlar.
8 saylı Binəqədi 1-ci seçki dairəsinin 30 saylı seçki məntəqəsində AzadlıqRadiosunun müxbiri “karusel əməliyyatı”nın şahidi olub. Bir qrup qadın seçki məntəqəsinə daxil olub və “göstərin kimə səs verək” deyə komissiya üzvlərindən kömək istəyib.
Məntəqədən çıxanda AzadlıqRadiosuna müsahibə verən qadınlar əvvəl Cəbrayıl rayonunda qeydiyyatda olduqlarını deyiblər, sonra onlardan biri düzəliş edib ki, Binəqədidədirlər. Qadınlar daha bir neçə məntəqədə səs verməyə getdiklərini bildiriblər. “Hara desələr, ora da gedəcəyik. Birinə də gedərik, beşinə də” - qadınlar AzadlıqRadiosunun müxbirinə deyiblər. Müxbirimiz müşahidə edib ki, həmin qadınlar 32 saylı seçki məntəqəsində də yenidən səs veriblər.
10.50
11 saylı dairənin 27 saylı məntəqəsində 8 müşahidəçi qeydiyyatdan keçsə də, onlar heç bir qeydiyyat aparmırlar. Müşahidəçilər YAP-dan, Ana Vətəndən, Vətəndaş Birliyindəndir.
Seçici fəallığı normaldır, 2-2, 3-3 səs verməyə gələnlər var.
10.44
LATIN ƏLİFBASINI BİLMƏYƏNLƏRƏ KÖMƏK
45 saylı Abşeron dairəsinin Masazırda yerləşən 20 saylı məntəqəsində kabinəyə eyni vaxtda bir neçə nəfər girir. Bundan başqa bir nəfər bir neçə dəfə ayrı-ayrı seçicilərlə kabinəyə girib.
Məntəqə sədri İsmayıl Bəndəliyevdən səbəbini soruşanda deyib ki, həmin şəxs komissiya üzvü deyil. Sadəcə latın əlifbasını bilməyən yaşlı seçicilər var, onlara kömək edir.
10.14
MƏNTƏQƏ SƏDRİ TƏKZİB EDİR
36 saylı dairənin məntəqələrində eyni adamın səs verdiyi müşahidə edilib. Özünü Ağayev Həsən Sərhət oğlu kimi təqdim edən seçici əvvəl 1 saylı məntəqədə səs verib, sonra isə 2 saylı məntəqədə səs verib. MSK-nın veb səhifəsində eyni adlı seçici yalnız 4 saylı məntəqədə qeydiyyatdadır.
36 saylı Xətai 4-cü seçki dairəsinin 2 saylı məntəqə komissiyasının sədri Vidadi Xanlarov Həsən Ağayev adlı seçicinin təkrar səs verdiyi barədə faktı təkzib edib. Lakin qeydiyyat sənədini göstərməkdən imtina edib.
KAMERA VARSA, AKTİVLİK DƏ VAR
Naxçıvandan müxbirlərimiz xəbər verir ki, seçici aktivliyi əsasən, kameraların yerləşdirildiyi məntəqələrdə yüksəkdir. Amma bəzi məntəqələr arasındakı aktivlik digərlərindən kəskin fərqlənir. Videokamera quraşdırılmış məntəqələrdən biri olan 4 saylı seçki dairəsinin 12 saylı seçki məntəqəsində saat 9.20-də qırxa yaxın seçici səs verib. Bundan cəmi 10 dəqiqə sonra isə həmin dairənin 34 saylı məntəqəsində artıq 120 nəfər səs veribmiş. 34 saylı məntəqə Universitet şəhərciyində yerləşir və əsas kontingenti hərbçilərdir. Burada 1231 seçici qeydiyyatdadır.
Ümumiyyətlə, Naxçıvanda 171 bələdiyyəyə 1437 üzv seçilməlidir. Bu yerlərə 2274 nəfər namizədliyini irəli sürüb. Onlardan 317-si bitərəfdir, 1605-i hakim Yeni Azərbaycan Partiyasını, 165-i Böyük Quruluş Partiyasını, 130-u Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını, 52-si Ümid, üçü Müsavat, ikisi isə Sosial Rifah Partiyasını təmsil edir. Namizədlərin 381-i qadındır.
