Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:53

Prezident İlham Əliyev Nazirlər Kabinetində nədən danışdı?


«Bu gün Dağlıq Qarabağı kənarda qoyub bölgədə başqa məsələləri həll etmək nə dərəcədə düzgündür?! Tamamilə yanlışdır, tamamilə səhvdir və Azərbaycanın milli maraqlarına zidd olan mövqedir… Heç şeydən xəbəri olmayan, bölgədə gedən proseslərdən xəbəri olmayan tərəflər təzyiqlə, şantajla, qara yaxmaqla nəyə nail olmaq istəyirlər?! Biz bunu belə qəbul edirik. Bu açıq şəkildə Azərbaycanın maraqlarına zidd olan bir siyasətdir. Azərbaycan dövləti öz siyasətində adekvat addımlar atır və atacaqdır».

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasında deyib. Prezident bildirib ki, Dağlıq Qarabağla bağlı Azərbaycanın danışıqlarda konstruktiv mövqe tutduğunu, Ermənistanın isə müxtəlif bəhanələr gətirdiyini bildirib. İlham Əliyev imitasiya naminə danışıq aparmaq istəmədiklərini, Dağlıq Qarabağın statusunun yalnız köçkünlərin ora qayıtmasından sonra müəyyənləşə biləcəyini deyib.

ƏHALİNIN GƏLİRLƏRİ ARTIB


Ölkə iqtisadiyyatının dünya maliyyə böhranından sağ-salamat çıxdığını vurğulayan İlham Əliyev qiymətlərin çox az qalxdığını söyləyib. Onun sözlərinə görə, əhalinin pul gəlirləri artıb, prezientin təbirincə, bunu banklara qoyulan əmanətlərin 30 faiz artması göstərir.

«İKİLİ MÜHASİBAT»

Prezident çıxışında iqtisadiyyatın müxtəlif sektorlarında işləyənlərin bir hissəsinin qeyri-qanuni işlədiyini və onların maaşlarnın qanuni şəkildə almadığını, beləliklə, vergilərdən yayındıqlarını söyləyib:

«Bu sahədə müəyyən işlər görülüb. Ancaq bu işlər kampaniya xarakteri daşımamalıdır. Xatırlayıram, mənim bir çıxışımdan sonra bu sahədə çox ciddi tədbirlər görülməyə, ciddi nəzarət tətbiq edilməyə başlamışdı. Ondan altı-yeddi ay keçəndən sonra elə bil ki, nəzarət sanki bir az zəiflədi və biz bir növ yenə də elə köhnə vəziyyətə qayıtdıq. Yəni, bu məsələ daim ciddi araşdırılmalıdır».

ŞAMAXI-QƏBƏLƏ YOLU YENİDƏN ÇƏKİLƏCƏK

İlham Əlyiev nəqliyyat sektoruna qoyulan investisiya proqramlarından danışıb və bildirib ki, Bakı-Şamaxı yolunun genişləndirilməsi nəzərdə tutulur:

«Bu yaxınlarda nəqliyyat naziri mənə məlumat verib. Bu da çox vacibdir. Biz yolu yaxşı çəkdik, amma gərək genişləndirək, dördzolaqlı edək. Bu yolun davamı olan Şamaxı-Qəbələ yolunun böyük hissəsinin tikintisi bu il başa çatmalıdır və ondan sonra bu yol Balakənə qədər davam etməlidir».

BƏLƏDİYYƏ YOL ÇƏKMƏLİDİR


Prezident kəndarası yolların çəkilməsini bələdiyyələrin öhdəsinə buraxmağın tərəfdarıdır:

«Elə etməliyik ki, rayondaxili yollar, kənd yolları da təmir olunsun, salınsın. Bu sahə yerli icra orqanlarının sərəncamındadır. Onlara da lazımi səviyyədə vəsait verilməlidir ki, o işləri görsünlər. Eyni zamanda, bu işlər bələdiyyələrin xətti ilə görülməlidir. Əslində kənd yollarını bələdiyyələr inşa etməlidir. Azərbaycan dövləti bu funksiyanı öz üzərinə götürüb ki, məsələni tezliklə həll edək. Ancaq, bu, əslində bələdiyyənin işidir. Onlar yığılan vəsait hesabına kənd yollarını abad vəziyyətə salmalıdırlar və bu sahəyə dövlət nəzarəti daha da ciddi olmalıdır».

