Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:07

Prezidentin verdiyi “Xalq artisti” adını almadılar...


Orhan Taylan
Orhan Taylan
TÜRK SƏNƏTÇİSİ DƏMİRƏLİN FƏRMANINDAN MƏHKƏMƏYƏ ŞİKAYƏT ETDİ

Hər halda, şair təbiətli Bülent Ecevitlə də anlaşmışdı ki, Türk siyasətinin “6 dəfə gedib 7 dəfə gələn” duayeni, ağsaqqalı Süleyman Dəmirəl 1999-cu ildə 100 sənətkara “Dövlət sənətçisi” adı verən fərmanı imzalamışdı.

Siyahıda müğənni Ajda Pekkandan keramikaçı Jalə Yılmabaşara, Dəmirəli ən çox təqlid və tənqid edən komediya ustası Ləvənt Kırcadan rəssam Orhan Taylana qədər Türk sənətinə illərdən bəri xidmət edən tanınmış simalar vardı.

Başda Sezen Aksu olmaqla sənətçilərin bir qismi prezidentin verdiyi “Dövlət sənətçisi” adını almaqdan imtina etdi.

Rəssam Məhmət Güləryüz isə məhkəməyə ərizə verərək prezident fərmanının icrasını dayandırdı.

Arifləri dindir ki,
nədir şeir ilə sənət?

Şair yaranan əmrə peşiman ola bilməz.

Səməd Vurğun
Məhkəməyə verdiyi ərizədə Məhmət Güləryüz, “Dövlətin sənətçisi ola bilməyəcəyini” iddia etmiş, məhkəmə rəssamın bu iddiasını haqlı saymışdı.Güləryüzə görə:

1) Dövlətin kimin onun sənətçisi olduğunu, kimin olmadığını müəyyənləşdirməyə haqqı yoxdur;

2) Bu seçimi edərkən dövlət obyektiv davranmayaraq vətəndaşlar arasında ədalətsizliyə yol verəcəkdir;

3) “Dövlət sənətçisi” ünvanı dövlətlə yaradıcı insan arasındakı çizgini aradan qaldıracaq ki, bu da ölkənin diktatorluğa sürüklənməsinə təkan verən önəmli bir faktor olacaqdır.

AZƏRBAYCANDAN BİR ÖRNƏK

Məhmət Güləryüzü yaxşı tanıyıram - bir gün İstanbuldakı “Artist” sənət qalareyasında tablosunun yanında azərbaycanlı bir rəssamın tablosunun asıldığını görəndə “Mənim əsərimi divardan endirin”-deyə biləcək qədər “qırmızı” adam olduğunu bilirəm...

Minə Kırıkkanat
Söz Azərbaycandan düşmüşkən - məmləkətdən də bir örnək verməyi “məqsədə uyğun” sayıram.

2006-cı ilin mayında Səməd Vurğunun 100 illik yubileyi keçirilirdi.

Vaqif Səmədoğlunun humanist diləklərlə dolu çıxışından sonra kürsüyə gələn bığlı xalq şairi “Azərbaycan” şeirinin müəllifinin yubileylərinin həmişə yüksək səviyyədə keçdiyini isbat etmək üçün belə deyirdi:

” Çünki onun 70 illik, 80 illik, 90 illik yubileylərinin yüksək səviyyədə keçirilməsi üçün fərmanı “O Kişi” verib”.

Bığlı şairin “Azərbaycan dilinin ən əzbər şeiri”nin (sərrast ifadə Vaqif Səmədoğlunundur) müəllifinin bir əsrlik yubileyindəki bu çıxışından sonra məni qorxu hissi sardı.

Çünki bığlı şair kürsüyə çıxandan sonra Səməd Vurğunun şairliyi bir tərəfdə qalmışdı; bığlı şair vahiməli bağırtısına ahəngdar şəkildə barmaqlarını tək-tək ovcunun içinə qatlayırdı – 70, 80, 90...

Xalqın qəlbini fəth etmiş bir şairin yubileyi mütləq fərmanla qeyd edilməlidirmi?

Fərman az imiş kimi, yuvarlaq yubuley günlərində yaradıcı adama bir də “zaslujennı” və ya “narodnı” adı lütf edilməlidirmi?

Fərman sahibi bir tərəfdə qalır - fürsəti fövtə verməyənlərin əlindən göz açmaq mümkün olmur ki?

ORXAN PAMUKUN XALQ YAZIÇISI ADINA EHTİYACI VARMI?

Bu “fəxri adlar” məsələsinə Türkiyədə münasibət necədir?

Avropa ilə 150 illik “kontakt”ın Türk toplumu üzərində yaratdığı sərbəstlik havası “fəxri adlar”a münasibətdə necə təzahür edir?

