Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:23

İsrail rəsmilərinin Bakı səfəri və İran (TƏHLİL)


İlham Əliyev İsrail prezidenti Şimon Peresi qarşılayır, 28 iyun 2009
İlham Əliyev İsrail prezidenti Şimon Peresi qarşılayır, 28 iyun 2009
YƏHUDİ LOBBİSİ, VAŞİNQTON –BAKI MÜNASİBƏTLƏRİ

«Yəhudi lobbisi ABŞ-la Azərbaycanın münasibətlərinin yaxşılaşmasında kifayət qədər ciddi rol oynaya bilər. Altı aydır ki, ABŞ Azərbaycana səfir təyin etməyib. Bu, ciddi məsələdir. Azərbaycan bunu başa düşür və İsraillə münasibətləri açıq-aydın yaxşılaşdırmaqdan çəkinmir».

Bunu AzadlıqRadiosuna müsahibəsində «Ayna-Zerkalo» qəzetlərinin siyasi şərhçisi Rauf Mirqədirov İsrail rəsmilərinin Bakıya son günlər intensivləşən səfərlərini şərh edərkən deyib.

Vəfa Quluzadə
İsrailin xarici işlər naziri Avidqor Liberman keçən həftə Bakıda olub, bu ölkənin keçmiş baş naziri Ehud Olmert fevralın 16-da Azərbaycanda səfərdə olub. Keçən ilin yayında İsrailin prezidenti Şimon Peres Bakıda səfərdə olmuşdu.

AZƏRBAYCAN və İSRAİL: VƏTƏNDAŞ NİKAHINDAN EVLİLİYƏ

Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyir ki, indiyə qədər İsraillə Azərbaycan arasında rəsmilər səviyyəsində belə səfərlər olmazdı, iki ölkənin münasibətləri əslində normal olsa da, əsasən İranın reaksiyasından çəkinib bu münasibətlərini açıq-aşkar sərgiləmirdilər. Vəfa Quluzadə hesab edir ki, artıq rəsmi Bakı Təl-Əvivlə yaxşı münasibətlərini açıq-aşkar rəsmiləşdirib.

Bəs Əliyev hakimiyyəti niyə bu addımı atır? Vəfa Quluzadə də Rauf Mirqədirovun fikrini dəstəkləyir:

«Azərbaycan hiss edir ki, Qərblə əlaqələri normal deyil. Bir tərəfdən Amerika ilə soyuqlaşma var, digər tərəfdən Qərb ölkələrinin - Fransanın Ermənistana dəstəyi hiss olunur və gündən-günə güclənir. Azərbaycan ümid edir ki, İsrail vasitəsilə nəyəsə nail ola bilər».

BƏS İSRAİL AZƏRBAYCANDAN NƏ İSTƏYİR?


Bu suala «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin sədri Ərəstun Oruclu belə cavab verir:

«İsrail rəsmilərinin intensiv səfərləri göstərir ki, ciddi danışıqlar gedir. İsrail üçün Azərbaycanın hava məkanı çox önəmlidir. Xüsusilə də əgər İrana qarşı hərbi aksiyalar həyata keçiriləcəksə».

Başqa bir sual budur ki, İsraillə Azərbaycanın əməkdaşlığının İsraili yer üzündən silməyi təklif edən İran rəhbərliyi - Mahmud Əhmədinejatın reaksiyası necə ola bilər?

İRANIN REAKSİYASI

Ərəstun Oruclu
Ərəstun Oruclu hesab edir ki, belə reaksiya artıq var, fevralın 13-də Bakının mərkəzində dindarların aksiyası əslində, İranyönümlü qüvvələrin təşəbbüsü ilə keçirilib və rəsmi Bakıya qarşı bir təzyiq formasıdır.

«SƏHƏR» TELEVİZİYASI

İsrailin xarici işlər naziri Avidqor Libermanın Bakıya səfəri barədə xəbər yayılandan sonra İranın «Səhər» televiziyası Fələstin müharibəsi zamanı Qəzzədə qətlə yetirilən uşaqların görüntülərini yayıb. Süjetdə İsrail rəsmiləri, Azərbaycanın dövlət xəritəsi, prezidenti, ordusu göstərilib, İsrail-Azərbaycan bayraqlarının yanaşı kadrları, iki ölkə rəsmilərinin görüşləri nümayiş olunub. 2009-cu ildə İsrail prezidenti Şimon Peres Azərbaycana ilk səfərini edəndə də İran tərəfdən belə kəskin reaksiya olmuşdu.

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami ANS televiziyasına müsahibəsində deyib ki, «Səhər» TV bir televiziya kanalıdır və yaxşı olar ki, media hakimiyyətin mövqeyini müdafiə etsin.

ZAHİD ORUC: «AZƏRBAYCANIN İRANLA HESABLAŞAN DÖVRÜ ARXADA QALIB»

Hakimiyyətyönümlü Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc isə hesab edir ki, Azərbaycanın İsraillə münasibətini İrana görə qurmaq dövrü arxada qalıb, indi Azərbaycan artıq regionda mövqeyini möhkəmləndirib. Zahid Orucun fikrincə, İranın vaxtilə Azərbaycana ən müxtəlif formada göstərdiyi təzyiqlər öz faydasını vermədi və odur ki, rəsmi Tehran artıq məcbur qalıb Bakıya qarşı münasibətini yumşaltmaqdadır:

Zahid Oruc
«Onlar Azərbaycanla daha yaxın mövqeyə iddia edirlər. Hətta İranın səfiri Qarabağ danışıqlarında iştirak etmək istədiyini açıq şəkildə bəyan ediblər».

VƏFA QULUZADƏ: «İRANDAN AZƏRBAYCANA AÇIQ TƏZYİQ GƏLMƏZ»


Politoloq Vəfa Quluzadə də hesab etmir ki, indiki şəraitdə İsrail Azərbaycan yaxınlaşması İranın açıq-aşkar etirazına səbəb olacaq. Onun fikrincə, İranın başı indi nüvə məsələsinə, Qərblə mübahisələrə qarışıb və Azərbaycana ciddi şəkildə təzyiq etməyəcək.

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin sədri Ərəstun Oruclu isə hesab edir ki, İranın Xəzərdəki öz payında neft-qaz hasilatı işlərinə başlaması, Azərbaycanda ona simpatiyası olan dini dairələrlə əməkdaşlığı artıq Azərbaycana təzyiqdir.
XS
SM
MD
LG