"DÜNYA NƏDƏN YAZIR" SİLSİLƏSİNDƏN
Balaca Orhan “qanadlı” güzgünün qarşısında oturmağı çox sevir.
Anasının bəzəndiyi trümodur - bir vaxtlar Azərbaycanda da dəbdə idi – üzərində üç laylı güzgü var – ortadakı böyük laya sağdan və soldan iki “açılıb bağlanan” lay da bitişikdir.
Orhan “qanadlar”la oynamağı çox xoşlayır, özünün saysız-hesabsız əkslərinə gülür, dil çıxarır, hətta öz qulağının dibini də görə bilir...
Orhan Pamuk “İstanbul”da öz uşaqlığını belə xatırlayır.
Amma bu həm də borxesvari usta bir priyomdur, öz romanında Pamuk Türkiyəni də “qanadlı” güzgü qarşısında “əyləşdirir”, özünə müxtəlif rakurslardan baxmağa məcbur edir.
Bu dəfə güzgülər – avropalı səyyahların, yazarların xatirələridir.
AX, "YARAMAZ" FLOBER...
Türkiyədə yalnız türkləri dünyanın ən qonaqpərvər xalqı kimi göylərə qaldıran əcnəbiləri sevirlər.
Bəs Floberi necə? Məşhur fransız yazıçısı, “Madam Bovari”nin müəllifini...
“İstanbul”da oxuyuruq...
Gör "yaramaz" Flober müsəlman ölkəsi haqda nə yazır? - Türkiyədə fahişələrlə görüşüb, sifilisə yoluxub...
Amma Pamuk diqqəti ona yönəldir ki, bu cür “güzgü”dəki əksdən heç kəs danışmaq istəmir. Danışan da yəqin Floberi yalançı adlandırar.
Çünki təkcə Türkiyədə yox, əksər şərq ölkələrində belə təsəvvür var ki, bütün naqisliklərin, eybəcərliklərin, şərin mənbəyi Qərbdir. Sifilisə isə əzəldən Türkiyədə "firəngi" deyiblər...
“İstanbul”dakı başqa “güzgülər”də nə görmək olar?
DANIŞMAQ EYİBDİR, YOXSA SUSMAQ?
Bir çox səyyahların günahı nədir ki, onların diqqətini Türkiyəyə gələndə ilk çəkən - hərəmxana olur, bundan fahişəxana kimi bəhs edənlər də olur.
Türkiyədə belələrini qərəzli adlandırmaq dəbdədir, amma Pamukun yazılarından sual doğur, bəlkə hərəmxana başucalığı gətirən bir şeydir?
Bəlkə müsəlman ölkələrinin öz ziyalıları hərəmxanaları azmı tənqid ediblər. Mirzə Cəlil felyetonlarının birində - hərəmxana bir yana, hər kənddə bir arvad saxlayan kişiləri fahişəxanaları gəzənlərlə müqayisə edir...
Əlqərəz, bəs Türkiyədə hansı “güzgüləri” sevirlər?
Bu yerdə Pamuk ünlü türk yazarlarını xatırlayır – Tanpınar və Yəhya Kamal.
Onların öz ölkələrinə, xalqlarına sevgiləri elə hüdudsuzdur ki, hətta İstanbulun ən kasıb məhəllələri haqda yazanda da məhəbbət onların “gözünü örtür”, oradakı çamuru, səfalətin eybəcər üzünü görməyib, yoxsullara “çalış, əlləş-vuruş, sonda xoşbəxt həyata qovuşacaqsan” deyirlər.
Halbuki Pamuk yazır ki, həmin kasıb camaat getdikcə daha da yoxsullaşır...
Pamuk həyatı olduğu kimi göstərən güzgü olmaq istəyir...
LAP BİR KANALLI TELEVİZOR KİMİ
“İstanbul” öyrədir ki, ideologiyalara xidmət edən “əyri güzgülər”dir Türkiyəni üzündəki çopurları görməyə qoymayan, ölkəni müasir dünyadan geridə qoyan...
Siyasətçilərsə bu avamlığı – “Vətən, millət sevgisi” anlayışını o ki var öz məqsədləri üçün istismar edir.
Pamuk 50-ci illərdə - Yunanıstanla münaqişə zamanı Türkiyə rəhbərlərinin “xeyir-duası” ilə İstanbulun yunan məhəllələrinin talan edildiyini yazır...
Orhan Pamukun “İstanbul” romanı Şərq üçün bir demokratiya dərsliyidir. Güzgülər isə demokratiyanın təməlini təşkil edən fikir müxtəlifliyinin rəmzidir.
Yalnız müxtəlif güzgülərdəki əksləri müqayisə edəndə insan öz görünüşü haqda dolğun təsəvvürə sahiblənə - balaca Orhan kimi "qulağının dibini" görə bilər.
Həqiqət müxtəlif mövqelərin, fərqli informasiya mənbələrindən gələn xəbərlərin “toqquşması” anında - diskussiyalarda meydana çıxır.
Bir sınmış, bir də “qanadsız” güzgülər bədbəxtlik gətirir...
Həmçinin oxu
Herta Müllerin "PASSPORT"u: Diktaturanın "bac aldığı" namus