Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:08

Tunellər və prezident...


Mahmud Əhmədinejad Tehranla Çalus arasındakı tunelin inşası ilə tanış olur, 29 iyun 2009
Mahmud Əhmədinejad Tehranla Çalus arasındakı tunelin inşası ilə tanış olur, 29 iyun 2009
İranda Tunellər Assosiasiyasını kim yaradıb? Vaxtilə Mahmud Əhmədinejad...

Soruşa bilərlər ki, tunellərin prezidentə nə dəxli və əgər dəxli varsa, bu indi niyə yada düşdü?

Sentyabrda məlum olanda ki, İranın nüvə zavodu var – o harda idi? Qum yaxınlığında dağın içində. Bu hadisə böyük bir prosesə işıq salır: İran son on ildə səssiz-küysüz öz atom arsenalını dağların altında, tunellərin içində gizlətməklə məşğuldur.

Amerikanın hökumət və müstəqil ekspertlərinin «New York Times» qəzetinə dediklərinə görə, İran bununla iki böyük məqsədə nail olur. Həm öz nüvə obyektlərini dağlardan ibarət etibarlı qalxanın altında gizlədir, həm də heç kim bilmir ki, İranın nəyi var, nəyi yox.

ADİ BOMBA İLƏ DAĞITMAQ MÜMKÜN DEYİL

İsrail hətta etiraf edir ki, nəhəng qayalar bombaları mənasız edə bilər. Keçən ay İsrailin Müdafiə naziri Yehud Barak Qum yanındakı zavod haqda parlamentdə dedi ki, «o zavod elə bunkerlərdə yerləşdirilib ki, onu adi silahlarla hücumla dağıtmaq olmaz».

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Riçard Rassel deyir: «Bizim taktikalar yerin üstündə olanlara aiddir, yerin altı isə bizim üçün qara mağaradır. Heç bilinmir, hansı taktika seçilməlidir».

İRANDA BÖYÜK TUNELLƏRİN SAYI MİNLƏRLƏDİR

İranda dağ silsilələri çoxdur. İranın hərbi və mülki məqsədli tunel qazmaqda böyük təcrübəsi var.

Nəqliyyat mühəndisi olan indiki İran prezidenti Əhmədinejad da tunel işinin inkişafında vaxtilə mühüm rol oynayıb. İranın İnqilabi Qvardiyasının ixtiyarında olan şirkətlərin hərbi və mülki tunellər tikməsi gizli deyil.

Amerikanın hökumət və müstəqil ekpsertlərinin fikrincə, İranda yüzlərlə, hətta ehtimala görə, minlərlə böyük yeraltı tunellər var. Bu tunellər öz aralarında yollarla birləşdirilir.

Qərbdə heç kim dəqiq bilmir ki, İranın nüvə proqarmının nə qədəri gizli saxlanır. Səbəb tunellərdir.

KOSMOSDAN BAXANDA NƏ GÖRÜNÜR?

İsfahanda nüvə kompleksi , 9 aprel 2009
Kosmosdan baxanda İsfahan yaxınlığında İranın əsas nüvə kompleksi həm tez aşkar olunan, həm də asanlıqla vurula bilən yerüstü binalardan ibarətdir.

Ancaq kosmos şəkillərinin təhlili yaxınlıqdakı dağlarda 6 girişi göstərir.

İran nüvə obyektlərinin dağların altında gizlədilməsini inkar etmir. İran deyir ki, illərdir bomba zərbələri təhlükəsi var, buna görə nüvə proqramı obyektlərini yerin altında gizlətmək sərfəlidir.

Pentaqonun yeraltı hədəflər üzrə eksperti Qreq Dakvors deyir: «Yerin altındakı hədəfləri vurmaq həmişə problem olub. Bu problem illər keçdikcə, daha çətin olur».

ƏHMƏDİNEJAD İRAN HÖKMDARLARINA RƏHMƏT OXUDU

Əhmədinejad Tunellər Assosiasiyasını 1998-ci ildə yaradıb. 2004-cü ildə İran Tunel Konfransına sədrlik edən Əhmədinejad maraqlı fikirlər söylədi.

O, İranın keçmiş hökmdarlarına rəhmət oxudu ki, vaxtında tunel işini inkişaf etdiriblər və dedi ki, hökumət, universitet və peşəkar qrup binalarını yeni tunellərlə birləşdirmək lazımdır.

Tunel qazan maşınlar düzəltmək üzrə dünyanın aparıcı şirkəti - Avstraliyanın «Terratec» şirkəti bildirir ki, tunel qazan maşın, avadanlıq almaqda İran dünyanın ən fəal bazarlarından birinə çevrilib.

Yerqazan böyük dünya şirkətlərinin Tehranda ofisləri var. Dünya lideri olan Almaniya şirkəti «Herrenknecht»in Tehranda ofislərinin sayı 3-dür.

Mühəndislər deyirlər ki, İran ümumi uzunluğu yüz kilometrlərlə olan metro, yerüstü və yeraltı mülki tunellər tikir.

Ancaq hərbi tunellər haqda açıq məlumat azdır.

Amerikanın hərbi planlaşdırıcıları İran tunellərini çox ciddi sınaq hesab edirlər. Bu tunellər dərin qazılıb və yaxşı gizlədilib. Bundan başqa, çoxlu yalançı tunellər və girişlər var. Buna görə həqiqi tuneli müəyyən etmək üçün kəşfiyyat məlumatına da ehtiyac olacaq.

PENTAQONUN TUNELƏ QARŞI NƏYİ VAR?

2004-cü ildə tunellərlə mübarizə üçün Amerikada 6 metr uzunluğu olan yeni bomba təklif olundu.

Bu bomba özündən əvvəlki bombadan 10 dəfə güclüdür. O, tonlarla partlayıcı maddə daşıya bilir. Sınağı 2007-ci ildə keçirilən bu bombanı Pentaqon gələn il ala biləcək.
XS
SM
MD
LG