Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:42

Türkiyədə çap olunan qəribə Azərbaycan tarixi


İstanbuldakı Elif kitab evi azərbaycanlı alim, sosiologiya doktoru Əfqan Vəliyevin “Tarixdən günümuzə Azərbaycan” kitabını çapdan buraxıb.

Tərcümeyi-halından öyrənirik ki, Əfqan Vəliyev 1992-ci ildə İstanbul Universitetinə oxumağa göndərilib, magistratura və doktorantura təhsilinə də orada dövlət təqaüdü ilə davam edib.

Alim “Tarixdən günümüzə Azərbaycan” adlı üçüncü kitabının girişində “Bu əsərimi Azərbaycan və dünya siyasətinə yön verən məşhur siyasətçi və dövlət başçısı Heydər Əliyevə ithaf edirəm” - yazıb.

Kitab Azərbaycan tarixinin xronologiyasını Türk oxucusuna təqdim etmək məqsədi ilə yazılıb.

Kitabı oxuyanda görürük ki, tarixi xronologiyamızın təxminən 80 faizi müəllifin seçdiyi şəxslərin doğum və ölüm tarixlərindən ibarət imiş.

Azərbaycanda baş verən önəmli hadisələrin (təbii ki, müəllifə görə) xronologiyası kitabda illərin ardıcıllığına görə təsnif edilib. Beləliklə;

252-Cİ SƏHİFƏ:

1956 - 18 iyul; Şair Arif Fərzəlinin doğum günü.

1956 - 29 iyul; Ədəbiyyatçı, qadın elm adamı (mötərizə içində deməliyik ki, Türk dilində “Qadın elm adamı” ifadəsi yoxdur.”Adam ” sözündən Türkcədə istisnasız olaraq “Kişi” cinsindən bəhs edilərkən istifadə edilir. Kitabın hər yerində işlədilən “Kadın bilim adamı” ifadəsi böyük qüsurdur) Nərgiz Rüstəmlinin doğum günü.

1956- 27 avqust; Yazıçı Əvəz Sadıq vəfat etmişdir.

1956-11 sentyabr; Məşhur qadın musiqiçı İradə Köçərlinin doğum günü.

1956- 13 dekabr; Şair, yazıçı və jurnalist Abdulla Qurbanlının doğum günü.

1956- 26 dekabr; Elm adamı və tərcüməçi Nəriman Qasımoğlunun doğum günü.

1957- 2 iyun; Qadın jurnalist Aida Qasımovanın doğum günü.

1957- 3 iyun; Yazıçı, “əməkdar sənət adamı(?) Afaq Məsudun doğum günü.

1957- 29 iyun; Yazıçı Babək Göyüşün doğum günü.

1957- 14 avqust; Dövlət sənətçisi, dünyaca məşhur “hanende” (Türkcədə belə kəlmə yoxdur) Alim Qasımovun doğum günü.

Xatırlatmaq yerinə düşərdi ki, sosioloq-alim Vəliyevin təqdim etdiyi xronologiyada 1966-cı illə bağlı heç nə görmədik. Hörmətli Əkrəm Əylislinin sərrast ifadəsindən istifadə edərək deyə bilərik ki, “Tarixdən günümüzə Azərbaycan” kitabının müəllifi üçün sanki 1966-cı il olmayıb- o, 65-dən birbaşa 67-yə keçib”)

297-CU SƏHİFƏ:

2006- 1 avqust; Azərbaycan dili ( Türkcəsi) və Əlifba günü kimi qeyd edilməkdədir.

2006- 30 avqust; Azərbaycan prezidenti İlham Əliyevin “İrəvan dövlət teatrının 125 illiyini qeyd etmək” üçün fərman verməsi.

2006-16 oktyabr; Azərbaycan prezidenti İlham Əliyevin “Müasir sənət muzeylərinin tikilməsi” ilə bağlı fərman verməsi.

2006- 6 noyabr; Azərbaycan milli televiziya və radiosu günü kimi qeyd edilməkdədir.