Nobel mükafatı laureatı Orhan Pamukun “Xalq yazıçısı” tituluna ehtiyacı varmı?

İlk sualı Türkiyənin Avropada ən çox tanınan yazıçılarından biri, Paris kitab yarmarkasının şərəf qonağı Minə Kırıkkanata veririk:


- “Dövlət sənətçisi” adına sizin münasibətiniz necədir?

- Dövlət ölkəni içəridə və qıraqda uğurla, ləyaqətlə, yurdsevərlik nümayiş etdirərək təmsil edən şəxslərə fəxri ad verə bilər. Fransada da bunun bəzi örnəkləri var. Ancaq bu adlar verilərkən sənətkarlara üstəlik maaş da verilmir. Mən Avropada sənətçisini maaşa bağlayan bir dövlət tanımıram.

- Niyə maaş vermirlər - bu, ölkəni diktatorluğa doğru apararmı?

- Eynilə elədir. Bu, kommunist iqtidarlarda olur. İqtidarları tərifləyən, qələmlə onların muşketyorluğunu edən adamlara mükafatlar, maaşlar verilir ki, bu da yaradıcılıq işində ayrı-seçkilik etməkdir. Dövlətin yaradıcı işdə ayrı-seçkilik etməyə haqqı yoxdur.

- Türkiyədə də bəzi yaradıcı adamlara verilib - ancaq həm onlar, həm də dövlət fəxri ad məsələsini o qədər də qabartmır...

- Türkiyədə də “hörmətli” və “ciddi” məfhumlarına uyğun gəlməyən bəzi adamlara da “dövlət sənətçisi” adı verilmişdir. Hökumətin başındakıların səviyyəsi fəxri ad vermək üçün seçilən sənətkarların keyfiyyətini də ortaya qoyur.Ona görə də Türkiyədə verilən “dövlət sənətçisi” adının mənim üçün heç bir hörməti yoxdur.

Orhan Taylanın bir rəsmi
- Sizin əsərlərini saziş imzaladığınız nəşriyyat çap edir. Əgər əsərlərinizi dövlət çap edib müəyyən qədər pulun da əvəzində susmağı təklif etsəydi, bunu qəbul edərdinizmi? Yoxsa əsərlərinizi özəl nəşriyyatda çap etdirmək sizi daha çox məmnun edir?

- Bu, başqa məsələdir. Mədəniyyət nazirliyi kitab çap etməlidir. Mənim yaxından tanıdığım Fransada da mədəniyyət nazirliyi kitablar çap etdirir, sərgilərin açılmasına dəstək verir. Ancaq bu, o demək deyildir ki, mənim kitabımı çap edən dövlət məndən ziyalı mövqeyimdə dəyişiklik istəsin. Və ya “dövlət sənətçisi” adı verib məni susdurmağa çalışsın. Gördüyü işə hörmət edən heç bir adam bunu qəbul etməz. Kitabın çapına dəstək verilə bilər-ancaq bunun yazıçının iqtidarı tənqid etməsi ilə heç bir əlaqəsi yoxdur.

- Bir də iqtidarlar o pulu ciblərindən vermirlər ki? Dövlətin puludur..

- Təbii ki.Onlar kitablarımızdan alınan vergilərdir. İqtidarlar bu pulu xərcləyib yaradıcı adamları özlərinin şeypurçuları edə bilməzlər. İqtidarla bu cür “saziş” imzalayanlara yaradıcı aləmdə heç vaxt yer olmayacaqdır. Dövlətin yaradıcı insanlarla münasibəti “mərhəmət” və “bağlılıq” məfhumları üzərində qurula bilməz.

“MƏNİM ÜÇÜN ƏN BÖYÜK MÜKAFAT İCTİMAİ RƏYDİR”

99-un “Dövlət sənətçiləri” siyahısında olan Roma incəsənət akademiyasının məzunu rəssam Orhan Taylan:

"Məhkəmənin qərarından sonra hökumət yeni bir sistemləşdirmə ilə “Dövlət sənətçisi” adını yenidən versə də, şəxsən mən gedib o fərmanı almadım. Üstündən çox keçəndən sonra bacım mənim yerimə gedib almışdı.

Sənət adamları olaraq biz mədəniyyət naziri kreslosunda mədəniyyəti sevən və ondan başı çıxan adamların oturmasını istərdik.

Ancaq bu bizə ölkənin mədəni siyasətinin düzgün istiqamətləndirilməsi baxımından lazımdır - fəxri adlar vermək üçün yox.

Mən Ecevitin 77-dəki mədəniyyət naziri Talat Halmanı hörmətlə xatırlayıram. Dediyim kimi, dövlətin sənətkarlara fəxri ad verməsinin əleyhinəyəm - bu, ölkədə sənətə baxışı dəyişdirdiyi kimi, dövlətlə yaradıcı insan arasındakı çizgini də ortadan qaldırır.

