Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:44

Bir qrup nehrəmli niyə aclıq aksiyasına başlamaq istəyir?


Nehrəmlilər dükanlarının sökülməsinə etiraz edirlər, noyabr 2007

Nehrəm kəndinin Bakıda yaşayan bir qrup sakini pozulmuş hüquqlarının bərpası tələbilə aclıq aksiyasına başlayacaqlarını bəyan ediblər. Kənd sakini Sahib Hüseynov deyir ki, aclıq aksiyasına əl atmaları neçə illərdən bəri çətin vəziyyətdə yaşamaları ilə bağlıdır. Kənd sakinləri tələb edirlər ki, ya onların hüquqları qorunsun, ya da Bakıda onlara qaçqın statusu verilsin:

«Demək olar ki, biz nə qaçqınıq, nə də bilmirik kimik, özümüzə bir ad tapa bilmirik. Biz bilmirik Bakıda nə edirik, işimiz yox, evimiz yox. Çıxış yolumuz da yoxdur. Qaçqın kimi Qaçqınkoma müraciət edək, hara müraciət edək bilmirik».

Bir neçə il əvvəl iş dalınca Naxçıvandan Bakıya gələn nehrəmlilər, indi Bakıda işsiz qalıblar. Geriyə, Naxçıvana qayıtmağı isə özləri üçün təhlükə sayırlar:

«Özünüz bilirsiniz Naxçıvanda xanlıq rejimi necədir. Naxçıvanda vəziyyət çox acınacaqlıdır. Biz gedib orda adi bostan əkə bilmirik. İrandan Naxçıvana Allahın iki kiloqram bananını gətirə bilməzsən. Hər şeyi özününküləşdiriblər. Bu gün Naxçıvanda kartofun kiloqramı 1 manat 20 qəpikdir».

«…Ayda 250 manat kirayə pulu verirəm, kirayənin ödəmə vaxtı gəlib çatanda indi burda da iş tapmıram, bu pulu hardan verəcəyəm. Bəs mən ailəmi, uşaqlarımı necə dolandırmalıyam. Çıxış yolumuz yoxdur, məcburuq aclıq aksiyası keçirək, onsuz da acıq».

DİKTATURA REJİMİNDƏN QAÇQIN DÜŞƏNLƏR-QAÇQIN DEYİL

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev nehrəmlilərin belə bir addım atmasını siyasi baxımdan təsirli bir addım sayır,
Əlövsət Əliyev
amma onlara hansısa status verilməsi məsələsinin mümkünsüz olduğunu deyir.

«Heç bir şəxs vətəndaşı olduğu dövlətin ərazisində qaçqın statusu ala bilməz. Onlar digər vətəndaşlardan da heç bir üstün hüquqa malik deyillər ki, onlara münasibətdə hər hansı ayrı-seçkiliyə yol verilsin. Köçkün - işğal olunmuş ərazidən, zəlzələ, sürüşmə zonasından, dəniz suyunun qalxması nəticəsində ola bilər, amma diktatura hökm sürdüyü bir regiondan başqa bir yerə köçən şəxslərə köçkün statusu vermək olmaz».

Əlövsət Əliyevə görə, Muxtar Respublikada insan hüquqları ilə bağlı vəziyyət ciddi olduğundan buna siyasi rəhbərlik münasibət bildirməlidir. Birlik rəhbəri QHT-lər səviyyəsində məsələyə münasibətin nəyisə dəyişəcəyinə inanmır:

«Naxçıvanda insan hüquq və azadlıqlarının pozulması kütləvi hal alıb. Hətta insanlar Azərbaycanın digər bölgələrində istənilən statusu alıb yaşamağa razıdırlar, təki Naxçıvana qayıtmasınlar. Bu baxımdan da yaranmış vəziyyətə yüksək dövlət orqanları münasibət bildirməlidir».

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovsa hesab edir ki, iş dalınca müxtəlif müddətlərdə Bakıya gələn Muxtar Respublika sakinlərinin belə bir aksiya keçirməsi, özlərinə hansısa status istəməsi mümkünsüz bir iş olsa da, onlar üzləşdikləri problemləri hökumətin diqqətinə çatdıra bilərlər:

«Hökumət bunu araşdırsın və vətəndaşların tapdanmış hüquqlarını bərpa eləsin».

Sahib Məmmədov
Sahib Məmmədov deyir ki, hökumət vətəndaşların məşğulluğunu təmin eləməlidir, əgər etmirsə onda işsizliyə görə, təyin olunan müavinətlər verilməlidir: «Onlar ünvanlı sosial yardım və ya işsizliyə görə müavinət ala bilərlər, amma hökumət hamıya bir ev tikib vermək öhdəliyində deyil».

«NAXÇIVANDA NƏ VAXTDAN DİKTATURADIR?»


Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin sədr müavini Həsən Hacıyev isə nehrəmlilərin fikirlərilə razılaşmır. Həsən Hacıyevə görə, ölkə prezidenti öz çıxışlarında xeyli iş yerlərinin açıldığını deyir. İşsizlikdən şikayət edən nehrəmlilər işləmək istəmir bu başqa məsələ. Həsən Hacıyev Naxçıvanda diktatura rejiminin olması barədə deyilənləri də qəbul eləmir:

«Niyə diktaturadır, nə vaxtdan ora diktatura olub. Naxçıvana nə olub ki, bəyəm Naxçıvanda demokratiya yoxdur? Nehrəmlilər belə deyir, mən də onlar səhv edirlər deyirlər. Hər bir ölkədə problem ola bilər də, guya Amerika bizdən problemsiz gözəl bir ölkədir, hər yerdə bir problem olur».

Qaldı ki nehrəmlilərin sığınacaq istəməsinə, Həsən Hacıyev hesab edir ki, bu elə demokratiyaya bariz nümunədir.
XS
SM
MD
LG