09.30
MÜŞAHİDƏÇİ PARTİYASININ SƏDRİNİ TANIMIR
45 saylı Abşeron seçki dairəsinin 6 saylı məntəqəsində partiya müşahidəçilər təmsil etdikləri partiyanın adını dəqiq söyləyə bilməyib. İsmayılova adlı bir müşahidəçi deyib ki, o, Azərbaycan Xalq Cəbhəsini təmsil edir. Konkret olaraq, AXCP, Klassik XCP, yoxsa Bütöv XCP-ni təmsil etdiyi soruşulanda müşahidəçi suala cavab verməyib. “Partiyanızın sədri kimdir” sualı da cavabsız qalıb.
09.15
“KARUSEL ƏMƏLİYYATI” BAŞLADI
8 saylı Binəqədi 1-ci seçki dairəsinin 30 saylı seçki məntəqəsində AzadlıqRadiosunun müxbiri “karusel əməliyyatı”nın şahidi olub. Bir qrup qadın seçki məntəqəsinə daxil olub və “göstərin kimə səs verək” deyə komissiya üzvlərindən kömək istəyib.
Məntəqədən çıxanda AzadlıqRadiosuna müsahibə verən qadınlar əvvəl Cəbrayıl rayonunda qeydiyyatda olduqlarını deyiblər, sonra onlardan biri düzəliş edib ki, Binəqədidədirlər. Qadınlar daha bir neçə məntəqədə səs verməyə getdiklərini bildiriblər. “Hara desələr, ora da gedəcəyik. Birinə də gedərik, beşinə də” - qadınlar AzadlıqRadiosunun müxbirinə deyiblər. Müxbirimiz müşahidə edib ki, həmin qadınlar 32 saylı seçki məntəqəsində də yenidən səs veriblər.
09.10
«MÜƏLLİMƏM DEYƏ MƏNİ YOXLAMIRLAR»
Gəncədə 38 saylı Nizami ikinci seçki dairəsinin 37 saylı məntəqəsində bəzi seçicilərin barmaqları şüa ilə yoxlanmadan buraxılır. Seçkiyə qızı ilə bərabər gəlmiş bir seçici də barmağına mürəkkəb vurulmadan və yoxlanmadan içəri buraxılıb. Özünü Məhəbbət müəllimə kimi təqdim edən seçici deyib ki, o məntəqənin yerləşdiyi 11 saylı məktəbin müəlliməsi olduğundan onu yoxlamırlar.
08.57
8 saylı Binəqədi 1-ci seçki dairəsinin 30 saylı seçki məntəqəsinin yanında polis dayanıb. Cəmi 2 yerli müşahidəçi var. Avropa Şurasının müşahidə missiyasının üzvləri məntəqəyə gəldi.
***
08.50
MƏNTƏQƏ SƏDRİNİN SEÇİCİYƏ KÖMƏYİ
Gəncədə, 39 saylı Kəpəz rayon seçki dairəsində müşahidə aparan AzadlıqRadiosunun müxbiri 7 saylı məntəqə komissiyasının sədrinin seçiciyə kömək üçün kabinəyə daxil olduğunu müşahidə edib. 10 saylı məktəbdə yerləşən komissiya sədri Məmməd Məmmədov sonra müxbirlə söhbətində bunu etdiyini inkar edib.
***
08.42
“BİZƏ DEYİBLƏR Kİ, 20 FAİZ SEÇİCİ AKTİVLİYİ TƏMİN OLUNSA, BƏSDİR”
77 saylı Astara seçki dairəsində 504 seçici seçki məntəqəsindən kənarda səs vermək üçün müraciət edib. 77 saylı Astara seçki dairəsinin 4 saylı məntəqə komissiyasının sədri Bəsti Hüseynova AzadlıqRadiosuna bildirib ki, bu məntəqədə komissiya üzvlərinin daşınan qutu ilə evlərinə gəlməsi üçün müraciət edənlərin sayı 94 nəfərdir, amma onların çoxu şifahi müraciət edib, yalnız 28 nəfər ərizə verib.
2 saylı məntəqədə belə müraciətlərin sayı 44 nəfər olub.
