Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:41

Həbsxanalarda Avropa standartları – var, yoxsa olacaq?


Yaşar Ağazadə
Yaşar Ağazadə
... Dörd il əvvəl 11 saylı cəzaçəkmə müəssisəsindəki klubun divarına vurulmuş Avropa Şurasının 12 ulduzlu bayrağına işarə edən həbsxana əməkdaşlarından birinin fəxrlə «axı biz Avropa standartlarını tətbiq edirik» deməsini onun yanındakı məhbusun istehzalı gülüşlə qarşıladığını görmüşdüm. Həmin vaxt oradakı məhbuslar hər şeyin görüntü xatirinə olunduğunu, əslində Avropa standartlarının deyil, neçə illərdir kök salmış köhnə qaydaların yaxşı işlədiyini deyirdilər.

O dövrdə və ondan əvvəl də bu sahəyə məsul olan dövlət məmurları Azərbaycanın cəzaçəkmə yerlərində beynəlxalq standartların tətbiq olunduğunu, böyük islahatlar aparıldığını deyirdilər. 2008-ci ildən isə Avropa Şurası Ədliyyə Nazirliyi ilə birlikdə «Azərbaycanda Həbsxana İslahatlarına Dəstək» layihəsi həyata keçirib və bu layihənin icrası bu günlərdə başa çatıb.

Bu müddət ərzində həbsxanalarda Avropa standartlarına uyğun islahatlar həyata keçirilməsi üçün ehtiyaclar müəyyənləşdirilib. Bura tibbi xidmət təminatının inkişaf etdirilməsi, həbsxana işçilərinin peşəkar bacarıqlarının səviyyəsini artırmaq, məhbusların insan haqlarını müdafiə üçün dəstək göstərmək daxildir.

ƏSL REALLIQ BAŞQA CÜRDÜR

Bir ilə yaxın həbsdə olmuş «Müxalifət» qəzetinin əməkdaşı Yaşar Ağazadə deyir ki, məmurlar islahatlardan çox danışmağı sevsələr də, Azərbaycan həbsxanalarında əsl reallıq başqa cürdür:

Hüseyn Əlixanov
«Saxlanma şəraiti pisdir, 20 dustaq saxlanmalı yerdə az qala 40 dustaq saxlanılır. Yayda 40 dərəcə isti olur. Ventilyasiya sistemi yoxdur. Mən görməmişdim, ancaq dustaqlar deyirdilər ki, qışda həddindən artıq soyuq olur. Qida rasionunda nəzərdə tutulan yeməyin ancaq 35-40 faizini verirlər. Nəzarətçilərlə məhkumların münasibəti pisdir».

«OBŞAK», QANUNİ OĞRU PROBLEMLƏRİ ARADAN QALDIRILIB

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin rəis müavini Hüseyn Əlixanov isə deyir ki, problemlər ancaq cəzaçəkmə yerlərinin yerləşdiyi binalarla bağlıdır. O deyir ki, yeni cəzaçəkmə müəssisələri tikiləndən sonra problem də olmayacaq:

«Mən deyərdim ki, Avropa ölkələrinin çoxunda problemlər daha çoxdur. Bizdə indi «obşak», qanuni oğru problemləri aradan qaldırılıb. İndi Azərbaycanda belə şeylər yoxdur. Bunlar özü müsbət cəhətlərdir. Problemlər ondan ibarətdir ki, bizim müəssisələrin əksəriyyəti köhnə binalarda yerləşir. Həmin yerlərdə istədiyimiz Avropa standartlarına uyğun şəraitin yaradılması bəzi hallarda çətinlik yaradır. Artıq beş yerdə cəzaçəkmə yerləri tikilir. İki il ərzində müəssisələrin binaları dəyişiləcək, hər şey yüksək səviyyədə təşkil olunacaq».

Avropa Şurasının Azərbaycandakı nümayəndəsi Veronika Kotek isə deyir ki, əməkdaşlıqla bağlı əldə olunan nəticələrə gəldikdə, əksər hallarda həbsxanalarla bağlı dəyişiklikləri görmək çətin olur.
Veronika Kotek
O deyir ki, səhiyyə xidmətinin yaxşılaşdırılması, həbsxana əməkdaşları üçün təlimlər təşkil etməklə onların Avropa standartlarına daha yaxşı bələd olmasına çalışırlar:

SÖHBƏT MÜNASİBƏTİN, DAVRANIŞIN DA DƏYİŞDİRİLMƏSİNDƏN GEDİR

«Həbsxanalarda islahatların başa çatmasına gəlincə, ümumiyyətlə bu islahatların nə vaxtsa başa çatması mümkün deyil. Çünki burda söhbət binaların, şəraitin dəyişdirilməsindən deyil, münasibətin, davranışın da dəyişdirilməsindən gedir. Avropa İnsan Haqları Məhkəməsi yeni qərarlar qəbul edir, yeni standartlar yaranır. Ona görə də bütün üzv dövlətlər öz sistemlərini o qərarlara görə yenidən nəzərdən keçirməlidirlər. Məhkumların hüquqlarının pozulması ilə bağlı iddialar isə hər zaman olacaq. Vacib olan odur ki, həmin iddialar ciddi qəbul edilsin, onların dərindən və ciddi araşdırılması üçün kifayət qədər tədbirlər görülsün».

ABŞ Dövlət Departamentinin 2009-cu il Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatında da bildirilirdi ki, vəziyyətin mütəmadi yaxşılaşdırılmasına baxmayaraq, həbsxanalarda şərait yenə ağır və təhlükəli olaraq qalır. Cəzaçəkmə yerlərində məhbuslar çoxdur, lazımı qidalanmanın, istilik və ventilyasiya sisteminin, yaxşı tibbi şəraitin olmaması xəstəliklərin genişlənməsinə səbəb olur.
XS
SM
MD
LG