Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:00

Məktub məktub dalınca...


Eynulla Fətullayevin atası Emin Fətullayev
Eynulla Fətullayevin atası Emin Fətullayev
Azərbaycan prezidenti İlham Əliyevin prezident.az saytında «prezidentə yazırlar» adlı bir bölmə var. Xaricdən və ölkə daxilindən göndərilən bu məktublarda adətən Azərbaycanın iqtisadi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi təsvir olunur, qaza olan borcların silinməsinə görə, ya da Şərəf və Şöhrət ordeni alanların təşəkkürləri çatdırılır. Bu məktublarda narazılıq ifadələri görməzsiniz.

MƏKTUBLARIN SAYI-HESABI YOXDU

Azərbaycanda jurnalistlərin həbsi, söz azadlığının ağır vəziyyəti haqqında isə müxtəlif təşkilatlar prezidentə tez-tez məktublar göndərirlər. Təkcə dünən Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi jurnalist Eynulla Fətullayevin azad olunması üçün 500 beynəlxalq jurnalistin imzası ilə İlham Əliyevə məktub göndərib. Bundan əvvəl də belə məktublar çox olub.

«Gələn məktubların sayını-hesabını itirmişik. Bizə azı 20 min məktub gəlib. Evdə məktub əlindən tərpənmək olmur. Kanadadan Yaponiyaya qədər, Norveçdən Cənubi Afrikaya qədər, Zimbabvedən, hər yerdən məktub alırıq. 10 gün əvvəl kampaniya çərçivəsində 4 min nəfər Azərbaycan prezidentinə məktub göndərib Eynullanın azad olunmasını xahiş etmişdi...»

«DAHA KİMLƏR YAZMIR Kİ...»


Eynulla Fətullayevin atası Emin Fətullayev deyir ki, bu məktublar onları sevindirir, uzaq ölkələrdə yaşayan adamların onları dəstəkləməsi ümidlərini artırır. Ümid edir ki, Eynullanın azad olunmasında bu məktubların təsiri olacaq:

«Daha kimlər yazmır ki... Senatorlar, konqresmenlər, Luqar, Andres Herkel, Mikloş Haraşti, Tomas Hammerberq neçə dəfə yazıblar, prezidentlə görüşəndə xahiş edirlər. Pen Klubun üzvləri hansı ki, dünyanın ən məşhur yazıçıları, şairləri toplaşıb, onlar yazmışdılar. Daha kimlər yazmır ki? Bu müraciətlər eşidilməlidir axı. Nəhayət eşidilməlidir...»

Jurnalistləri Müdafiə Komitəsinin üzvləri Azərbaycanın Vaşinqtondakı səfirliyində
O ki qaldı Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinə 500 jurnalistin göndərdiyi məktuba, həmin məktubda Azərbaycanda mətbuata təzyiqlərə son qoyulması və Eynulla Fətullayevin azad edilməsi tələb olunur.

MƏKTUB PREZİDENT ƏLİYEVƏ ÇATDIRILACAQ


Məktub müəllifləri «hökumətin müstəqil və müxalif mətbuata qarşı siyasətində yeni səhifə açmağa və Eynulla Fətullayevi dərhal azad etməyə» çağırırlar.

Nümayəndə heyətini səfirliyin əməkdaşı Xəzər İbrahim qəbul edib. O deyib ki, Eynulla Fətullayev məhkəmənin qərarı ilə həbs olunub. Məktub isə prezident Əliyevə çatdırılacaq:

«Onların məktubu Eynulla Fətullayevin həbsiylə bağlıdır. Bu məktub İlham Əliyevə ünvanlanıb. Biz də bu məktubu Bakıya göndərəcəyik. Onlar öz fikirlərini bildirdilər. Dedim ki, Azərbaycanda hüquq proses normaları var. Hüquq çərçivəsində məhkəmə gedir, mərhələlər var. Onların da bu haqda bəzi məlumatları vardı».

«Prezident Əliyev hökumətinin tənqidə qarşı dözümlülüyünü nümayiş etdirməlidir və bunun ən yaxşı göstəricisi ədalətsiz həbs olunmuş Eynulla Fətullayevin azad edilməsi olardı. Azad mətbuatsız ədalətli və demokratik cəmiyyət ola bilməz». Bunu isə Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon deyib.

ARZU ABDULLAYEVA NİKBİNDİR. AMMA…


Hüquq müdafiəçisi Arzu Abdullayeva isə deyir ki, o nikbin olsa da məktubların təsiri olacağına inanmır:

Arzu Abdullayeva
«Əlbəttə, bu qədər adamın səyləri çox yaxşıdır. Ancaq məni bu çox düşündürür ki, necə ola bilir ki, ayrı-ayrı adamları narahat edən məsələlər bizim iqtidarı, prezidenti narahat etmir?»

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev 2007-ci ilin aprelindən həbsdədir. Terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Ötən il dekabrın 29-da Penitensiar Xidmət bildirib ki, Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından heroin tapılıb. Bu ittihama görə, o daha 3 il azadlıqdan məhrum edilə bilər.

Jurnalist özü ittihamları qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir. «Amnesty İnternational» Eynulla Fətullayevi vicdan məhbusu elan edib.
XS
SM
MD
LG