– Mən də bir dəfə xaricdə olmuşam, hə, Kaktobeldə.
– Harda-harda?
– Kaktobeldə… Yox Kaktobel deyilir, ancaq Koktobel yazılır.
Yaşlı kişi özündən cavan həmkarının xarici səfərlərdən bezməsi barədə gileylərinin əvəzində dedi və nədənsə gözləri yol çəkdi.
Sonra heç bir sual-filan gözləmədən izahat verdi. – Düzdü, o zaman Kaktobel xaric sayılmırdı, Sovet İttifaqının tərkibindəydi, ancaq indi xaric hesab olunur, deməli, mən də nə zamansa xarici ölkədə olmuşam.
– Ora haradı elə?
– Simferopoldan bir az o yana,
Qara dənizin qırağında. Xudmani qəsəbədi, ətrafı dağlar, meşəliklər və dəniz.
O qədər gözəl vardı ki… Belə, ağ maya kimi… Yox, yox, qardaşcanı yox. –Yaşlı kişi cavan həmkarının gülər gözlərinə baxıb dedi, sanki pərt oldu, qızardı.
– Hə, Kaktobel! O vaxt işdən bizə mükafat verirdilər, kiminə pul, kiminə ev, kiminə maşın, mənə isə Kaktobelə "putyovka" verdilər.
O qədər sevindik ki… Xaric görməmişdim axı. Gördüyüm bir rayon idi, bir də Bakı.
Uşaqlar hələ balacaydı, ancaq onlar da atılıb-düşürdülər, bacın da sevinirdi, evdəkini deyirəm e…
Hə, yaxşı bir qonaqlıq düzəltdim. Yox, restoranda yox, ona gücüm çatmazdı, eləcə evdə, xudmani.
Mən də içmiyən adam, o qədər vurdum ki, elə paltarlı yıxılıb yatdım, ancaq duranda xəcalət çəkdim. Yaxşı ki, təyyarənin uçmasına hələ çox vardı. Bircə dəfə elə onda təyyarəyə minmişəm…
Aeroportdan Kaktobelə avtobusla gəldik.
Özü də bizim avtobuslardan yox e, qəşəng, səliqəli, tər-təmiz. Uşaqlar, bizimkiləri deyirəm e, – deyə o, köhnə iş yoldaşlarının adlarını sadaladı, – yaman bicəngəydilər, az qala hər il ora gedirdilər.
Mənsə birinci dəfəydi. Otaq yoldaşım bir xaxoluydu, işi-gücü səhərdən axşama kimi içmək, bir də qızlarla kef eləmək idi. Mən yox, mən yox, qardaşcanı mən yox. Özü də o vaxt mənim xeyli yaşım vardı, qırxı çoxdan adlamışdım.
– Mən də oralarda olmuşam, tələbə vaxtı, –cavan yaşlı həmkarını ürəkləndirmək üçün dedi, – gözəl yerlərdir. Ağ maya qızlar, meşəlik…
– Hə, sənə olar, o zaman, yəqin, sən cavan sütül oğlanmışsan.
– Yox, mən də yox, – cavan yaşlı həmkarının qəlbinə dəymək istəmədi, – elə-belə aralıdan-aralıya.
– Dəniz tər-təmiz, adamlar da ki, nəzakətli. Sahil ləpələri ağ qırçınlı, qadın köynəyi kimi. Qızlar da ki, dənizdən çıxmır, çıxanda da uzanıb özlərini günə verirlər, ona-buna sataşırlar, ən çox da qarabalalara.
Onlar da ki, himə bənddilər, bizimkiləri tanımırsan?… Yox, mən yox, qardaşcanı mən yox. Heç bir dəfə də çimmədim…Bədənimdən utanırdım, arıq-çəlimsizin biriydim, qol-qılçam da başdan-ayağa qapqara tük. Düzdü, mənə də baxanlar vardı…amma…
– Bizim rus müəlliməmiz deyirdi ki, qadınlar qıllı kişiləri çox sevir, çünki tük onların yaraşığıdır, – deyə cavan həmkarının sözünü ağzında qoydu.
– Doğrudan, heç bilməmişəm e…– yaşlı kişi, astadan, sanki öz-özünə peşimançılıqla pıçıldadı.
Bir qədər getdikdən sonra yenə də yaşlı kişi söhbəti davam etdirdi.
– Mən eləcə otağımda otururdum, xəlvətə salanda çıxıb meşəni gəzirdim, dənizdən qaçırdım, çünki cavan uşaqlar çimmək istəməməyimi başa düşmürdülər…
Dənizin qırağında bir qayalıq vardı, ürəyimdən keçirdi ki, ora çıxıb gözəl bir mənzərə çəkəm, ancaq adamlar ordan yığışmırdılar.
O vaxt yaxşıydım e, indiyə baxma, şəkil çəkmək həvəsim aşıb-daşırdı, pis də çəkmirdim…
Bir gün Allah üzümə baxdı, külək əsdi, sahil bombalamboş qaldı. Mən də fürsəti fövtə vermədim, malbertimi qoltuğuma vurub, qayalığın üstünə çıxdım.
– Malbert "a" ilə yazılır, yoxsa "o" ilə? –Cavanın danışığında dolaq işartıları açıq-aydın hiss olunurdu, ancaq o, bunu qəsdən eləmirdi, sadəcə, yaşlı həmkarının sadəlövhlüyünə acığı tuturdu.
– "A" ilə deyilir, ancaq "o" ilə yazılır, –yaşlı kişi həvəslə cavab verdi. – Hə, malbertimi qoltuğuma vurub, qayalığın üstünə çıxdım.
Ətraf kimsəsiz, mənzərə gözəl.
Fikirləşirdim ki, sahili belə çılpaq yox, adamlarnan birgə çəkim, çünki o qızlar ki vardı, ağca maya, sahili onlarsız təsvir eləməyə adamın ürəyi gəlmir.
Əsil fürsət idi. Çünki adamların yanında işləyə bilmirəm, sanki onlar mənim çılpaq bədənimə baxırlar.
Bir az işləmişdim ki, birdən, külək, bax beləcənə malberti götürüb atdı dənizə.
Tüklərim biz-biz oldu. Onda yadıma düşdü ki, külək məni də malbert kimi dənizin ortasına ata bilər. Mən də elə indiki kimi, 52 kilo.
Ondan bəri dəyişməmişəm ki… Qorxumdan yerə uzandım, qayalıqdan tuta-tuta, iməkləyə-iməkləyə sahilə düşdüm.
Dəniz malberti çoxdan udmuşdu, halbuki qızları təzəcə çəkməyə başlamışdım, çox gözəl alınmışdı, ağappaq baldırlar…
– Səndə də az yoxdu ha!
– Yox, qardaşcanı, o mənada yox… Oturub ağladım.
Darıxdım. Bütün bu gözəlliklər mənə yad idi. Mən burdaydım, ancaq əlim onlara çatmırdı. Heç gəldiyim bir hətfə deyildi e…
Yığışıb birbaş aeroporta, ordan da Bakıya gəldim. Hamı təəccübləndi…
Gözəl yerlər idi. Ətraf meşəlik, ləpələnən, qırçınlı dəniz, əsl rəsm çəkmək üçün sıldırım qayalıq və ağappaq, ağcamaya gözəllər…
Aprel, 2006