BENZİN DƏYİŞƏCƏK

Ölkə Prezidenti bu il Azəröaycanda benzinin keyfiyyətinin dəyişəcəyini bildirib:

«Bu ildən biz Avro-2 standartına keçirik. Hesab edirəm ki, bu da çox vacib addımdır. Mən şəxsən hesab edirəm ki, biz bu sahədə bir az gecikmişik. Bunu daha əvvəl etməli idik. Ancaq burada obyektiv səbəblər vardır. Neftayırma zavodlarımız uzun illərdir ki, fəaliyyət göstərir. Orada istehsal olunan yanacaq imkan vermirdi ki, biz Avro standartlarına daha da sürətlə keçək. Ancaq həm zavodların modernləşdirilməsi prosesi gedir, eyni zamanda, yeni neftayırma kompleksinin tikintisi nəzərdə tutulur. Biz elə etməliyik ki, dünyada, Avropada mövcud standartlara maksimum dərəcədə yaxın olaq. Avro-2-yə keçmək, sadəcə olaraq birinci mərhələdir. Biz elə etməliyik, Avropa İttifaqında bu sahədə olan standartlara maksimum dərəcədə yaxın olaq».

«BİZ QAZIN QİYMƏTİNİ BİLİRİK»


İlham Əlyiev «Nabukko»nu dəstəklədiyini bəyan edib:

«Mən ümid edirəm ki, «Cənub dəhlizi» layihəsi üzrə aparılan danışıqlar öz səmərəsini verəcəkdir. «Cənub dəhlizi» deyəndə, bütün Qərb istiqamətində gedəcək layihələr nəzərdə tutulub. O layihələr çoxdur, ona görə onları bir-birindən ayırmaq, məncə, düzgün olmaz. «Cənub dəhlizi» deyəndə, biz həm Nabukkonu, həm Türkiyə-Yunanıstan-İtaliya, həm də Transadriatik layihələrini nəzərdə tuturuq.

«Cənub dəhlizi»nin tərkibində olan bəzi layihələri icra etmək üçün əlbəttə ki, Azərbaycan ilə Türkiyə arasında qaz satışı və nəqli üzrə danışıqlar başa çatmalıdır. Danışıqlar uzun illərdir ki, gedir. Hesab edirəm ki, biz indiki mərhələdə danışıqları daha da sürətləndirməliyik. Elə etməliyik ki, dünyada, Avropada mövcud olan təcrübə tətbiq edilsin, istər qiymətlərin formalaşmasında, istərsə də nəqliyyat haqlarının razılaşdırılmasında. Bölgədəki tariflər bizim üçün bir nümunə ola bilər. Biz bu tarifləri bilirik».

«Biz çox istəyirik ki, «Cənub dəhlizi» layihəsi baş tutsun. Nəyə görə? Çünki ilk növbədə bu, bizim qazımızdır. Bizim qazımız üçün etibarlı, uzunmüddətli və qanunlarla tənzimlənən bazarlar lazımdır. İkincisi, əgər «Cənub dəhlizi» layihəsi baş tutarsa, o zaman biz, daha doğrusu, xarici tərəfdaşlarımız «Şahdəniz» yatağının ikinci fazasına investisiyaların qoyuluşuna başlayacaqlar. Çünki investisiyaların mütləq əksəriyyəti xarici tərəfdaşlar tərəfindən qoyulacaq. Onlar da hesablayırlar ki, bu, təxminən 20 milyard dollara yaxın olan investisiyalardır. Əlbəttə ki, Azərbaycan bundan fayda götürəcək».

«KİMİNSƏ GÜNAHINI AZƏRBAYCANIN ÜSTÜNƏ YIXIRLAR»

«Əgər bu layihələr baş tutarsa, Azərbaycanda qazın hasilatı indikindən ən azı 16 milyard kubmetr çox olacaq və ümumi hasilatımız 40 milyardı keçəcək. Ondan da çox ola bilər. «Cənub dəhlizi»nin həyata keçirilməsində ən maraqlı tərəf Azərbaycandır. Ona görə bəzi xarici kütləvi informasiya vasitələrində güya Azərbaycanın burada, lazımi dərəcədə iştirak etməməsi barədə sifarişli yazıları görəndə bu, sadəcə olaraq bizi, necə deyərlər, çox peşman edir. Bunları ya bilməyərəkdən, ya kiminsə təhriki ilə, ya da ki, bilərəkdən yazırlar. Bu, birinci dəfə deyil ki, kiminsə səhv mövqeyi güya Azərbaycanın qeyri-konstruktiv yanaşması kimi təqdim edilir. Kiminsə günahı ucbatından layihənin baş tutmamasının, yəni reallaşmamasının səbəbini sonradan Azərbaycan üzərinə yıxmaq istəyirlər ki, bizi günahlandırsınlar. Tamamilə əsassızdır. «Cənub dəhlizi»nin həyata keçirilməsində ən birinci maraqlı tərəf, ölkə Azərbaycandır».
XS
SM
MD
LG