Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:01

«Yerlə göy arasında neytral adam»


Türfə adında bir əsər yazmışam. Hələ çap olunmayıb. Çap olunsa dünya bir-birinə dəyəcək. Dünya çaxnaşacaq
Türfə adında bir əsər yazmışam. Hələ çap olunmayıb. Çap olunsa dünya bir-birinə dəyəcək. Dünya çaxnaşacaq
-

Mərhum yazıçı İsa Hüseynovun 2010-cu ildə Azadlıq Radiosunun "Tanınmışlar" proqramına verdiyi müsahibə


- Hə, İsa müəllim, bizimlə söhbətə razılıq verdiyiniz üçün, sizə minnətdarıq.

- Mən AzadlıqRadiosu miqyasında bir təşəbbüsə razılıq verməyə bilməzdim.

- Bir az OdƏr mədəniyyətindən danışaq.

- Onda gərək mən sənə bir sirr açım.

- Açın.

- Mən kənar planetdən ün (səs) eşidirəm. Bu da təsadüfi deyil. Mən farsların, ərəblərin Süleyman dedikləri, bizim də Süleyman padşah adlandırdığımız Ulu Bağ ƏsƏlMənin nəslindənəm. Ulu Bağ OdƏrdir. Kainatda OdƏr bəşəriyyəti var. Bizim qalaktikanın bütün planetlərində insan yaşayır. Bunu yer alimləri bilmirlər. Onlar deyirlər ki, bu planetlər istidən yanır. Oralarda insan yaşaya bilməz. Əslində günəşin enerjisi planetlərin tərkibindəki müxtəlif qazlarla birləşib isti enerjiyə çevrilir. Həqiqətdə isə o soyuq enerjidir. Günəşin daxilində də bir planet var. Orada da yaşayırlar. O birinci yaranmış Ey OdƏr planetidir. Sahibi də Ey OdƏr babamızdır.
Bizim zülmət dünya adlandırdığımız qalaktikalar məskəni də əslində işıqlıdır. Sadəcə orada olan işıq o qədər güclüdür ki, biz onu zülmət görürük.

- İsa müəllim bu qədər məlumatı sizə verən kimdir?

- Eysar (İsa peyqəmbər - İ.R.) özü deyir bunları mənə.

- İlk dəfə bu məlumatların verilməsini necə hiss elədiniz?

- İlk dəfə, 1971-ci ildə həyat yoldaşım Füruzə xanımla Ukraynaya getmişdik. O vaxt mən «Nəsimi»nin ssenarisini və «Məşər» romanının birinci hissəsini yazırdım. Dağın başında ev tutmuşduq. Pəncərələrinin altı masa kimi idi. Onun birini seçib üzərində yazırdım. Bir vaxt hiss elədim ki, əlim işləyir, ancaq beynim yox. Bundan bir az şübhələndim. Amma ötdü keçdi. Sonra Kinematoqrafiya komitəsində baş redaktor işləyəndə, 7-ci mərtəbədə balaca otağım var idi. Bax həmən o çardaqda mən birinci dəfə Eysarın səsini eşitdim. Amma o da çox çətin oldu. Bir gün çalışdı niyyətinin nə olduğunu və bunu nə üçün etdiyini mənə başa salsın. Birinci gün çox ağır keçdi mənim üçün və hətta xəstələndim.

- Qorxmadınız?

- Əvvəl-əvvəl bir az ürpəndim ki, mənim başım niyə belədir. Niyə başımdan səs eşidirəm. Sonra gördüm ki, səs kainatdan gəlir.

- Bəs Eysar olduğunu haradan bildiniz?

- Özü dedi mənə. Öz adını, qardaşlarının adını, Bağ atanın adını dedi mənə. Dedi ki, İsa peyğəmbər deyilən mənəm.

- Sonra hansı qəribəliklər olub həyatınızda?

- İlk gəncliyimdə çox qəribəliklər olub. Moskvada oxuyanda gedirdim kitab mağazasına. Əlimi uzadıb adını bilmədiyim kitabı istəyirdim. İndi mənim Eysardan eşitdiyi məlumatların müəyyən hissəsini özüm də bilmədən o vaxt o kitablardan alırdım. Mütaliəmin bir hissəsi o vaxt Eysarın təsiri ilə olub.

- Şolloy yadınızdadır?

- Sən Şolloyu da bilirsən (gülür)? Eysarın özünün tərcümeyi-halı da təhrif olunub. Guya əncir ağacının altında doğulub, işıqdan anası hamilə olub, filan. Bunlar hamısı yalandır. Bağ ata işıq gəmisində yerə gəlirdi. «Boq» yox, Bağ. İstanbul şəhərinin yaxınlığında indi də bir balaca ev var, türklər ona «İsa peyğəmbərin anadan olduğu ev» deyirlər. Bağ ata Məryəm ana ilə o evdə yaşayıb. Eysar da orada dünyaya gəlib. Uşaqlığında ona da Şolloy deyirlərmiş. Mən ondan soruşdum Şolloy nə deməkdir. Dedi heç nə demək deyil. Uşaqlıqdakı adım OdƏrcədir. ƏsƏlEydir, uca yaradanın oğlu.

