Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:41

Mühafizəkarların dəyişiklik istədiyi seçkilər


Qordon Braun
Qordon Braun
Mayın 6-da Britaniyada səsvermə hələ başlamamışdan hər kəs bir ağızdan seçkidə kimin udacağını olmasa da, kimin uduzacağını rahatca proqnozlaşdırırdı. İstər sorğular, istər ekspertlər, istərsə də adi seçicilər indiki iqtidarın- Leyboristlər Partiyasının əvvəlki seçkidən çox az səs toplayacağını deyirdi.

Hətta bu seçkilərdə heç bir partiyanın parlamentdə lazımi qədər yer tutmayacağını və son 30 ildə ilk dəfə koalisyon hökumət qurulacağını iddia edənlər və bunun qarışıqlığa yol açacağını deyənlər də vardı.

Seçki kampaniyasının gedişində öz partiyasının seçicisi olan qadınla adı qalmaqala qarışan baş nazir Qordon Braun da koalisyon hökumətin ümumi siyasətin ziyanına olacağını iddia edirdi.

Qordon Braun: «Gəlin leyboristlərin yanında olun ki, bu ölkə üçün ehtiyacımız olan – Leyboristlər Partiyasının parlamentdə çoxluqda olmasını təmin edə bilək».

Son sorğuların nəticələrinə görə, Baş nazir Qordon Braunun Leyboristlər Partiyasını dəstəkləyənlərin sayı Devid Kameronun Mühafizəkarlar Partiyasından 7 faiz geri qalırdı.

DƏYİŞİKLİYƏ SƏS VERİN

Devid Kameron: Dəyişikliyə səs verin
Kameron ABŞ prezidenti Obama kimi, bu seçkiyə dəyişiklik vədiylə qatılmışdı. Devid Kameron:

«Dəyişikliyə səs verin, mühafizəkarlara səs verin, bu ölkəyə ümid vermək, dəyişiklik etmək üçün səs verin. Birlikdə biz daha güclü, daha yaxşı dövlət qura bilərik».

Kameron son sorğulara əsasən öndə olduğunu bilsə də, seçiciləri dəyişiklik vədi verən digər partiyaya inanmamağa çağırırdı. Söhbət Britaniya siyasətində həmişə yarışın içində olan, amma heç vaxt qalib gələ bilməyən və koalisiya ortağı kimi kökumətə qatılan 3-cü iri partiyadan – liberal-demokratlardan gedir.

Bu dəfə liberal-demokratlar həmişəkindən daha güclü görünürlər. Liderlər arasındakı televizya debatlarında hər kəsdən yaxşı təsir bağışlayan «Lib-dem»lərin lideri Nikk Kleqq seçki kampaniyasını «köhnəliyi unudun, yenilərə şans verin» prinsipi üzərində qurmuşdu.

Nikk Kleqq: «Seçim etmək vaxtıdır. Keçmişin köhnə siyasətçiləri və gələcəyin yeni, fərqli siyasətçiləri arasında seçməyin vaxtı çatıb».

LEYBORİSTLƏRDƏN BÜTÜN ÖLKƏ BEZİB

Britaniya vətəndaşlığı və səsvermə hüququ olan azərbaycanlılar da seçkilərdə fəal iştirak ediblər. Düzdür, Londondan Nazim Şəfiyev deyir ki, əvvəlcə heç seçkiyə qatılmaq isməyib:

«Çünki bu siyasi qüvələrin heç birinə ümidim yox idi. Leyboristlərdən bütün ölkə bezib, mühafizəkarlar da elə ümidverici deyillər, qalır «lib-dem»lər. Onlar hələ hakimiyyətdə olmayıblar. Ümid etmək olar ki, onlaq qalib gəlsə, bu ölkədə nəsə dəyişər».

11 ildir Britaniyada olan Mehman Hacıyev isə əvvəlki seçkilərdə leyboristləri - fəhlə partiyasını dəstəkləyib, amma bu dəfə fikrini dəyişib:

ONLARDAN HƏR KƏS NARAZIDIR

Nikk Kleqq: Seçim etmək vaxtıdır
«Biz umduğumuzu onlarda tapmadıq. Onlardan hər kəs narazıdır. Ona görə də liberal-demokratlara səs veririk. Mühafizəkarlar adətən irqçi və gəlmələrə qarşı siyasəti də dəstəklədiklərindən, onlara səs verməyi heç düşünmürəm».

Amma iş ondadır ki, Britaniyanın seçki sisteminə əsasən əhalinin sıx yaşadığı böyük şəhərlərdə tərəfdarları çox olan partiyalar daha çox mandat əldə edə bilir. Parlamentdə isə daha çox mandat qazanan partiya hökuməti formalaşdırır, ikinci olan isə əliboş qalır. Yəni, bəzən elə ola bilər ki, hər hansı partiyaya ölkə seçicilərinin çoxu səs versə də, seçkidə başqa bir partiya qalib gəlsin. Buna görə də, liberal-demokratları dəstəkləyənlər bütün ölkə üzrə çox görünsə də, ekspertlər onların təkbaşına qələbəsinin imkansız olduğunu düşünür.

Bu dəfəki seçkidə 44 milyon britaniyalı iştirak edə bilər və ilkin nəticələr artıq gecə yarısında məlum olacaq.
XS
SM
MD
LG