1 saylı seçki məntəqəsinin sədri Hacıbala Ramazanov AzadlıqRadiosuna deyib ki, onlar aktivliyin təmin olunması üçün xüsusi səylər göstərməyəcəklər. “Bizə deyiblər ki, 20 faiz seçici aktivliyi təmin olunsa, bəsdir”.
***
08.45
Bu vaxta olan məlumata görə, 4 saylı Naxçıvan şəhər dairəsinin 25 saylı məntəqəsində cəmi 1 nəfər səs verib. Bu məntəqədə 1392 seçici qeydiyyatdadır. Prezident və parlament seçkilərində bu məntəqədə seçicilərin aktivliyi nəzərə çarpırdı. İndi belə hal müşahidə olunmur.
***
08.30
36 saylı Xətai 4 seçki dairəsindən AzadlıqRAdiosunun müxbiri xəbər verir ki, 2 saylı məntəqədə artıq iyirmidən artıq seçici səs verib.
27 saylı orta məktəbdə yerləşən məntəqənin sədri Vidadi Xanlarov deyib ki, seçki qaydalara uyğun davam edir. Ciddi pozuntu gözə dəyməyib.
***
08.23
AzadlıqRadiosunun müxbiri 45 saylı Abşeron seçki dairəsindən məlumat verir:
Seçkinin ilk dəqiqələrində 6 saylı məntəqədə sakitlikdir. Polis məntəqənin qarşısında dayanıb. Səbəbini soruşanda deyib ki, komandiri gözləyir. O harada desə, orda dayanacaq. Seçki qanunvericiliyi polislərin məntəqədən 100 metr aralıda dayanmasını tələb edir.
Hələ ki, 6 saylı və qonşu 5 saylı məntəqədə seçici aktivliyi gözə dəymir. Seçkinin başlanmasından cəmi 20 dəqiqə sonra artıq 5 saylı məntəqədə qutularda bülleten vardı. Seçki komissiyasının üzvləri artıq bir neçə nəfərin səs verdiyini deyiblər. Ciddi pozuntular gözə dəymir.
***
Azərbaycanda bələdiyyə seçkiləri başlayıb. Saat 8.00-da başlayan səsvermə 19.00-dək davam edəcək.
Bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçirilir. 1718 bələdiyyə üzrə 15 682 nəfər bələdiyyə üzvü seçilməlidir. 31 minə yaxın bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd var. 16 siyasi partiya rəsmi olaraq seçki marafonuna qatılıb.
Vahid seçicilər siyahısında 4 milyon 600 minə yaxın seçicinin adı var.
Seçkiləri 13 beynəlxalq təşkilatı və 18 ölkəni təmsil edən 54-ü beynəlxalq müşahidəçi izləyir.
Bu bələdiyyə seçkiləri Azərbaycan Respublikasında keçirilən üçüncü bələdiyyə seçkisidir. İlk bələdiyyə seçkisi 1999-cu ildə , ikincisi isə 2004-cü ildə keçirilib.
MSK SƏDRİ SƏSVERMƏYƏ START VERDİ
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərə müraciət edib.
Seçicilərə müraciətində MSK sədri seçiciləri fəal olmağa, istədikləri namizədlərə səs verməyə çağırıb:
«Arzu edirəm ki, bütün seçicilər Azərbaycanda keçirilən bu seçkilərə öz münasibətlərini bildirsinlər, səsvermə hüququndan yararlansınlar və birbaşa öz həyatlarına təsir edəcək yerli özünüidarəetmə orqanlarının formalaşmasında yaxından iştirak etsinlər».
Bələdiyyə seçkilərinin hazırlıq mərhələlərindən danışan M. Pənahov bildirib ki, seçki komissiyalarının bütün fəaliyyəti müşahidəçilərin gözü qarşısında olub. O, səsverməni 50 mindən artıq müşahidəçinin izləyəcəyini də diqqətə çatdırıb.
BƏLƏDİYYƏ SEÇKİLƏRİ: NƏLƏRİ BİLMƏK VACİBDİR?
Mövzu ilə bağlı deməyə sözünüz var? "Azadlıq Meydanı"na gəlib şərh yazın