Mən neytral adamam. Yerlə göy arasında neytral adam


Hə, ƏsƏlEyə Şolloy deyirlərmiş. Babam da məni Şolloy çağırardı. Mənim adım əmim İsa əfəndinin adıdır. Babam bu adı dilinə gətirəndə kövrəlirmiş. Ona görə qadağan eləyibmiş hamıya o adı çəkməyi. Gəlinlər mənə İsa əfəndi deyəndə çəliyini işə salıb topuqlarına vururmuş ki, deməmişəm, buna Şolloy deyin!

- Atanız Mustafa müəllimin ölümü necə olub?

- Atamı anamın əmisi oğlu Niyazi öldürüb. O atamın yerinə keçib meşə təsərrüfatının direktoru olmaq istəyirdi. Bir gün atam iş dalınca gedəndə əl eləyib maşını saxladıb. Arxada oturub. Maşında başqa iki nəfər də var imiş. Sonra cibindən çıxartdığı iti çəkiclə atamın gicgahına vurub öldürüb onu. Maşını da üstünə aşırdıblar ki, guya qəza olub.

- Bəs siz haradan bildiniz ki, belə olub, axı qəza olduğunu demişdilər?

- Mən bunu təxmini bilirdim. Ancaq bu il, aradan 56 il keçəndən sonra Eysar mənə danışdı o hadisəni.

Eysar dedi ki, bunlar hamısı ölümlü adamlardır. Öləndən sonra heç planetlərə də getməyəcəklər. Yerdə qalıb çürüyəcəklər. Ona görə onları məhkəməyə verməyə, düşmən qazanmağa, başağrısı eləməyə dəyməz.

- Sizə 20 ildən sonra övlad qismət olub. Bunun özəl bir səbəbi var?

- Bunun səbəbi odur ki, Firuzə xanımın və mənim atalarımız müharibəyə getmişdilər. 7 uşaq biz, 7 uşaq da onlar qalmışdı. Anamı və xalamı da bunun üzərinə gələndə 16 nəfər idik. Bunun hamısı mənim boynumda idi. Ona görə biz Firuzə xanımla bu uşaqları böyüdüb, təhsil verib, evləndirib bir tərəfə çıxarana qədər övlad istəmədik. Bu da 18 il çəkdi. 19-cu ili – 1968-ci ildə Türkiyəyə getmişdik Firuzə ilə. Ayasofiya məscidində üzümü tutdum məscidin tavanın, dedim ki, mən səni tanımıram. Amma əgər varsansa bir övlad bağışla bizə. Oğlan, qız fərq eləməz. Oradan mehmanxanaya qayıtdıq. Kresloda oturub mürgüləyirdim. Gördüm bir qız uşağı iməkləyərək gəlib dırmandı qucağıma. Burnunu boğazıma dayayıb başladı nəfəs almağa. Diksinib oyandım. Uşaq yox oldu, amma nəfəsinin yeri boğazımda qalırdı. Firuzəyə dedim ki, uşağın olacaq. Bir il tamamında Sevinc dünyaya gəldi.

- Bəs öləndə nə görmüsünüz? Kliniki ölüm keçirmişdiniz?

- Atamı gördüm. Xəstəxanada bir neçə nəfərlə divardan çıxıb gəldilər. Hamısı da ağ geyimdə. Divarın dibində sıra ilə kreslolarda əyləşdilər. Nə qədər gözlədim bir söz desinlər, heç nə danışmadılar. Bir müddət baxıb sonra qalxdılar. Başlarını endirməklə sakitcə xudahafizləşib getdilər.

- İsa müəllim, sizcə ədalət nədir?

- Ədalət insanın kamilliyidir. İnsan kamilləşməyincə, saflaşmayınca yerdə ədalət olmayacaq. İnsandan birinci sivilizasiya yaddaşı alınandan sonra yerdə ədalətsizlik başlayıb və indi də davam edir.

- Bəs həqiqət nədir?

- Həqiqət kainatdır. Kainatda olan bütün varlıqlar həqiqətdən ibarətdir. Bağlar da, OdƏrlər də hamısı həqiqətdir.

- Sizin həqiqətinizin nə qədər zamana ehtiyacı var?

- Bu əsirdə baş verə biləcək.

- Azadlıq nədir?

