Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:13

«Harada namaz qılan yoxdur, onları qeydiyyata alırlar»


 «İlahiyyat» məscidində Cümə namazı, 27 noyabr 2009
«İlahiyyat» məscidində Cümə namazı, 27 noyabr 2009
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, indiyə qədər 432 dini icma qeydiyyatdan keçib. Onlardan 13-ü qeyri-islam dini icmalardır. Bütünlükdə isə 800-ə yaxın dini icma qeydiyyat üçün komitəyə müraciət edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov deyir ki, onlar indiyə qədər yalnız iki dini icmaya yox cavabı veriblər.

«YƏHOVA ŞAHİDLƏRİ» VƏ «FATİMEYİ ZƏHRA» DİNİ İCMALARININ SƏNƏDLƏRİ GERİ QAYTARILIB

Bunlar «Yəhova şahidləri» və «Fatimeyi Zəhra» dini icmalarıdır. Şöbə müdiri bunu onların sənədlərinin qaydasında olmaması ilə izah edir.

«Fatimeyi Zəhra» dini icmasının rəhbəri Mirtofiq Rəsizadə deyir ki, komitədən onlara bildiriblər ki, əvvəlki təsisçilərin adları bu sənədlərdə qeyd edilməyib. Onlar yenidən sənədləri qaydasına salıb dövlət komitəsinə müraciət etmək niyyətindədirlər. Ancaq məsələ burasındadır ki, bu dini icmaya məxsus məscidin də sökülməsi ilə bağlı məhkəmə qərarı var.

«Dini etiqad azadlığı haqqında» Qanuna edilən son dəyişiklikdən sonra da dini icmalar yalnız məscid və digər ibadət yerlərində fəaliyyət göstərə bilərlər. Proses Apelyasiya Məhkəməsindən keçib, indi işə Ali Məhkəmə baxmalıdır. Bununla belə, Mirtofiq Rəsizadə ümid edir ki, həmin məscidin tikintisinə keçmiş prezident Heydər Əliyev razılıq verdiyindən indiki dövlət başçısı İlham Əliyev onun sökülməsinin qarşısını alacaq:

- Bu Allahın işidir. Biz əməlimizdə düz olsaq, yəni ibadətimiz kimi əməllərimizdə də düz olsaq, Allah yaxşı insanların üzünə bu məscidi bizə qaytarar.
Mübariz Qaçayev
Yəni o məmurların ürəyinə rəhm salar, məscidi bizə qaytararlar.

MÜŞFİQABAD DİNİ İCMASININ İŞİ DÜYÜNƏ DÜŞÜB?

Hələ iki il əvvəl «Əbu Bəkr» məscidində partlayışın baş verməsi və onun qapadılmasından sonra sələfi təriqətindən olan müsəlmanlar şəhərin ucqarlarındakı ibadət yerlərinə üz tutmağa məcbur oldular. İndi ibadətə gələn insanların kütləviliyi ilə seçilən məscidlərdən biri də Müşfiqabad qəsəbə məscididir. Ancaq Müşfiqabad dini icması da hələ ki, qeydiyyatdan keçməyib. İcmanın rəhbəri şeyx Mübariz Qaçayev:

HARADA NAMAZ QILAN YOXDUR, ONLARI QEYDİYYATA ALIRLAR…

- Elə məscidlər var ki, heç orada ibadət edən yoxdur, onları qeydiyyata alırlar. Yox hara çox insanlar gəlirsə, nədənsə onların qeydiyyatı gecikir. Mən bunun səbəbini bilmirəm, bunu bir özləri, bir də Allah bilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə deyir ki, Müşfiqabad dini icmasının sənədləri heç onlara daxil olmayıb:

Gündüz İsmayılov
- Qaradağ rayon Müşfiqabad qəsəbə dini icmasının sənədləri dövlət komitəsinə gəlməyibsə, onların qeydiyyatını biz necə yubada bilərik.

Mövcud qanunvericiliyə görə, qeydiyyat üçün müraciət edən dini icmalar əvvəlcə Qafqaz Müsəlmanları İdarəsindən rəy almalıdır. Sənədlər yalnız bundan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilir. Gün ərzində apardığımız araşdırmalardan məlum oldu ki, bu idarə də hələ ki, bizi dini icmalara heç müsbət rəy verməyib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev də bunu süründürməçilik yox, onların sənədlərinin qaydasında olmaması ilə izah edir:

SÜRÜNDÜRMƏÇİLİK YOXSA?

- Onlar sənədlərini düzəldə bilmirlər, sonra da ora-bura çıxıb deyirlər ki, süründürməçilikdir. Bu, düzgün deyil axı…

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimli isə deyir ki, əslində, sivil cəmiyyətlərdə dövlət özü dini icmaların qeydiyyatında maraqlı olmalı, bu prosesi mümkün olduğu qədər sürətləndirməlidir. Çünki bu dini icmalarla dövlətin əməkdaşlığının güclənməsinə xidmət edəcək.

İlqar İbrahimoğlunun fikrincə, əgər, bəzi dini icmalar sıxışdırılacaqsa, bu, cəmiyyətdə radikalizmin istər-istəməz güclənməsinə gətirib çıxaracaq.
XS
SM
MD
LG