Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:50

Əyalət müxalifəti «Qırmızı kitab»da…


ƏYALƏT MÜXALİFƏTİ ƏVVƏLKİ AKSİYALARIN TARİXLƏRİNİ UNUDUBLAR...

Cəlilabadda müxalifət partiyalarının yerli təşkilatların aksiyaları sonuncu dəfə 10 il, Lənkəranda isə 5 il əvvəl keçirilib. Astarada Masallıda, Lerikdə və Yardımlıda isə müxalifət partiyaları keçirtdikləri aksiyaların tarixini unudublar.

Əvvəllər rayonlarda müxalifətin yerli təşkilatları qərargah almaq və aksiya keçirtmək üçün tez-tez yerli icra orqanlarına müraciət edirdilərsə, indi belə hallara rast gəlmək də mümkün deyil.

Hər halda müxalifətçilər həm özləri, həm də hakim partiyanın nümayəndələri tərəfindən fəaliyyətsizlikdə günahlandırılırlar. Açıq şəkildə «rayonlarda müxalifət yoxdur» deyirlər.

«Cənub Xəbərləri» qəzetinin 31 yanvar tarixli nömrəsində AXCP Masallı rayon təşkilatının fəallarından biri Mətləb Dadaşov yazır:

«Bu gün Lənkəran müxalifətçilərinin 90-cı illərdəki fəallığı, cəsarəti böyük qibtə doğurub. Təəssüf ki, son illər Lənkəran müxalifəti bölgənin ən zəif müxalifətinə çevrilib. İstər seçki saxtakarlığına, istər məmur özbaşınalığına dözümlülükdə, istər özünü təqdim etməyi bacarmamaqda olduqca pis nümunə göstərir. Dəfələrlə qəzetimiz vasitəsi ilə onları meydana çağırsaq da, orada kimsənin səsi çıxmır».

Parlament seçkisi öncəsi Bakıda müxalifətin aksiyası, 2005
MÜXALİFƏT SEÇKİDƏN-SEÇKİYƏ YIĞIŞIR?…


Mətləb Dadaşovun dediyinə görə, müxalifət qüvvələri Masallıda da zəifdir. Müxalifət partiyalarının Masallı rayon təşkilatlarının hamısının qərargahı olsa da, orada yalnız seçkidən-seçkiyə yığışırlar. Bu isə, onun fikirincə, əslində müxalifətin yoxluğuna işarədir.

Müsavat partiyası Lənkəran rayon təşkilatın sədri Yadigar Sadıqov da rayonlarda müxalifətin zəif olduğunu gizlətmir. Lakin o hesab edir ki, bu hakimiyyətin müxalifətə sərt hücumlarından irəli gəlir.

AZƏRBAYCANDA AİLƏ PARTİYASI SİSTEMİ YARANIR?

«Müxalifət heç Bakıda da özünü göstərə bilmir. Azərbaycanda hərbi-polis hakimiyyətidir. Sonuncu dəfə 2005-ci ildə küçələrə çıxdıq. Səbəb olmadan dinc nümayişə çıxanları döydülər və həbs etdilər. Cəlilabada da 2000-ci ildə seçkilərlə bağlı keçirilən aksiyanı dağıtdılar. Bir qrup müsavatçını mühakimə etdilər. Onlara iş kəsdilər. Halbuki, onlar dinc aksiya keçirdirdilər. Aksiya keçirtməyə icazə vermirlər. Hakimiyyət zorakılıqla müxalifəti bütün resurslardan məhrum edir. Azərbaycanda bir partiyalı sistem, ailə partiyası yaradırlar».

Yadigar Sadıqov deyir ki, bir vaxtlar Lənkəranda sovet hakimiyyətinin fəaliyyətinə son qoyan müxalifət, indi, doğurdan da, özünün ən çətin dövrünü yaşayır:

«Müxalifət partiyaların adını çəkmək belə yasaq edilib. Belə olan halda kim müxalifətdə qalar? Müxalifət partiyaların üzvlərinin yarıdan çoxu xaricdədir. Bir çoxları partiyada fəaliyyətlərini dayandırıblar. Buna baxmayaraq, qanunla şərait yaradılsa müəyyən işlər görmək olar».

«MÜXALİFƏT SUSURSA, DEMƏK RAZIDIR»


YAP-ın Astara rayon təşkilatının sədr müavini Vaqif Ağayev isə hesab edir ki, müxalifət partiyaları yoxdur:

«Qeydiyyatdan keçən partiyalar, şübhəsiz ki, fəaliyyət göstərmiş olurlar. Bizdə isə müxalifət yoxdur. Müxalifət olsaydı, sözünü demiş olardı. Müxalifət partiyaların rayon təşkilatları susursa, deməli hamı indiki vəziyyətlə razıdır. Onlara qarşı təzyiq də yoxdur. Sərbəst danışa bilərlər, onların səsini onlardan alan da olmayıb».

Vaqif Ağayevin sözlərinə görə, ölkədə sabitlik var, qanun çərçivəsində hər kəs siyasi partiyalarda fəaliyyət göstərə bilər:

«İndiyə kimi dinc aksiya keçirtmək barədə icra orqanlarına müraciət edən olmayıb. YAP rayon təşkilatının yerləşdiyi iki mərtəbəli binada bəs qədər otaqlarımız var. Otağı olmayanlara burda şərait yarada bilərik. Həmin binada Milli Məclisin üzvünə də yer vermişik. Biz partiyaların rayon təşkilatlarını dialoqa çağırmağa hazırıq. Gəlsinlər, söhbət edək, onların problemlərini birlikdə həll edək».

Hüquqşünas Elman Hüseynov isə deyir ki, yerlərdə azad şəkildə siyasi fəaliyyət göstərmək üçün mükəmməl qanunvericilik olmalıdır. Mövcud qanunlarda isə boşluqlar kifayət qədərdir. Bu qanunlar cəmiyyəti tək partiyalı sistemə aparır.

ƏYALƏTLƏRDƏ MÜXALİFƏTÇİLƏR «QIRMIZI KİTAB»A DÜŞƏ BİLƏRLƏR?


«Rayonlarda müxalifət partiyaların yerli təşkilatların zəifləməsində Bakıda əyləşən rəhbərlərinin də günah var. Partiya rəhbərləri rayonlara çıxmırlar. Bəhanə gətirirlər ki, hakimiyyət qoymur. Bunun üçün yerli və beynəlxalq məhkəmələr var. Müraciət etsinlər. Digər tərəfdən partiyanın mərkəzi aparatlarının üçüncü və ya dördüncü adamları rayonlara gələndə deyirlər ki, özünüzü əziyyətə salmayın, hər şey Bakıda həll olunur».

Elman Hüseynovun fikrincə, əyalətlərdəki yoxsulluq, savadsızlıq və qorxu çoxlarını müxalifəti müdafiə etməyə imkan vermir.
XS
SM
MD
LG