Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:40

«Bağ söhbəti çıxandan ürək xəstəsi olmuşam»


«Əyləncə yeri tikmək və ya kommersiya məqsədilə almaq – dövlət ehtiyacı anlamını əhatə etmir» Foto: mediaforum.az
«Əyləncə yeri tikmək və ya kommersiya məqsədilə almaq – dövlət ehtiyacı anlamını əhatə etmir» Foto: mediaforum.az
«Qış bulvarı» tikmək uçün ərazini hasara alırlar. Hərçənd ərazidə hələ evlərin, mağazaların hamısı köçürülməyib, camaat evində yaşayır, mağazalar isə alverindən qalmır:

- Gətirib pəncərəmizin qabağına boru basdırıblar. İndi plakatları da assalar, pəncərəmizin qabağı tutulacaq.

- Mən çıxdım dalaşdım, dedilər ki, polis tökəcəklər.

«Qış bulvarı» Heydər Əliyev Sarayının arxasından Füzuli meydanına qədər olan ərazidə salınmalıdır. Burda yaşayan Tutu xala deyir ki, bağ söhbəti çıxandan ürək xəstəsi olub:

- Gəlib dirəniblər. Kvadratına 1500 dollar təklif eləyirlər. 4 ailə yaşayır bu həyətdə. Dədə-baba mülküdür, əlimdə «kupçam» da var. 100 kvadratmetrdi. Mən 150 minə 4 evi necə alım?

- Bizi razı salsınlar, çıxaq. Nə deyirik ki? Bağ salırlar, salsınlar. Amma bizi də razı salsınlar.

BU PULA NƏ ALACAĞIQ?

Şəraiti olmayan evlərdə yaşayanlar isə qışın oğlan çağında hara gedəcəklərini bilmirlər:

- Qış vaxtıdır. Elə də pul verirlər ki!..Ötən il sökülən evlərə kvadratına 2500-3000 min verdilər, bizə isə 1500. Bu pula nə alacağıq? Bizə təxminən 25 min düşür. Nə etmək olar bununla?

Amma sakinlər onlarla heç kəsin rəsmi danışığa gəlmədiyini, hansısa bir sənəd göstərmədiyini deyirlər. Zülfəli adlı bir adamın adını çəkirlər. Deyirlər ki, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsidir. Sakin Gülzar Xankişiyeva:

- Bir cavan oğlan - Zülfəli gəldi, dedi ki, 1500 dollara kim istəyir gəlsin.

Qonşular mənzilin kvadratmetrinə 3 min manat pul istəyir.

Gülzar Xankişiyevanın mənzili XX əsrin əvvəllərində tikilən binanın 2-ci mərtəbəsində yerləşir. Otaqların hündürlüyü 5 metrdir. Deyir ki, şəhərin mərkəzində yerləşən hər cür şəraitli ev üçün bu qədər pul elə də çox deyil:

- Bir il bundan qabaq 200 min manata istədilər. Birinci mərtəbəni alan oğlan gəlib xahiş elədi ki, satın, firma üçün istəyirdi. Yoldaşım razı olmadı. Biz öyrəşmişik belə genişliyə, havalı evdə yaşamağa.

YOXSA BİR QƏZA OLAR

Sakinlər narazıdırlar, evlərini boşaltmaq istəmirlər, ekskavator isə gəlib dayanıb qapılarının ağzında. Bir tərəfdən də ərazi hasara alınır. Hərçənd hətta sökülmüş ərazidə də qızğın iş hiss olunmur. Ekskavator yiyəsiz əşya kimi bir qıraqdaca durub. Cəmi iki fəhlə sement qarışdırır. Azər deyir ki, onlara ərazini hasara almaq üçün boruları basdırmaq tapşırılıb:

- Tikinti gedəcək.

- Evlər sökülməyib axı.

- Hasara alırlar ki, sökmək olsun. Yoxsa bir qəza olar. Kiminsə ayağı sınar, ya nəsə olar.

Azər tikintinin nə vaxt başlayacağını, qalan evlərin də nə vaxt söküləcəyini bilmir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev isə deyir ki, hələlik onlarda «Qış bulvarı»nın layihəsi yoxdur.

Bakı Şəhər İcra Hakimiyyəti ilə isə əlaqə saxlamaq istəsək də, cəhdimiz alınmadı.

CAMAAT MƏNZİLİNDƏ YAŞAYA-YAŞAYA ƏRAZİNİ HASARA ALMAQ OLARMI?

Bəs camaat mənzilində yaşaya-yaşaya ərazini hasara almaq olarmı? Hüqüqşünas İntiqam Əliyev bildirir ki, əgər sakinlərlə hər hansı rəsmi razılaşma yoxdursa, bu, qanunsuzdur. Hüquqşünasa görə, əgər hökumət vətəndaşın mülkünü «ictimai ehtiyaclar» üçün alırsa, bunu əsaslandırmalıdır.

- Əyləncə yeri tikmək və ya kommersiya məqsədilə almaq – dövlət ehtiyacı anlamını əhatə etmir.

İntiqam Əliyev onu da deyir ki, sözügedən mübahisədə dövlətin bütün mülklərə eyni qiymət tətbiq etməsi düzgün deyil, çünki qiymətləndirmə zamanı evin yerləşdiyi yer, sahəsi, təmiri kompensasiyaya təsir elən amillərdir. Hüquqşünas hesab edir ki, hamıya ucdantutma bir qiymət, özü də bazar qiymətlərindən uzaq bir məbləğ təklif olunması, dövlətin öz vətəndaşının haqqına etinasız münasibəti deməkdir.
XS
SM
MD
LG