Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:31

Isveç dövləti ədəbiyyata necə yardım edir?


Isveçliləri kitab oxuyan xalq adlandırmaq olar. Onların ən çox oxuduğu kitablar arasında bədii əsərlər (əsasən nəsr) də var, texniki ədəbiyyat da.

Ümumiyyətlə, tədqiqatlar göstərir ki, isveçlilərin 40 faizi hər gün mütaliə edir, ən azı kitabdan nəsə oxuyur. Qəzet-jurnallar da yaxşı satılır.

Bu bir zarafat deyil - isveçlilər hətta aldıqların

SÜDÜN, PENDİRİN QUTUSU ÜZƏRİNDƏKİ YAZILARI DA OXUYURLAR

Əhalisi təxminən Azərbaycan qədər olan bu ölkədə belə güclü oxu vərdişlərinin yaranmasında dövlətin də rolu danılmazdır.

Bir neçə il əvvəlcən İsveç kitab çapına ən yüksək əlavə dəyər vergisi qoyulan ölkə idi – nə az, nə çox 25 faiz.

Amma 2002-ci ildə nəşriyyatların üzərindəki bu yük xeyli yüngülləşdi. Belə yüksək vergi həm də kitabın qiymətində özünü büruzə verirdi.

Amma nəşriyyatların bu güzəştdən sui-istifadə etməməsi və kitabların ucuzlaşmasını təmin etmək üçün dövlət kitab qiymətlərinə nəzarət qurumu da yaratdı. Beləliklə, ƏDV-nin azaldılması kitab alanların sayının artması ilə nəticələndi.

Müqayisə üçün qeyd edək ki,

AZƏRBAYCANDA KİTAB ÇAPINA 18 FAİZ ƏDV QOYULUB

yalnız uşaq ədəbiyyatı və dərsliklərin çapı bu vergidən azaddır.

İsveç dövlətinin kitab nəşrinə yardımının tarixi heç də bir neçə il deyil.

ƏDV-nin azaldılması bütövlükdə kitab nəşri sektoruna köməkdir.

Uppsala Universiteti (15-ci əsrdə yaradılıb)
Bundan başqa dövlət kitab çapı sahəsinin seçmə bölümlərinə də kömək edir.

Məsələn, hələ 1975-ci ildən etibarən dövlət çap edilən kitabların yüksək keyfiyyətinin qorunması və insanların ən müxtəlif mövzularda keyfiyyətli kitablarlar əldə edə bilməsi üçün yardımlar ayrırır. O cümlədən sanballı bədii əsərlərin.

Çünki bazar iqtisadiyyatı şəraitində bəzi nəşriyyatlar aşağı keyfiyyətli, amma tez bir zamanda çoxlu gəlir gətirən kitabların çapına meyl edirlər.

Bunun mənfi effektini azaltmaq üçün dövlət, daha doğrusu İsveçin Mədəniyyət məsələləri üzrə Milli Şurası nə edir: dərhal gəlir gətirməyəcək, tirajı az olacaq, amma dövlətin mədəni siyasəti baxımından vacib olan konkret kitabların - elmi, bədii əsərlərin, tərcümələrin çapı üçün nəşriyyatlara yardım ayırır.

Bu yardıma görə,

NƏŞRİYYATLAR BELƏ KİTABLARIN ÇAPI RİSQİNİ ÖZ ÜZƏRLƏRİNƏ GÖTÜRMƏYƏ

razı olurlar.

Şura hər il 700-750 belə əsər seçir və onların çapı üçün nəşriyyatlara yardım ayırır (şuraya müraciət edən müəlliflərin sayı adətən bu rəqəmdən iki dəfə çox olur).

Həmin kitabları müstəqil peşəkar qruplar seçir.

Seçimdə yeganə meyar həmin əsərlərin keyfiyyətidir. Bu o deməkdir ki, hətta Nobel mükafatı almış müəllifin əsəri rədd edilə bilər.

Hər cür seçim subyektivdir, amma İsveçdə bu sistem yaxşı işləyir, indiyəcən tək-tük kitabın dövlət hesabına çapı mübahisə doğurub.

Hər il belə yardımlara dövlət büdcəsindən

500 MİN AVRODAN ÇOX PUL AYRILIR

Dövlət yardımı hesabına çap olunacaq kitabları seçən qruplarda yazıçılar, tərcüməçilər, ədəbi tənqidçilər, kitabxanaçılar və konkret sahələr üzrə ekspertlər təmsil olunur.

Stokholm
Qruplar ildə 4-5 dəfə toplaşırlar, hər bir əsəri azı iki nəfər oxuyub bəyənməlidir.

O ki qaldı dünya ədəbiyyatından tərcümələrə, İsveç dilində olmayan əsərlərin çapına üstünlük verilir.

Əgər böyük nəşriyyatlar üçün dövlət yardımıyla kitab çap etmək elə bir ciddi stimul deyilsə, kiçik və orta nəşriyyatlar üçün bu, həyati əhəmiyyətlidir.

Dövlət dili əsasən uşaq kitabları ilə qavranıldığı və inkişaf etdirildiyi üçün İsveçin ədəbiyyat siyasətində uşaqlar üçün ədəbiyyatın çapına yardım mərkəzi yer tutur.

Televizya, İnternet və başqa müasir mənbələrlə ciddi rəqabət vəziyyətində olsa da, İsveçdə uşaq və yeniyetmələrin mütaliə səviyyəsi stabildir.

Uşaqların mütaliəsi üçün nəzərdə tutulan kitabların alınması üçün dövlət büdcəsində kitabxanalara pul ayrılır. Bu pulun çoxu məktəblərin kitabxanalarına verilir.

(Bu mövzuda - başqa dünya ölkələrinin ədəbiyyat siyasəti haqda da yazılarımız olacaq)
XS
SM
MD
LG