2006- 10 noyabr; Sosioloq elm adamı və tədqiqatçı-yazar Dr.Əfqan Vəliyevin İstanbulda “Azərbaycan siyasi düşüncə tarixi və Mirzəbala Məmmədzadə-1898-1959” adlı ikinci kitabı çapdan çıxmışdır.

2006-18 dekabr; Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Bakı şəhərində İstiqlal muzeyinin açılması və İstiqlal abidəsinin qoyulması” ilə bağlı fərmanın imzalanması.

2007-mart; “ Azərbaycanda tarixi sərvətlərin qorunması və nümayiş etdirilməsi” mövzusunda prezident İlham Əliyevin fərman verməsi.

2007-mart; Bakının “20 yanvar” məhəlləsində böyük körpü və tunel tikintisinə başlanmışdır.

2008- 22 avqust; Azərbaycan prezidenti İlham Əliyev tikintisi tamamlanan “Bakı-Quba-Rusiya” dövlət sərhəd yolunun 16-34-cü kilometrini mərasimlə istifadəyə açmışdır.

Şübhəsiz, oxucunun diqqətindən yayınmadı: deyəsən, 2007-ci ilin martından 2008-ci ilin avqustuna qədər Azərbaycanda sosiologiya doktoru Vəliyevin xronologiyasına daxil ola biləcək heç bir hadisə baş verməyib.

Azərbaycanın sovet dövrünə aid xronologiyasının “Tarixdən günümüzə Azərbaycan” kitabında “doğum-ölüm günləri” təhkiyəsi ilə maraqlı təqdimat tərzləri vardır. Məsələn;

1938-17 aprel; Filosof, elm adamı və jurnalist Ramiz Mehdiyevin doğum günü.

1939 (10 oktyabr)- 1995 (2 fevral) ; FİFA nişanlı dünyada məşhur azərbaycanlı hakim Ramiz Səmədovun doğum günü.

1939 – 9 dekabr- 1995; FİFA nişanlı hakim Ramiz Səmədovun doğum günü (əziz oxucular, siz nə anladınız? Ramiz Səmədov hansı ayda anadan olub?)

1940- 1 iyun-1963; Pambıqyığan maşın sürücüsü, məşhur qadın pambıq ustası Sevil Qazıyevanın doğum günü.

1940- 20 oktyabr; Yazıçı və tarixçi elm adamı Həsən Həsənovun doğum günü (deyəsən, müəllif ölkənin keçmiş xarici işlər nazirini nəzərdə tutur).

1954-10 fevral; Münəccim, dramaturq Firidun Qurbansoyun doğum günü.

Sosiologiya elmləri doktoru Əfqan Vəliyevin “Tarixdən günümüzə Azərbaycan” kitabının səhifələrindəki gəzintimizi, hələlik, burda tamamlayaq, əziz oxucular.Marağı olanlar oxumağa davam edərlər.Biz isə yazının əvvəlində verdiyimiz sözün üstündə durmayaraq kitab barədə müşahidələrimizin kiçik bir qismini sizinlə bölüşməyə davam edək.

XƏTM

“Tarixdən günümüzə Azərbaycan” adlı son dərəcə iddialı bir kitabın janrı sosiologiya elmləri doktoru Əfqan Vəliyevin yazdığı tərzdə olmalıdırmı?

Dünyanın hər hansı ölkəsi barədə bu janr və tərzdə yazılan bir kitab görmüsünüzmü?

80 faizi “Doğulub-ölüb” xronologiyası ilə doldurulan “Tarixdən günümüzə Azərbaycan” kitabı hansı məqsədlə yazılıb?

Kitabı əlinə alan Türk oxucusu Azərbaycan barədə hansı təsəvvürü əldə edəcək?

Çox vaxt bir cümlədən ibarət olan infomasiyalar Türk oxucusuna nə verəcək?

Həmçinin oxu!

Türkiyədə Azərbaycan yazıçılarını tanıyan varmı?
XS
SM
MD
LG