Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:25

Əfqanıstandan beynəlxalq qüvvələrin çıxarılması yolları müzakirə edilir


Londonda beynəlxalq konfrans, 28 yanvar 2010
Londonda beynəlxalq konfrans, 28 yanvar 2010
Yanvarın 28-i Londonda Əfqanıstana gələcək yardımların istiqamətini müəyyən etmək üçün beynəlxalq konfrans başlayıb. Britaniyanın ev sahibliyi etdiyi birgünlük konfransda BMT-nin, Əfqanıstanın rəsmiləri, dünyanın 70 ölkəsindən təmsilçilər və o cümlədən ABŞ Dövlət katibi Hillari Klinton iştirak edir. Gündəlikdə duran əsas məsələ də Əfqanıstanda təhlükəsizliyi yerli qüvvələrin öhdəsinə verə bilmək üçün bir plan hazırlamaq və Taliban tərəfdarlarının yeni zorakılıqdan çəkindirilməsi üçün planlar qurmaqdan ibarətdir.

BU İLİN SONUNDAN PROSES BAŞLAMALIDIR

Britaniyanın baş naziri Qordon Braun konfransın açılış nitqində deyib ki, artıq bu ilin sonundan etibarən Əfqanıstanda təhlükəsizliyə nəzarətin beynəlxalq qüvvələrdən yerli qüvvələrə ötürülməsi prosesi başlamalıdır:

Braun bildirib ki, bu proses üçün həm əfqan qüvvələri, həm də beynəlxalq qüvvələr eyni zamanda qüvvətləndirilməlidir. Baş nazir hesab deyir ki, bu konfransda 2011-ci ilin oktyabrına qədər Əfqanıstanda hərbi qüvvələrin sayının 171 600, polisin sayının isə 134 min nəfərə çatdırılması üçün proqram təsdiq edilməlidir.

Qordon Braun hesab edir ki, Əfqanıstan ordusu və polisinin sayı hazırda ölkədə olan beynəlxalq qüvvələrin sayından iki dəfə artıq – təxminən 300 min nəfər olmalıdır ki, təhlükəsizliyi təmin edə bilsin.
Qordon Braun
İndi Əfqanıstanda 135 min nəfərlik koalisiya qüvvələri yerləşdirilib.

Əfqanıstanda 90 nəfər də Azərbaycan əsgəri var. Onlar bir neçə ildir ki, bu ölkədəki Türkiyə Silahlı Qüvvələri taborunun tərkibində sülhməramlı missiyada iştirak edirlər. Beynəlxalq qüvvələrin geri çəkilməsi ilə birlikdə onlar da Azərbaycana dönəcəklər.

Konfransda həmçinin ölkədəki üsyançıların zorakılıqdan imtina etmələrinin əvəzində «iqtisadi alternative» yaratmaq üçün fond formalaşdırılması razılaşdırılmalıdır. Qordon Braun qeyd edib ki, əksinə, zorakılığı davam etdirənlər hərbi vasitələrlə zərərsizləşdiriləcəklər.

«ƏFQANLAR ÖZ QARDAŞLARINI DOĞRU YOLA GƏTİRMƏLİDİRLƏR»

Əfqanıstan prezidenti Həmid Karzayi konfrnasda məlumat verib ki, onun hökuməti sülh və ölkədaxili üzlaşma üçün milli komissiya yardacaq. Prezident deyir ki, əfqanlar öz qardaşlarını doğru yola gətirməlidirlər:

- Biz bütün həmvətənlilərimizlə dil tapmağı bacarmalıyıq. Xüsusilə də Əl-Qaidə və başqa terrorçu şəbəklərin təsir dairəsinə düşmüş qardaşlarımızı yola gətirməli, Əfqan Konstitusiyanı onlara da qəbul etdirməliyik.

Həmid Karzayi
Karzayinin barışıq planı Talibanın zorakılıqdan imtina edən tərəfdarlarına silahı yerə qoymaq üçün iş yerləri və iqtisadi yardımlar vəd edir.

«ƏSAS PROBLEM KORRUPSİYANIN QARŞISININ ALINMASIDIR»

Karzayi həm də ölkədə idarəetmənin yaxşılaşdırılması və korrupsiya ilə mübarizə üçün altı maddəlik planını da təqdim edib:

- Mənim ikinci prezidentlik müddətimdə qarşıma qoyduğum əsas problem korrupsiyanın qarşısının alınmasıdır. Mənim hökumətim bütün mümkün vasitələrlə korrupsiya ilə mübarizəyə söz verib. Burda korrupsiyaya yol verənlərin cəzalandırılması da var, məmurların korrupsiyadan imtina etməsini təmin edəcək addımlar da.

Bu konfrnas ərəfəsində Karzayi bildirmişdi ki, onun ölkəsinə qarşıdakı 15 ildə bu və ya digər formada yardımlar lazım olacaq. Onun BBC televiziyasına müsahibəsində dediyinə görə, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlim və təchizatı üçün hələ qarşıdakı 5-10 ildə də yardım lazım olacaq.

Bir neçə aydan sonra indiki beynəlxalq konfrnasın davamı da Kabulda keçiriləcək.
XS
SM
MD
LG