- Azadlıq da kamilliklə bağlıdır. İnsan insanı - özünü dərk edə bilməsə azad ola bilməz. Hələlik azadlıq yoxdur. O bizim beynimizdə fantastika, yalan kimi bir şeydir.

- Arzu nə üçündür bəs?

- Arzu insanın gələcəyə olan ümidləri ilə bağlıdır.

- Bir vaxtlar sizin müzakirə olunduğunuz iclasa toplaşmış 45 nəfərin 43 «antisovet yazarı» olduğunuzu deyib cəzalanmanızı istəmişdilər. Bu qədər adamın eyni vaxtda birinə cəza istəməsi adi məsələ deyil. Sizcə insan niyə belə olur?

- Bu insanın təhrifliyi ilə əlaqədardır. Təhrif insan ancaq özünü güdür və başqasın yaxşılığını istəmir.

- Şolloydan Muğannaya qədər keçən dövr necə olub?

- Bütün dövrlərdə – anadan olandan indiyədək mən «Bağ»larla bağlı olmuşam. Amma bir müddət bunu bilməmişəm və ona görə də həyatımdakı qəribəliklərin səbəbini anlamamışam.

- Xoşbəxt, bədbəxt insan var?

- Xoşbəxt insan nisbi xoşbəxtlik keçirir. Bədbəxt insan isə bədbəxtliyini o qədər də dərk eləmir. Hər şey nisbidir. Yenə də kamillik, kamillik, kamillik. Saflıq, saflıq, saflıq olmayınca insan bədbəxtliyini və xoşbəxtliyini anlamayacaq.

- Siz kimsiniz, xoşbəxt, bədbəxt, dəli ya ağıllı?

- Mən neytral adamam. Yerlə göy arasında neytral adam.

- Siz hamı kimi deyilsiniz. Darıxmırsınız bu dünyada?

- İşləyəndə yox, amma işləməyəndə darıxıram.

- Son zamanlar darıxan vaxtınız çox olur ya darıxmayan?

- Axır vaxtlar işləməyə çətinlik çəkirəm. Ailə böyüyüb. Ev balaca, otaqlar da ki, dar.

- Bu dünya ilə yekunlaşandan sonra siz hara gedəcəksiniz?

- Mən gözləyirəm. Gözləyirəm. Eysar mənə heç vaxt açıq demir ki, sən nə vaxt öləcəksən, nə vaxt gələcəksən.

- Bəs nə deyir bu barədə?

- Deyir yaşayacaqsan və sənə təzə-təzə əsərlər verəcəyik.

- Bəs nə vaxt verəcəklər?

- Bir əsəri artıq verib. Türfə adında bir əsər yazmışam. Hələ çap olunmayıb. Çap olunsa dünya bir-birinə dəyəcək. Dünya çaxnaşacaq.

- Bilmək olar onun mahiyyətində nə durur?

- Türfə əsərinin mahiyyətində SafAğ elmi durur. Balaca – yüz neçə səhifəlik bir əsərdir. Birnəfəsə yazılıb.

- O əsərə adamların münasibəti necə olacaq sizcə?

- Çox çətin olacaq. Çox çətin. Çünki din hakim olan yerdə, insanların iqtisadiyyatla bu qədər bağlı olduğu yerdə SafAğ elminə ancaq maarifpərvər, insanpərvər adamlar qiymət verə bilər.

- Bəs kim, nə vaxt çap edəcək o əsəri?

- Onu bir alimə vermişəm. Oxuyub ikicə kəlmə deyib: Gözəl və güclü. Amma çap etdirmək üçün əlləşir, vuruşur. Deyir bəlkə Türkiyədə elə bir mərd nəşriyyat ola ki, bunu çap edə.

- Sonuncu əsərinizin fonunda əvvəlkilər zəif görünməz?

- Yox, əksinə. Bu həmin əsərlərə işıq salacaq. «İdeal», «Qəbiristan», «Cəhənnəm» və digər əsərlərdə anlaşılmayan məqamları aydınlaşdıracaq.

- Sizdən sonrakı dünya necə olacaq?

- Birinci sivilizasiya qayıdacaq. Və dünya gözəlləşəcək. Mən isə gözləmə dövründəyəm.

- Məndən ağlınız nə kəsdi?

- Sən kamilliyə doğru gedən jurnalistsən. Bəlkə nə vaxtsa bədii əsər də yazdın.

- Hərdən hekayə yazıram.

- Görürsən, deyirəm də.

- Yormadım sizi?

- Əşşi yorulsam da eybi yoxdur. Gəl bir çay içək…

Həmçinin oxu!

Rafiq Tağının ən son hekayəsi - "Qardaşımın sevgiləri"

Yazıçının ailəsi mobil telefonun adına etiraz edir

İnternet quldurları indi də kitablara girişib
XS
SM
MD
LG