Bu durumda isə tərəflərin şəxsi mənafeləri tədavülə girir. Dövlətin də, yaradıcı adamın da vətəndaşlara qarşı ciddi məsuliyyətləri vardır. Bu məsuliyyət duyğusu tərəflər bir-birinin fəaliyyət sahələrinə girəndə aradan qalxır.

Öz adımdan bunu deyə bilərəm: mənim üçün ən böyük mükafat - ictimai rəy sorğularında sənətsevərlərin mənə verdiyi qiymətdir.

Buyursun, 2 nəfər küçəyə çıxıb ictimai rəyi yoxlasın -əsərlərim tanınırsa və sənətkar şəxsiyyətimə hörmət edilirsə-mənim üçün bundan böyük mükafat ola bilməz. Dövlətin əsas işi vətəndaşların sənət əsərləri ala bilmələri üçün milli gəliri artırması və düzgün bölüşdürməsidir.

Əgər belə olarsa, dövlət öz funksiyasını yerinə yetirə bilər.

Yoxsa fəxri adlar paylayıb yaradıcı adamları öz tərəfinə çəkməyə cəhd etməklə yox. Əslində fəxri ad alaraq özünü sənətkar hesab edənləri toplum heç vaxt sənətkar kimi qəbul etməyəcək".

TÜRKİYƏDƏKİ DÖVLƏT SƏNƏTÇİSİ NƏ DEYİR?

“Dövlət sənətçisi” adını daşıyan Türk klassik sənət musiqisi ifaçısı Tuncay Yılmazın fikirlərini öyrənərkən önəmli bir nüansla da tanış olduq. Məlum oldu ki, Tuncay Yılmaza bu ad fəxri titul kimi yox, dövlətdən maaş aldığı üçün verilibmiş.

- Dövlət sizə niyə maaş verir?

- Mədəniyyət nazirliyi ilə imzaladığım kontrakt var. Nazirliklə müəyyənləşdirdiyimiz təqvimə görə, il ərzində Türkiyənin müxtəlif yerlərində və ya əcnəbi ölkələrdə verdiyim konsertlərin əvəzində müəyyən qədər maaş alıram.

- Aldığınız maaş çoxdurmu?

- Çox deyil.Biz bu sahədə 11 nəfər musiqiçiyik. Mən dövlətdən aldığım pulun əvəzini xalqıma geri qaytarıram. Xalqıma layiq olmaq üçün çalışıram.

- Dövlət sizə mənzil, müvəqqəti yaşamaq üçün ev və ya bağ veribmi?

- Yox, qətiyyən. “Dövlət sənətçisi” statusunda imzaladığımız kontrakta uyğun olaraq öhdəliklərmi yerinə yetirirəm. Xaricdə yaşasam belə, Türkiyədə nəzərdə tutulan konsertlərimi vermək məcburiyyətindəyəm.

Mənə verilən titul və ya maaşın əvəzində iqtidarları tərifləməyimdən və ya “dövlətə bağlılığımı isbat”dan söhbət gedə bilməz. Məncə, dövlət-sənətkar münasibətlərində hər iki tərəf üçün məqbul sayıla bilinən bu status inkişaf etdirilə bilər.

Məsələn, mənim xaricdəki konsertlərimin təşkili üçün menecerlik sistemi yaradıla bilər ki, bu da hər şeydən əvvəl, Türkiyənin tanınması baxımından faydalı olardı. Mən bu işləri şəxsi əlaqələrimdən istifadə edərək görürəm. Məqsədim - dövlətdən aldığım müəyyən qədər pulu xalqıma sənət yolu ilə geri qaytarmaqdır...

Şərhə ehtiyac varmı, ey “dövlətinə bağlılığını” bağıraraq deklarasiya edən bığlı şair?

Bu fani dünyada şairə verilən əmr - şeir yazmaqdır; Allahın qullarından büt yaratmaq yox.

Unutma ki, sonuncu Peyğəmbər də bütləri qırmaq üçün göndərilmişdi və vəzifəsini ləyaqətlə yerinə yetirdi.

Yaratmaq qabiliyyətinin kimə məxsus olduğunu bilmirsənmi?

Allah - Taalanın bu qabiliyyəti verib tarixdə yaşatmaq istədiyi insanın bundan öz məqsədi üçün istifadə etməsi ən böyük günah və hətta suç deyilmi?

Eşitmirəm, ay qağa.


Bağırsana!!!!!!!!

Həmişə “70, 80, 90 illik” yubileylərdə.

Mən barmağımı qatlaya bilmirəm.

Ancaq Səməd Vurğunun epiqrafdakı şeirini əzbər bilirəm......
XS
SM
MD
LG